“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin nüfuzundan xəbər verir”
Ekskluziv
369
15:03, Bu gün

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin nüfuzundan xəbər verir”

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması, habelə Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, həbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Tramp administrasiyasının dövlətimizə göstərdiyi etimad Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir:

“Donald Trampın Ağ Ev rəhbərliyinə gəlməsindən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələyə şahid olmaqdayıq. Buna səbəb Prezident İlham Əliyevin hər zamankı kimi ABŞ-la münasibətlərin inkişafına xüsusi maraq göstərməsi, Tramp administrasiyasının isə sələflərindən fərqli olaraq ölkəmizə münasibətdə səmimi və ədalətli mövqe sərgiləməsidir. Məhz qarşılıqlı inam və etimadın nəticəsidir ki, Azərbaycan yeni dünya nizamının nəticəsi olaraq meydana gələn Sülh Şurasında təmsil olunmaqda, bir-birindən maraqlı təklif və təşəbbüslərlə çıxış etməkdədir.

Prezident İlham Əliyevin fevralın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı, iclas zamanı Donald Trampın dəfələrlə dövlət başçımıza xitab etməsi, onun siyasi fəaliyyətini dünya liderlərinin gözü qarşısında aşkar şəkildə təqdir etməsi Azərbaycanın qlobal güclər səviyyəsində qəbul edildiyini, ölkəmizin siyasi iradəsi ilə super güclərin belə razılaşdığını göstərir”.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Qəzzanın bərpası prosesində də aktiv iştirak edə bilər:

“Sülh Şurasının ilk iclasında müzakirə edilən əsas məsələlərdən biri Qəzza ilə bağlı idi.

Bildiyiniz kimi, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bir neçə ildir ki, geniş təmir-tikinti və abadlıq işləri həyata keçirir, bu sahədə zəngin təcrübəyə malikdir. Azərbaycan bu təcrübədən Qəzzanın bərpası prosesində də istifadə edə, müharibə nəticəsində viran qalan ərazilərin yenidən dirçəldilməsinə töhfə verə bilər. Ehtimal ki, ABŞ və Sülh Şurası Azərbaycanın bu təcrübəsindən Qəzzanın yenidən inşasında istifadə edəcək.

Xatırladım ki, Azərbaycan zaman-zaman BMT institutları vasitəsilə Fələstinə humanitar yardımlar göstərib, müharibədən əziyyət çəkən insanların sosial təminatının yaxşılaşması istiqamətində konkret addımlar atıb. Bu baxımdan, yaxın gələcəkdə Azərbaycanın bu sahədəki fəaliyyətini də genişləndirməsi gözləniləndir.

Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan yaxın gələcəkdə Sülh Şurasındakı aktivliyini daha da artıracaq və daha təhlükəsiz dünyanın formalaşmasına töhfə verəcək”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər