Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi...
Ekskluziv
218
16:52, Bu gün

Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi...

Ruben Vardanyana verilən cəza Azərbaycanın qanuna, ədalətə, bəşəri dəyərlərə münasibətinin təzahürüdür

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən Ruben Vardanyanın həbsinə münasibət bildirib. Hikmət Hacıyev Vardanyana verilən cəzanı 30 ildir davam edən münaqişənin simvolik və məntiqi yekunu kimi dəyərləndirib. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Ruben Vardanyana verilən bu cəza məlum faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdan xəbər verir.

Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə ortaq olmaq deməkdir...

Hikmət Hacıyevin paylaşımında diqqət çəkən məqamlardan biri isə Prezidentin köməkçisinin baş verənlərə həm də  mənəviyyat və bəşəri dəyərlər baxımından yanaşmasıdır. Bəzi qüvvələrin bir çox məsələlərə olduğu kimi, erməni terrorçuları ilə bağlı olaylara da ikili standartlardan yanaşdığına diqqət çəkən Hikmət Hacıyev, Ruben Vardanyan kimi cinayətkarlara azadlıq tələbinin qeyri-əxlaqi və qeyri-mənəvi olduğunu bildirib:

“...Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.

Göründüyü kimi, Hikmət Hacıyev paylaşımında insanlığa qarşı ağır cinayətlərdə ittiham edilən, cinayətləri məhkəmə prosesində sübut edilən şəxslərlə bağlı azadlıq çağırışının yalnız qanuna deyil, həm də əxlaqa zidd olduğuna diqqət çəkib. Eyni zamanda, dövlət başçısının “France 24” telekanalına verdiyi müsahibədən sitat gətirməklə, erməni faşistlərinin alman faşistlərindən daha ağır cinayətlər törətdiyini bildirib.

Hikmət Hacıyevin bu sözlərindən alınan qənaət birmənalıdır: Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə mənəvi baxımdan ortaq olmaq deməkdir. Bu isə insanlığa, onun özündə ehtiva etdiyi dəyərlərə xəyanətdən başqa bir şey deyil. Bu mənada Hikmət Hacıyevin “X” hesabındakı sözügedən paylaşımını ermənipərəst dairələrə verilən növbəti mənəviyyat dərsi hesab etmək olar.

Azərbaycan qanunun aliliyi ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərin toxunulmazlığına sadiqdir

Ruben Vardanyanın məhkəməsi ilə bağlı məlum həqiqətlərdən biri də bu məhkəmənin şəffaf şəkildə, media və ictimaiyyətin geniş iştirakı ilə keçirilməsiylə bağlıdır. Hansı ki, rəsmi Bakı ədalətli mühakiməni təmin etmək, məhkəmə və onun ədaləti ilə bağlı hər hansı qərəzli yanaşma və söyləntiyə yer qoymamaq üçün bu nüansa xüsusi diqqət yetirib, Ruben Vardanyanı vəkil, tərcüməçi və digər xidmətlərlə təmin edib. Məhkəmə prosesinin şəffaf şəkildə keçirilməsinin özü sübut edir ki, Vardanyanla bağlı qərarda zərrə qədər də olsun siyasi yanaşma yoxdur və verilən qərar sırf qanuni prizmadan qəbul edilib.

Bütövlükdə, istər Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyana verdiyi cəza, istərsə də Hikmət Hacıyevin “X” hesabındakı mülahizələri sübut edir ki, Azərbaycan hər bir məsələdə qanunun aliliyi, ədalətin toxunulmazlığı ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqlik sərgiləyir. Və nə zaman ki, yalnız Azərbaycan deyil, bütün ölkələr, eləcə də erməni faşistlərinin himayədarı qismində çıxış edən güclər atdıqları hər bir addımda insani dəyərləri rəhbər tutacaq, o zaman bütün dünyada ədalətin təntənəsinə şahid olacağıq.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər