"Müvafiq qüvvələrin miqyası ayrı-ayrı hədəf hücumuna deyil, tammiqyaslı hücum əməliyyatına hazırlıqların aparıldığını göstərir..."
Ağ Evin mətbuat katibi İran üçün diplomatik həll pəncərəsinin sürətlə bağlandığını açıq şəkildə bildirdiyindən regional qarşıdurma kritik bir nöqtəyə çatıb.
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, yüksək vəzifəli İsrail mənbələrinə görə, ölkənin döyüş hazırlığı səviyyəsi mütləq maksimuma qaldırılıb. Təcili tədbirlər Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara əl atmağa hazır olduğunu göstərən kəşfiyyat məlumatlarından irəli gəlib.
"Ynet" yazır ki, Qüds əməliyyata başlamaq barədə son qərarın Donald Trampa aid olduğuna inanır və planların dəyişdirilməsi ehtimalına baxmayaraq, əmrləri istənilən vaxt verilə bilər.
Arxa cəbhəni hazırlamaq və İrandan qisas gözləmək...
İsrail hərbi komandanlığı ABŞ-ın birbaşa müdaxiləsinin Tehrandan dərhal cavabla nəticələnəcəyi ssenarisinə əsaslanır. Bu halda, İranın uzunmənzilli raketlərinin əsas zərbəsi İsrail ərazisinə dəyə bilər.
Mövcud təhlükəsizlik tədbirləri:
Arxa cəbhə xidmətləri və xilasetmə bölmələrinə tammiqyaslı müharibəyə tam hazır olmaq əmri verilib.
İsrailin hərbi-siyasi kabineti operativ əməliyyat ehtiyaclarını əsas gətirərək gözlənilmədən cümə gününə planlaşdırılan iclasını bazar gününə keçirib.
Amerika tərəfi ilə koordinasiya pik həddə çatıb, hücumun dəqiq vaxtı isə açıqlanmayıb.
İranın səmadakı "qıfılı" və Amerika gücü...
Tehran təhdidə güc nümayişi və inzibati maneələrlə cavab verdi. 19 fevralda İran rəsmi olaraq hava məkanını 10 saatlıq bağlayıb. Rəsmi səbəb genişmiqyaslı raket təlimləridir. Bu addım bölgədə mülki aviasiyanı faktiki olaraq iflic etdi və aktiv müdafiəyə hazırlıq barədə güclü bir siqnal göndərdi...
Digər tərəfdən, Ağ Ev təzyiq ritorikasını gücləndirir. Mətbuat katibi Kerolayn Levit əvvəlki əməliyyatların uğurunu xatırladıb və diplomatiyanın prioritet olaraq qalmasına baxmayaraq, İranın prezident Trampla razılığa gəlməsinin doğru olacağını vurğulayıb və "İrana hücum etmək üçün bir çox səbəblər olduğunu" aydınlaşdırıb.
Texniki yumruq: ABŞ aviasiya və kəşfiyyatının əraziyə yerləşdirilməsi...
Diplomatik açıqlamalarla yanaşı, İran sərhədləri yaxınlığında ABŞ hərbi gücünün görünməmiş şəkildə artırılması davam edir. Uçuş monitorinqi məlumatları strateji resursların cəmləşdiyini göstərir:
Qabaqcıl "F-22" və "F-16" qırıcı təyyarələri Yaxın Şərq və Avropadakı hazırlıq zonalarına hərəkət edir.
Səmada hava məkanına nəzarəti təmin edən "E-3" ("AWACS"- Hava-Dəniz Erkən Xəbərdarlıq və İdarəetmə Sistemi) uzaq radiolokasiya aşkaretmə təyyarələri müşahidə edilib.
"U-2" kəşfiyyat təyyarələri İranın raket mövqələrinin fəaliyyətini davamlı olaraq izləyir.
Müvafiq qüvvələrin miqyası ayrı-ayrı hədəf hücumuna deyil, tammiqyaslı hücum əməliyyatına hazırlıqların aparıldığını göstərir. Yaxın Şərq "fırtınadan əvvəl sakitlik" rejiminə keçib və hər hansı təsadüfi hərəkət qlobal münaqişənin detonatoruna çevrilə bilər.
Tərcümə etdi:
S.Laçın