Ukrayna prezidenti sülh prosesində hərbi irəliləyiş və siyasi çətinliklərdən danışıb...
Ukrayna prezidenti Vladimir Zelenski Cenevrədə keçirilən danışıqların yekunlarına münasibət bildirərək həm Rusiyaya, həm də beynəlxalq tərəfdaşlara açıq mesajlar verib.
Moderator.az-ın məlumatına görə, bu barədə "24tv.ua" nəşri yazıb.
Prezidentin sözlərinə görə, Rusiya tərəfinin, xüsusilə də Vladimir Putin-in tez-tez səsləndirdiyi "tarixi arqumentlər" prosesi uzatmağa hesablanıb və real həllə xidmət etmir.
Zelenski vurğulayıb ki, onun üçün əsas məsələ tarix deyil, təhlükəsizlik və müharibənin tezliklə başa çatdırılmasıdır. O, mümkün liderlər görüşündə yalnız atəşkəs, onun monitorinqi və real təhlükəsizlik zəmanətlərini müzakirə etmək niyyətində olduğunu bildirib.
Zelenski Donbas məsələsində geri addımın mümkün olmadığını da qeyd edib. Onun sözlərinə görə, söhbət təkcə ərazidən getmir - minlərlə ukraynalı bu torpaqlar uğrunda həyatını itirib. "Donbas bizim müstəqilliyimizin və dəyərlərimizin bir hissəsidir", - deyə o bildirib və əlavə edib ki, heç bir beynəlxalq zəmanət Rusiyanın gələcəkdə yeni hücum cəhdini tam istisna etmir.
Hərbi istiqamətdə irəliləyiş
Cenevrə danışıqlarında hərbi və siyasi iki istiqamət üzrə iş aparılıb. Prezident bildirib ki, hərbi qrup atəşkəsin monitorinq mexanizmi ilə bağlı texniki məsələlərdə müəyyən irəliləyiş əldə edib və bu prosesdə ABŞ-ın aparıcı rolu nəzərdə tutulur.
Lakin siyasi istiqamətdə, xüsusilə ərazi məsələsində tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir. ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker də ən çətin məsələnin məhz ərazilər olduğunu deyib və Vaşinqtonun Rusiyanın niyyətinə tam əmin olmadığını vurğulayıb.
NATO və növbəti mərhələ
Zelenski həmçinin bildirib ki, Ukrayna NATO üzvlüyü üçün üzərinə düşən öhdəlikləri yerinə yetirib və qərar indi Alyans ölkələrinin əlindədir. Onun fikrincə, əgər NATO ilə Rusiya arasında hər hansı sənəd müzakirə olunursa, Ukraynanın mümkün üzvlüyü məsələsi Kiyevin iştirakı olmadan həll edilə bilməz.
Cenevrə görüşlərinin nəticəsi hələlik kifayət qədər deyil. Buna baxmayaraq, Ukrayna növbəti görüşə ümid edir və danışıqların Avropada davam etdirilməsinin vacibliyini vurğulayır. Zelenskinin mövqeyi dəyişməz qalır: əsas məsələ real təhlükəsizlik mexanizmləri və müharibənin dayandırılmasıdır.