“ABŞ devalvasiya yolu ilə istədiyi vaxt Rusiyanın iqtisadiyyatını dağıda bilər. Ancaq bunu etmir, çünki...”
Siyasi analitik Tahir Cəfərli dünyada baş verən hərbi-siyasi proseslərlə bağlı Moderator.az-a hadisə və proseslərə fərqli baxışlarla müşayiət olunan növbəti maraqlı müsahibə verib.
-Tahir müəllim, seyirsiz ki, 15 avqust 2025-ci ildə Alyaskada Putin-Tramp görüşünün mahiyyəti ABŞ-la Rusiya arasında sovet dövründən qalmış Paritet siyasətinin qüvvədə qaldığını göstərmək idi. Bu yandan da göstərirsiz ki, Yeltsini də, Putini də Amerika hakimiyyətə gətirib. Rusiyanın nə qədər pul kəsməsini Beynəlxalq Valyuta Fondu, yəni dolayısıyla Ağ Ev müəyyənləşdirir. Belə çıxır ki, Rusiya faktiki olaraq Vaşinqtondan, Nyu-Yorkdan idarə olunur. Elə isə Paritet siyasətini bərpa etməyə nə ehtiyac var?
-Əvvəla, onu deyim ki, Rusiya rublunun dediyimiz hala düşməsi barədə “You Tube” kanallarında Rusiyanın tanınmış yazıçısı –publisisti və tarixçi alımi Dövlət Dumasının deputatı Nikolay Starikovun “Rus rublu haqda” çıxışında və bu mövzudakı digər materiallarda geniş danışılıb. (Videonu
burada: izləyə bilərsiz )
O ki qaldı ABŞ-ın Paritet siyasətinə qayıtmasına əlbəttə ki, SSRİ-ni dağıdandan sonra yeganə fövqəl dövlətə çevrilmiş Birləşmiş Ştatlar da özündən asılı olmayaraq dağılmağa başlamışdı. Bu dağıntının qarşısını almaq üçün ABŞ yenidən Rusiyanı öz siyasi rəqibinə çevriməli idi ki, iqtisadiyatını bərpa etsin.
Bu saat ABŞ-ın Avropa İttifaqının əli ilə Ukraynada apardığı hibrid müharibənin mahiyyəti ilk növbədə elə bu İttifaqı dağıtmaq, Rusiyanı ikinci fövqəl dövlətə çevirməklə, bəşəriyyət üzərindən Üçüncü dünya müharibə təhlükəsini götürmək, İkinci soyuq müharibəyə başlamaqdır ki, dünyanın tarazlığı saxlanılsın. Bunların nəticəsində ABŞ-ən məqsədi iqtisadiyyatını dayanmadan inkişaf etdirməklə onun düşərgəsində yığışmış ölkələr üzərində diqtəsini qorumaqdır. Paritet siyasətinin mahiyyəti elə budur. ABŞ anlayır ki, başqa yolla getsə, dünya dağılacaq...
-Əgər Amerikanın, dediyiniz kimi, Rusiyanı faktiki idarə etmək imkanı varsa, bəs o halda niyə 1990-cı illərdən bəri onu özü kimi Avropa ölkələri kimi normal, seçkili hakimiyyət olan demokratik bir dövlətə çevirməyə çalışmasa da, əksinə, əvvəlcə Yeltsin kimi bir psevdo-demokratı, sonda isə Putin kimi diktatoru hakimiyyətə gətirdi?
-Bizim bədbəxtliyimiz ondadır ki, biz indi demokratiyaya , vaxtilə kommunizmə inandığımız kimi inanırıq. Demokratiya oyunu ABŞ-ın dövlətçilik prinsipidir. İndiki dövrdə rəqib ölkələri dağıtmaq üçün dağıdıcı bir alətdir. Bir ölkə göstərin ki, ABŞ ora demokratiya gətirib? Əksinə hara ayaq basıb, oranı xarabalığa döndərib. Əfqanıstan. Suriya, Liviya, İraq , Misir və s. 1990-cı illərdən bu günədək Amerika və müttəfiqləri “demokratikləşmə” adı altında 14 milyon müsəlmanın qanına bais olublar...
Oxuculara elə gəlməsin ki, bu silsilə müsahibələrdə deyilən tezislər əsassızdır. Hər tezisin arxasında analitik mərkəzimizin geo-siyasi hadisələrin və faktların ciddi elmi və siyasi tədqiqatları durur. Biz sadəcə olaraq sadə dildə onları oxucularımıza çatdırırıq. Tezliklə bu tezislər rus dilində “ Dünya İkinci soyuq müharibə ərəfəsində” adı altında işıq üzü görəcək...
Acı həqiqət olsa da biz bunları bilməliyik: hadisələri ümumiləşdirib deməliyik, dünya bu saat bir nöqtədən idarə olunur. Bu ABŞ-dır və dünya ölkələri onun diktəsindən çıxmaq üçün effektiv yollar axtarırlar...
Dünyada qardaş dövlətlər yoxdur, bir-birini didməyə hazır olan qardaşlar var. Hansı güclüdürsə, hansı bicdirsə, o qalib gəlir. İstəsək də, istəməsək də bu, acı həqiqətdir. Biz bütün proseslərə bu nöqteyi-nəzərdən yanaşmalıyıq ki, nağıllara inanmayıb, sayıqlığımızı itirməyək...
ABŞ Rusiyaya heç də dost ölkə kimi baxmır. Onun əlində istənilən qüvvə vardır ki, bu ölkəni darmadağın etsin. “Bəs niyə bunu etmir?” sualının cavabını tapmaq çox çətin olsa da, biz bir az bunun üstündə dayanmalıyıq...
Rusiyanı heç etmək üçün ABŞ sanksiyalar o qədər də effektli olmadı. ABŞ devalvasiya yolu ilə istədiyi vaxt Rusiyanın iqtisadiyyatını dağıda bilər. Ancaq bunu etmir, çünki Rusiyanın dağılmaması, yenicə ortaya çıxmış, iqtisadi nəhəngə çevrilmiş Çinin qarşısını almaqdır. Bu saat Rusiyanın milli respublikaları faktiki olaraq Rusiyaya tabe olsalar da, əslində öz dövlətçilik ideologiyalarını yaratmışlar, öz milli dəyərlərinin təbliğatı ilə məşğuldurlar. Bununla belə, Rusiyanın özünün orada yaşayan xalqları birləşdirən dövlətçilik ideologiyası yoxdur. Ortada atılıb düşən və Rusiya Dövlət Dumasında və yüksək vəzifədə olan fərdlərinin şovinistliyi bu ölkəni uçuruma aparmaqdadır. Belə bir ağır durumda isə Rusiyanı ayaq üstdə saxlayan yalnız Putinin avtoritar rejimidir...
ABŞ bütün bunları bilir, odur ki, Rusiyanı zəiflətmək istəsə də, dağıtmağa can atmır. ABŞ-ın bir problemi var - bu isə Çini gücdən salmaq və ondan gələn təhlükələri aradan qaldırmaqdır. Çinin inkişafının qarşısını almaq, onun iqtisadiyyatının çökməsinə nail olmaq isə bu yolla mümkündür. ABŞ prezidentinin Aİ-ni gücdən salıb heç etməsi üçün də Rusiya-Ukrayna müharibəsi davam etməlidir. Bütün sülh danışıqları isə sadəcə olaraq fiksiyadır...
Gəlin razılaşaq ki, Ukraynadakı müharibə Çindən Avropaya gedən bütün tranzit yollarının qarşısını almışdır. Şərq-Qərb, Şimal-Cənub, Orta dəhliz və sairə tranzitlər bu iqtisadi zərurətdən əmələ gəlmişdir. ABŞ analitiklərinə su kimi aydındır ki, bu tranzitlər işləsə, Aİ yenidən dirçələr. Bu saat dünyada baş verən geo-siyasi proseslərin arxasında tranzitlərin hansı ölkənin nəzarəti altında olması durur. İsrail -İran müharibəsi, İranda gərginliyin yaranması və indiki vəziyyət tranzit yollarının işləməsinə maneə yaratmaqdır...
Gəlin bu mövqedən prosesləri təhlil edək. İstər Rusiya, istərsə Çin öz yüklərini yeni nəzərdə tutulmuş tranzitlərlə dünya bazarına çıxarmalıdırlar. Tranzitlərin bağlanması və yeni yolların uzaqlığı bu ölkələrin büdcəsinə ciddi zərbələr endirir. Ukrayna müharibəsi Çinlə-Avropa arasında məsafələri artırıb, yeni tranzitlərin işləməsinə ABŞ-ın müdaxiləsi isə göz qabağındadır. Bu saat Çin üçün sərfəli marşrut Qazaxıstan, Azərbaycan, Türkiyə ya İran istiqamətləridir. Həmin marşrut üzrə tranzitlər işləsə, onlara daxil olmuş ölkələrdə iqtisadi sıçrayış baş verə bilər və onlar gün-gündən güclənər.
(Davamı var)