1990-cı illərdə Qərbin Rusiyanı da çökürtmək imkanı olduğu halda niyə bunu etmədi?..-TƏHLİL
Ekskluziv
1099
11:01, Bu gün

1990-cı illərdə Qərbin Rusiyanı da çökürtmək imkanı olduğu halda niyə bunu etmədi?..-TƏHLİL

“ABŞ-ın 1990-cı illərdə Rusiyanı parçalamamaq qərarını Çin faktoruna bağlamaq tarixi baxımdan zəif arqumentdir. Vaşinqton üçün o dövrdə ən əsas məqsəd...”
 
“Bəzi siyasi şərhçilər belə bir iddia irəli sürür ki, guya 1990-cı illərdə, yəni SSRİ-nin süqutundan sonrakı ilk dönəmdə ABŞ və Avropa Birliyinin Rusiyanı da parçalayıb çökürtmək imkanı olduğu halda xüsusən Birləşmiş Ştatlar belə bir durumda Çinin bu imperiyanın yerində yaranacaq xırda dövlətləri də, postsovet respublikalarını da öz təsiri altına salıb regionda maksimum güc sahibi olacağını nəzərə alaraq buna imkan verməyib. Siz bu mövzuda nələr düşünürsüz?”
Bu sualı ünvanladığımız ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Moderator.az-a açıqlamasında aşağıdakıları diqqətə çatdırıb:
 
“Bu iddia zaman-zaman səsləndirilir, amma tarixi faktlara və 1990-cı illərin real geo-siyasi şəraitinə baxanda o qədər də inandırıcı görünmür. Doğrusu, bu iddianın isbatı da yoxdur. Lakin hər halda ona məntiqli bir cavab vermək mümkündür. Bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim.
 
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, 1990-cı illərin reallığında Amerika Birləşmiş Ştatları üçün ən əsas prioritet SSRİ dağıldıqdan sonra nüvə arsenalının nəzarətdə qalması idi. İndi olduğu kimi, o zamanlar da Rusiya Federasiyası dünyanın ən böyük nüvə ehtiyatına malik dövlət idi və mərkəzin dağılması təhlükəsi nüvə təhlükəsizliyi üçün ciddi risk sayılırdı. Ona görə də Vaşinqtonun əsas qorxusu Rusiyanın parçalanmasından daha çox onun nəzarətsiz şəkildə çökməsi idi. Bu, baş versəydi, nüvə silahlarının qeyri-müəyyən taleyindən əlavə, daxili vətəndaş müharibəsi riski də var idi. Radikal qüvvələrin hakimiyyətə gəlməsi də olduqca ciddi riskləri bərabərində gətirə bilərdi. Bu səbəbdən ABŞ siyasəti 1990-cı illərdə əsasən Moskvadakı mərkəzi hökuməti zəiflətmək yox, onu sabit saxlamaq üzərində qurulmuşdu...
 
Bəs ABŞ Rusiyanı parçalamağa real cəhd göstəribmi? Tarixi sənədlərə və o dövrün siyasətinə baxanda belə bir strategiyanın açıq izləri görünmür. Əksinə, 1990-cı illərdə Bill Klinton administrasiyası Boris Yeltsin hökumətini dəstəkləyirdi. Bundan başqa, Beynəlxalq Valyuta Fondu (IMF) və Qərb kreditləri Moskvanın ayaqda qalmasına yönəlmişdi. Hətta qanlı və amansız Çeçenistan müharibəsi zamanı da ABŞ rəsmi olaraq Rusiyanın ərazi bütövlüyünü tanıyırdı. Əgər məqsəd Rusiyanı parçalamaq olsaydı, bu tarixi şəraitdən istifadə etmək olardı. ABŞ-ın federativ subyektlərə və ya separatçı regionlara açıq siyasi dəstəyi Rusiyanın sonunu asanlıqla gətirə bilərdi...
 
Bəs o zaman ABŞ qarşısında Çin faktoru nə dərəcədə real idi? Nəzərə almaq lazımdır ki, 1990-cı illərin əvvəllərində Çin Xalq Respublikası indiki qlobal güc statusunda deyildi. Çinin sürətli yüksəlişi 2001-dən sonra başladı. 1990-cı illərdə Çinin hərbi və texnoloji gücü məhdud idi. Ona görə də onun Mərkəzi Asiyada təsiri zəif idi. Deməli, o dövrdə ABŞ üçün əsas strateji rəqib Çin yox, qeyri-sabitlik və nüvə riskləri idi. Əgər ABŞ və Avropa Rusiyanı parçalamaq istəsəydilər, onun yerində meydana çıxacaq yeni dövlətlərin ən az bir qismini öz nüfuz dairələrinə almağı da bacarardılar...
 
Beləliklə, ABŞ-ın Çinə görə Rusiyanı dağıtmaq istəməməsi mülahizəsi məntiqli görünmür. Bunun üçün ən rasional səbəblər nüvə silahlarının təhlükəsizliyini təmin etmək, Balkan tipli uzunmüddətli vətəndaş müharibələrinə yol açmamaq, enerji bazarlarında xaos yaratmamaq və qlobal iqtisadi sabitliyi qoruyub saxlamaq idi. Lakin o da doğrudur ki, Rusiyanın sürətlə Qərbə inteqrasiya olunmaq üçün etdiyi müraciətlər cavabsız qalmışdır...
 
Son olaraq qeyd edək ki, ABŞ-ın 1990-cı illərdə Rusiyanı parçalamamaq qərarını Çin faktoruna bağlamaq tarixi baxımdan zəif arqumentdir. Vaşinqton üçün o dövrdə ən əsas məqsəd post-sovet məkanında nüvə təhlükəsizliyi və keçid dövrünün nisbi sakitliyi idi...”
 
Təqdim etdi:
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər