Bizi sosial şəbəkələrdən izləyin:
“Hesab edirəm ki, sözügedən tədbirdə Azərbaycan-Ermənistan arasındakı sülh prosesi mövzusu gündəmdə olmayacaq. Amma rəhbərliklər arasında hansısa ayaqüstü görüşlərin keçirilməsi mümkündür...”
Xəbər verildiyi kimi, bu gün - fevralın 19-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk- təsis iclası keçirilir. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirakı planlaşdırılır. Xatırladırıq ki, fevralın əvvəlində guya məhz bu gün- Sülh Şurasının ilk iclasında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı barədə fikirlər yayılmışdı. Bəs görəsən, ümumiyyətlə, Azərbaycan-Ermənistan sülh prosesi bu tədbirin gündəmində olacaqmı?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu aşağıdakıları dilə gətirib:
“Sülh Şurasının bu gün Vaşinqtonda keçirilən ilk - təsis iclasında Azərbaycanla Ermənistan arasında sülh sazişi, ümumiyyətlə, hansısa sənəd imzalanması gözləniılmir. Çünki Azərbaycanın bu sazişlə bağlı mövqeyi bəllidir – Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən maddələrlə bağlı dəyişiklik edilməlidir. Bunu prezident İlham Əliyev Münhen Təhlükəsizlik konfransında da bir daha diqqətə çatdırdı...
Bugünkü toplantıda əsasən Qəzza məsələsi müzakirə olunmalı və Şuraya üzv dövlətlər tərəfindən Qəzzanın yenidən qurulması və insanlara humanitar yardım üçün 5 milyard dollarlıq ianə toplanmalıdır. Azərbaycan da Qəzzanın bərpası prosesində hansısa bir rolda iştirak edəcək. Bu isə Azərbaycanla ABŞ arasında tərəfdaşlığı da gücləndirəcək...
Hesab edirəm ki, sözügedən tədbirdə Azərbaycan-Ermənistan arasındakı sülh prosesi mövzusu gündəmdə olmayacaq. Amma rəhbərliklər arasında hansısa ayaqüstü görüşlərin keçirilməsi mümkündür. Bir sözlə, iki ölkə arasında Sülh Sazişi ilə bağlı məsələlərin həlli iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonraya qalacaq...”