“Amerikanın İrana qarşı quru əməliyyatları aparacağı ehtimalı çox azdır...”
Ekskluziv
190
13:33, Bu gün

“Amerikanın İrana qarşı quru əməliyyatları aparacağı ehtimalı çox azdır...”

“Qərb dövlətlərinin məqsədi əsasən, ruhani qanadının və teokratik qüvvələrin aktiv siyasətdən çəkilməsidir. Bu, daha real bir ssenaridir...
 
“Hesab edirəm ki, ABŞ və İran arasında qapalı müzakirələr davam edir. Yəni, bu müzakirələr rəsmi olmasa da, tərəflər birbaşa və ya vasitəçilər vasitəsilə danışırlar və danışıqları davam etdirirlər. Çünki, belə deyək, İranın siyasi elitası müəyyən şərtləri qəbul etməyə məcbur edilir. Amma onlar çətinlik çəkirlər. Çünki sabah onlara irad tuta bilərlər ki, siz təzyiq altında bir çox şərtləri qəbul etdiniz. Buna görə də danışıqların təfərrüatları ictimaiyyətə çatdırılmır. Lakin mən hesab edirəm ki, əsas mövzu İranın hakimiyyətindəki dəyişiklik məsələsidir. Burada tam bir dəyişiklikdən yox, İran rejiminin transformasiyasından söhbət gedir.” 
 
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Moderator.az-a açıqlamasında bu günlərdə İran ətrafında baş verənlərə münasibət bildirərkən ifadə edib.
 
“Görünür,  Qərb dövlətlərinin məqsədi əsasən, ruhani qanadının və teokratik qüvvələrin aktiv siyasətdən çəkilməsidir. Bu, daha real bir ssenaridir. Çünki İran hakimiyyətində birdən-birə köklü dəyişikliklər baş versə, bunun nəticəsində bir çox təhlükələr meydana çıxar. Məsələn, nəinki ölkədə, regionda da sosial və enerji bazarında problemlər yaranması qaçılmaz olar. Ona görə də İran üzərindəki gözə görünməyən təzyiqlər davam edir. Və əgər İran bu təmasları davam etdirirsə, deməli, o da hərbi əməliyyatların bərpasını istəmir. Amma eyni zamanda, bu çərçivədə hansısa məqsədlərə nail olmaq niyyətindədirlər. Mən belə düşünürəm”, -deyə davamında Tofiq Zülfüqarov diqqətə çatdırıb.
 
“Belə görünür ki,  hərbi əməliyyatların başlanması ehtimalı hələ də mövcuddur” fikrinə isə sabiq baş diplomat belə münasibət bildirib: 
 
“Bilirsiniz, İrana qarşı hərbi əməliyyatlardan danışarkən reallığı nəzərə almalıyıq. Bu baxımdan Amerika tərəfindən quru əməliyyatlarının aparılacağı ehtimalı çox azdır. Amma konkret hədəflərə, hərbi obyektlərə zərbələrin endirilməsi ssenarisi çox realdır. İlk növbədə hərbi obyektlərə hücumlar ola bilər. Lakin müəyyən mərhələdə kritik infrastruktur obyektlərinin də hədəfə alınması mümkündür. Bu günlərdə İsraildəki və bu ölkəyə yaxın siyasi şərhçilər belə hədəflərin vurulacağı ehtimalını da İrana qarşı bir  təhdid olaraq istifadə edirlər. Əvvəlki söhbətlərimizdə qeyd etdyimiz kimi, Fars körfəzindəki limanlarda İranın yetərincə kritik infrastrukturları, o cümlədən benzin istehsal edən müəssisələri var ki, onlar da zərbələrə məruz qala bilər. Bir sözlə, hər iki tərəf özü üçün belə təhlükəli məqamları nəzərə alaraq siyasi danışıqları hələ də davam etdirir…”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər