Tərəvəz bazarında bahalaşma: qiymətləri kim artırır?
Ekskluziv
564
18:10, Bu gün

Tərəvəz bazarında bahalaşma: qiymətləri kim artırır?

Son dövrlər bazarlarda tərəvəz məhsullarının qiymətində artım müşahidə olunur. Xüsusilə mövsümi məhsulların əvvəlki illərlə müqayisədə daha baha təklif olunması alıcıları narahat edir. Maraqlıdır, yaranmış vəziyyət hansı amillərlə bağlıdır və qiymətlərin sabitləşdirilməsi üçün hansı addımlar atıla bilər?

Moderator.az məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin fikirlərini və mövcud vəziyyətə dair yanaşmasını öyrənib.

Vahid Məhərrəmli bildirib ki, son dövrlərdə tərəvəz məhsullarının qiymətində artım bir sıra obyektiv amillərlə əlaqədardır:

"İlk növbədə qeyd etmək lazımdır ki, ölkəmizdə tərəvəz istehsalında məhsuldarlıq bir sıra digər ölkələrlə müqayisədə hələ də arzuolunan səviyyədə deyil. Statistik göstəricilərə diqqət yetirdikdə görmək olar ki, Azərbaycan tərəvəz məhsullarının ixrac həcmini artırsa da, eyni zamanda idxal göstəricilərində də artım qeydə alınır. Bu isə onu göstərir ki, ölkə hələlik özünü tərəvəz məhsulları ilə tam təmin edə bilmir. Hətta region ölkələri ilə müqayisədə adambaşına düşən tərəvəz istehlakının həcmi də nisbətən aşağıdır".

Ekspert qeyd edib ki, mövcud vəziyyətdə tərəvəz məhsullarının qiymətinin stabil saxlanılması üçün bir neçə əsas məsələ xüsusi diqqət tələb edir:

“Bu məsələlərin əsasını istehsal xərcləri təşkil edir. Məlum olduğu kimi, 2021, 2023 və 2025-ci illərdə ölkədə dizel yanacağının və benzinin qiymətlərində artım qeydə alınıb. Dizel yanacağının qiymətinin yüksəlməsi birbaşa kənd təsərrüfatı istehsalına təsir edir və məhsulun maya dəyərinin artmasına səbəb olur. Maya dəyərinin yüksəlməsi isə təbii olaraq satış qiymətlərinə də təsir göstərir.
Digər mühüm amil məhsulun daşınması ilə bağlıdır. İstehsal olunan məhsulun təsərrüfatdan anbarlara, anbarlardan bazarlara, eləcə də toptan satış məntəqələrindən pərakəndə satış şəbəkələrinə daşınması əlavə xərclər yaradır. Daşınma xərclərinin artması məhsulun ümumi maya dəyərinə təsir etməklə qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Bu baxımdan, qiymət artımının qarşısının alınması üçün istehsal və logistika zəncirində yaranan xərclər kompleks şəkildə nəzərə alınmalıdır".


Məhərrəmli onu da qeyd edib ki, beynəlxalq təcrübəyə nəzər saldıqda görmək olar ki, bir sıra ölkələrdə kənd təsərrüfatı ilə məşğul olan istehsalçılar üçün müəyyən güzəşt mexanizmləri tətbiq olunur:

"Region ölkələrində də bu sahədə müxtəlif dəstək modelləri mövcuddur. Məsələn, İranda kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən fermerlər üçün yanacaq təminatı üzrə xüsusi dəstək mexanizmlərinin mövcudluğu istehsal xərclərinin nisbətən aşağı səviyyədə saxlanılmasına imkan yaradır. Bu cür yanaşmalar fermerlərin fəaliyyətini stimullaşdırmaqla yanaşı, bazarda qiymətlərin daha stabil qalmasına şərait yaradır. Burada məqsəd hər hansı ölkənin modelini üstün və ya nümunə kimi təqdim etmək deyil, sadəcə olaraq müxtəlif təcrübələrin mövcudluğunu qeyd etməkdir.
Azərbaycan isə neft hasil edən və ixrac edən ölkə kimi kənd təsərrüfatı sektorunda istehsal və daşınma xərclərinin optimallaşdırılması istiqamətində müəyyən imkanlara malikdir. Məlumata görə, kənd təsərrüfatı istehsalı prosesində təxminən 300 min ton dizel yanacağına, məhsulların daşınması mərhələsində isə əlavə olaraq 200 min ton dizel yanacağına ehtiyac yaranır. Bu baxımdan, kənd təsərrüfatında istifadə olunan yanacaq üçün daha stabil və proqnozlaşdırıla bilən qiymət mexanizmlərinin tətbiqi mümkün variantlardan biri kimi dəyərləndirilə bilər.
Əgər yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınması mümkün deyilsə, kənd təsərrüfatı üçün sabit və dəyişməz qiymət mexanizminin müəyyən edilməsi məqsədəuyğun ola bilər. Çünki hazırkı mərhələdə məhsuldarlıq səviyyəsində ciddi artım müşahidə edilmir. Halbuki məhsuldarlığın artırılması tərəvəz məhsullarının maya dəyərinin aşağı salınmasında əsas rol oynayır. Məhsuldarlıq yüksəldikcə, əldə olunan istehsalın maya dəyəri azalır və bu da bazarda qiymət sabitliyinə müsbət təsir göstərir. 


Bu baxımdan iki əsas amil xüsusi əhəmiyyət kəsb edir. Birincisi, kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır. Bu istiqamətdə irəliləyiş baş vermədikcə tərəvəz məhsullarının qiymətində artım tendensiyasının davam etməsi mümkündür. İkincisi isə kənd təsərrüfatında istifadə olunan dizel yanacağının və benzinin qiymətlərinin mümkün qədər stabil saxlanılmasıdır. Bu, fermerlərin və kəndlilərin gələcək planlamasını asanlaşdırar, onları istehsal etdikləri məhsulların qiymətini kəskin şəkildə artırmamaq istiqamətində təşviq edər.
Fermerlərin və kənd təsərrüfatı istehsalçılarının xərcləri artdıqca, onlar bu xərcləri kompensasiya etmək üçün məhsulların satış qiymətlərini artırmağa məcbur qalırlar. Əks halda, istehsalla məşğul olmaq iqtisadi baxımdan cəlbediciliyini itirə bilər. Bu isə nəticə etibarilə idxalın artmasına səbəb ola bilər. İdxal olunan məhsullar isə daşınma və digər əlavə xərclər nəzərə alındıqda, adətən daha baha başa gəlir.
Bu səbəbdən tərəvəz məhsullarının qiymətində kəskin artımın qarşısının alınması üçün kənd təsərrüfatı sahəsində kompleks yanaşmaya ehtiyac var. Bu yanaşma çərçivəsində məhsuldarlığın artırılması, istehsal və logistika xərclərinin azaldılması, eləcə də fermerlər üçün sabit və proqnozlaşdırıla bilən iqtisadi mühitin formalaşdırılması vacibdir. Məhz bu istiqamətdə atılacaq addımlar uzunmüddətli dövrdə bazarda qiymətlərin sabitliyinə və daxili istehsalın dayanıqlı inkişafına töhfə verə bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər