Asim Mollazadə: “Ruben Vardanyanla bağlı verilən qərar haqqın, ədalətin təntənəsidir”
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan bakı Hərbi Məhkəməsinin qəararı ilə 20 il azadlıqdan məhrum edilib. Məhkəmə sübut edib ki, Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərini törədib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, Ruben Vardanyanla bağlı Bakı Hərbi Məhkəməsi tərəfindən verilən hökmü ədalətin tənətənəsi kimi dəyərləndirib:
“Şübhəsiz, Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən Ruben Vardanyanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi haqqın, ədalətin təntənəsidir və alqışlanmalıdır. Çünki bu şəxs mülki insanlara qarşı dəhşətli cinayətlərə yol verib, bir-birindən qorxunc əməllər törədib. Onun əli günahsız insanların - uşaq və qadınların qanına batıb. Bu səbəbdən onun cəzalandırılması həm qanunun, həm də ədalətin öz yerini tapması baxımından zəruri idi.
Hesab edirəm ki, Ruben Vardanyanla bağlı Bakı Hərbi Məhkəməsinin verdiyi qərar digərləri üçün də görk olmalı, Azərbaycana qarşı bədxah, məkirli niyyət güdən hər kəs baş verənlərdən nəticə çıxarmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti Azərbaycan xalqına qarşı törədilən heç bir cinayəti cavabsız qoymur və gələcəkdə də bütün cinayətkarlara münasibətdə eyni qətiyyəti sərgiləyəcək”.
Seymur ƏLİYEV