Münxen konfransı, nəqliyyat təhlükəsizliyi və xüsusi xidmət orqanlarının artan rolu...
Ekskluziv
452
20:27, Bu gün

Münxen konfransı, nəqliyyat təhlükəsizliyi və xüsusi xidmət orqanlarının artan rolu...

Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik modeli milli və bəşəri maraqların keşiyində...

Xəbər verdiyimiz kimi, Münxen konfransında iştirak edən Prezident İlham Əliyev bir sıra media orqanlarına müsahibələr verib, Azərbaycanın qlobal dünyada artan roluna diqqət çəkib. Dövlət başçısının mediaya verdiyi müsahibələrdə ən çox diqqət çəkən məqamlardan biri, ölkəmizin beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinə sahib olması, qlobal miqyaslı nəqliyyat şəbəkəsini genişləndirməsi və bütün bu sistemin təhlükəsizliyinin yüksək səviyyədə təmini ilə bağlıdır. Prezident İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxendə Azərbaycan mediasına müsahibəsində bu barədə deyib:

“Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik.

Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturumuzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, - hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, - o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir.

Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Buna görə də biz dəhlizlər haqqında danışarkən, əlbəttə ki, bu məsələyə daha geniş baxmalıyıq: yalnız dəmir yolu və yalnız avtomobil yolu deyil, həm də bağlantını təmin edən və müasir dünyanın tələblərinə cavab verən bütün istiqamətlər nəzərdə tutulmalıdır”. (//apa.az/resmi-xeber/prezident-ilham-eliyev-munxende-azerbaycan-mediasina-musahibe-verib-video-939473 )

Dövlət başçısının müsahibəsindən də məlum olduğu kimi, Azərbaycan nəhəng və çoxşaxəli nəqliyyat şəbəkəsinə malik ölkə kimi tranzit daşımalardakı rolunu sürətlə artırmaqdadır. Azərbaycanın tranzit ölkə kimi artan rolu dəhliz və tranzit daşımaların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsini zəruri edir. Hansı ki, məlum problem 14 noyabr 2025-ci ildə Xankəndidə keçirilən “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri general-polkovnik Əli Nağıyev tərəfindən də  gündəmə gətirilib:

“Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirib ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir”. (//qafqazinfo.az/news/detail/eli-nagiyev-ve-orxan-sultanov-xankendide-iclasda-fotolar-488912 ).

Əli Nağıyev bildirib ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu səbəbdən də məlum istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.

Həm Münxen, həm də Xankəndi konfransı dövlətimizin müasir dünyanın enerji təhlükəsizliyi ilə yanaşı, həm də nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə böyük töhfə verdiyini göstərir. Eyni zamanda, Azərbaycanın nəqliyyat və kommunikasiya baxımından artan rolu dəhliz və tranzit daşımaların, nəqliyyat və kommunikasiya sistemlərinin təhlükəsizliyinin yüksək səviyyədə təminini zəruri edir.

Sevindirici haldır ki, bugünə qədər ölkəmizdə bütün strateji sahələrin təhlükəsizliyi böyük uğurla təmin edilib, bununla bağlı heç bir problem yaşanmayıb. Məhz Azərbaycanın xüsusi xidmət orqanlarının təhlükəsizlyi yüksək səviyyədə təmin etməsinin nəticəsidir ki, ölkəmizdə nəqliyyat və kommuniksiya sistemlərinin inkişafı, tranzit daşımalar, yeni dəhliz və qovşaqların formalaşması prosesi geniş vüsət almaqdadır.

Bundan başqa, DTX rəhbərinin Xankəndi konfransındakı çıxışı sübut edir ki, Azərbaycanın xüsusi xidmət orqanları dəhliz və nəqliyyat sistemlərinin təhlükəsizliyinin təmini ilə bağlı oraya çıxan yeni tələb və yanaşmaları dərindən anlayır və öz işini müasir dövrün tələbləri əsasında yüksək səviyyədə qurmağı bacarırlar. Bu gün Azərbaycanda bütün sahə və sferalar kimi, nəqliyyat marşrutları və kommunikasiya sistemlərinin də təhlükəsizliyi uğurla təmin edilir ki, bu da Prezident İlham Əliyevin liderliyi ilə formalaşan yeni təhlükəsizlik modelinin üstünlüyündən xəbər verir.

Bütün bunların ümumiləşdirilməsi onu deməyə əsas verir ki, etibarlı təhlükəsizlik mühiti yaxın gələcəkdə ölkəmizdə  beynəlxalq əhəmiyyətli dəhliz və nəqliyyat marşurutlarının inkişafına təkan verəcək, bu isə öz növbəsində dövlətimizin beynəlxalq aləmdəki nüfuzuu artırmaqla yanaşı, ölkə iqtisadiyatının çiçəklənməsini sitimullaşdıracaq.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər