“KQB” arxivləri açılmamış Rusiyanın Güney Qafqazdan çıxmasından danışmaq tez deyilmi?.. -TƏHLİL
Ekskluziv
1963
12:12, Bu gün

“KQB” arxivləri açılmamış Rusiyanın Güney Qafqazdan çıxmasından danışmaq tez deyilmi?.. -TƏHLİL

“Azərbaycanın iqtisadi cəhətdən Rusiyadan heç bir asılılığı yoxdur. Əksinə, bütün nankorluqlarına baxmayaraq, biz onu bacardığımız qədər ayaqda tuturuq...”
 
“35-ci ildir müstəqilliyini yaşayan hər iki ölkədə Lüstrasiya qanunu qəbul edilməyib, keçmiş imperiya “KQB” arxivləri açılmayıb, hələ də yetərli dərəcədə təsirə malik Rusiya “5-ci kalonu” və agentura şəbəkələri fəaliyyət göstərir...”
 
“Casus şəbəkələri də bir dövlətin fundamentinə basdırılmış “minalar”dır. Təbii ki, Rusiya o siyahıları bizə verməz və dövlətimizi yanıltmaq üçün saxta “mina” siyahısı tutub qarşımıza qoyar, bizi başqa istiqamətlərə yönəldər...”
 
ABŞ vitse-prezidenti Ventsin Ermənistan və Azərbaycana səfərlərindən və hər iki dövlətlə bir sıra sənədlər imzalanmasından sonra bir sıra həm yerli, həm xarici şərhçilər deyir ki, artıq Rusiyanın Cənubi Qafqazdan əli tamamilə üzüldü. Bəs görəsən, bu fikir reallığa nə qədər uyğundur? Rusiya Güney Qafqazdan belə asanlıqla əl çəkəcəkmi? Yəqin ki, bu prosesin qarşısını almaq üçün Kreml hansısa tədbirlərə əl atacaq?.. Ən azı onu nəzərə almaq lazımdır ki, hələ də Ermənistanın iqtisadi cəhətdən, o cümlədən qaz, elektrik enerjisi və dəmir yolları qovşaqlarının Rusiyaya bağlı olması faktı var. Azərbaycanın da Moskvadan müəyyən dərəcədə iqtisadi asılılığı var. Həmçinin 35-ci ildir müstəqilliyini yaşayan hər iki ölkədə Lüstrasiya qanunu qəbul edilməyib, keçmiş imperiya “KQB” arxivləri açılmayıb, hələ də yetərli dərəcədə təsirə malik Rusiya “5-ci kalonu” və agentura şəbəkələri fəaliyyət göstərir. Belə bir şəraitdə Moskvanın Güney Qafqazdan çıxmasından danışmaq tez deyilmi?..
 
Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Ermənistana nisbətən Azərbaycanın Rusiyadan daha az asılı olduğunu dilə gətirib. Onun fikrincə, Azərbaycan xüsusilə son illər iqtisadi cəhətdən Rusiyadan asılılığını böyük ölçüdə azaldıb: 
 
“Bunu iki dövlət arasındakı ticarət əlaqələrinin səviyyəsi də təsdiqləyir. Dövlət Statistika Komitəsinin 2025-ci ilin yekunları ilə bağlı məlumatına görə, Rusiya Azərbaycanın 3-cü ticarət ortağıdır. Onu Türkiyə və İtaliya üstələyir. Üstəlik, ticarət dövriyyəsində Rusiya ilə bu dövlətlər arasındakı fərq də az deyil: İtaliya 24%, Türkiyə, 11.6%, Rusiya isə 10%. Göründüyü kimi, 1 nömrəli ticarət ortağımız olan İtaliya ilə Rusiya arasında 140% fərq var. Bu isə ciddi fərqdir. Üstəlik, getdikcə Azərbaycanla ticarət əlaqələrini böyüdən Çin də iri addımlarla Rusiyaya yaxınlaşıb. 2025-ci ildə ümumi ticarət dövriyyəmizin 9.9%-i Çinin payına düşürdü. Yəqin ki, bu ilin sonlarında Çin də Rusiyanı keçəcək. Ən maraqlısı odur ki, 2022-ci ildə Ukrayna-Rusiya müharibəsi başlayandan əvvəl Ukrayna da ticarət dövriyyəmizdə Rusiyanı geridə qoyaraq 3-cü yerə yüksəlmişdi. Yəqin ki, müharibə bitdikdən sonra Ukrayna yenidən əvvəlki əlaqələrini bərpa edəcək. Eyni şəkildə ABŞ-la da iqtisadi münasibətlərimiz getdikcə böyüyəcək və nəticədə Rusiya ilk 5-ə belə, düşə bilməyəcək...
 
Ermənistana gəlincə, Rusiya ilə ticarət əlaqələri hələ çox yüksək səviyyədə qalmaqdadır. 2025-ci ildə Ermənistanın ticarət dövriyyəsinin 38%-i Rusiyanın payına düşürdü. Amma bu rəqəm yanıldıcı ola bilər. Çünki Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsinin yüksək olması bəzi iki funksiyalı malların təkrar ixracı ilə bağlı idi. Yəni Ermənistan müasir silahların istehsalında istifadə olunan malları alıb təkrar Rusiyaya nəql edirdi. Bu da onun ticarət əlaqələrindəki göstəricilərinin artmasına səbəb olurdu. Bununla belə, etiraf etməliyik ki, Rusiya hələ də Ermənistanın iqtisadi həyatında mühüm rol oynayır. Dediyiniz kimi, onun yanacaq ehtiyacının 75 %-ni, elektrik ehtiyacının demək olar ki, hamısı Rusiyadan idxal olunur. Ermənistan bu asılılıqdan qurtulmasa, Rusiya ilə əlaqələrini də kəsə bilməyəcək. Amma son zamanlar görürük ki, Azərbaycan və Orta Asiya ölkələri Ermənistanı bu asılılıqdan qurtarmaq üçün əlindən gələni etməyə çalışırlar. Çünki Ermənistan və Gürcüstan rus asılılığından xilas olmadıqca Cənubi Qafqaza həqiqi sülh gəlməyəcəyinə inanırlar. Məhz bu səbəbdən də Azərbaycan Ermənistana daha ucuz qiymətə benzin satır, Qazaxıstan onu taxıl məhsulları ilə təchiz edir. Vensin Ermənistana səfəri zamanı bağlanan mülki nüvə texnologiyası ilə bağlı müqavilə də İrəvanın enerjidəki bağımlılığını azaltmaq və ya tamamilə ortadan qaldırmağa hesablanıb. Fikrimcə, planlanan bu siyasətlər uğurla həyata keçirilsə, Ermənistanın Rusiyadan asılığı böyük ölçüdə azalacaq...”
 
Siyasi analitikin fikrincə, Azərbaycanla Rusiya arasındakı ticarət əlaqələri heç də həyati əhəmiyyət daşıyan sahələri əhatə etmir: 
 
“2025-ci ildə iki dövlət arasındakı ticarət dövriyyəsi 5 milyard dollara yaxın idi. Onun cəmi 1.2 milyardını bizim ixracımız, 3.8 milyardı isə Rusiyanın ixracı təşkil edirdi. Yəni hardasa 80% - 20% nisbətində müsbət saldo Rusiyanın xeyrinədir. Amma bizim Rusiyadan aldığımız məhsullar kritik əhəmiyyət daşımır, rahatlıqla başqa dövlətlərlə əvəz oluna bilər. Biz sadəcə Rusiyanın onsuz da yaralı könlünü daha çox incitməmək üçün bir çox strateji əhəmiyyət daşımayan məhsulları ondan alırıq ki, şimal qonşumuzu qısmən də olsa, çətin vəziyyətdən çıxaraq. Rusiya bu xeyirxahlığımızı düzgün qiymətləndirməsə, onu yeni ticarət partnyorlarımızla əvəz edə bilərik. Bir sözlə, Azərbaycanın iqtisadi cəhətdən Rusiyadan heç bir asılılığı yoxdur. Əksinə, bütün nankorluqlarına baxmayaraq, biz onu bacardığımız qədər ayaqda tuturuq...”
 
Heydər Oğuz  Azərbaycan və Ermənistanda Rusiya “5-ci kalon”u və kəşfiyyat-agentura şəbəkələrinin fəaliyyət səviyyələrindən də bəhs edib:
 
“O ki qaldı Azərbaycanda və Ermənistanda Rusiyanın “5-ci kalon”unun və kəşfiyyat-agentura şəbəkələrinin fəaliyyətinə, onların qısa zaman ərzində tamamilə zərərsizləşdirilməsi mümkün deyil. Hətta “KQB” arxivlərinin açılması belə, rus casus şəbəkəsinin tamamilə ifşası ilə nəticələnməyə bilər. Əvvəla, ona görə ki, Rusiya öz casuslarının sənədlərini böyük ehtimalla Azərbaycanda saxlamayıb. Bizdəki sənədlər və casus siyahıları, yəqin ki, ermənilərin Qarabağ savaşından sonra bizə verdikləri mina xəritələri kimidir. Hansı ki, Azərbaycan rəsmiləri bu siyahıların 25 %-nin düz olduğunu bildirirdilər. Casus şəbəkələri də bir dövlətin fundamentinə basdırılmış “minalar”dır. Təbii ki, Rusiya o siyahıları bizə verməz və dövlətimizi yanıltmaq üçün saxta “mina” siyahısı tutub qarşımıza qoyar, bizi başqa istiqamətlərə yönəldər. Odur ki, elə saxta siyahılara çox da bel bağlamaq olmaz...
 
Digər tərəfdən, Lustrasiya qanunlarının qəbul edilməsi də “5-ci kalon”la mübarizədə effektiv üsul deyil. Bilirsiniz ki, Şərqi Avropa ölkələrində bu cür qanunlar hələ 1990-cı illərin əvvəllərində qəbul olunmuş və dəfələrlə dəyişdirilərək günün tələblərinə uyğunlaşdırılmışdır. Amma indiyədək Şərqi Avropa ölkələri öz içlərindəki rusqafalıları təmizləyib qurtara bilməyib. Əski sovet ölkələri olan Azərbaycanda və Ermənistanda vəziyyət bəlkə də daha mürəkkəbdir. Rus casuslarına qarşı mübarizənin tam nəticə verməsi üçün nəsillər dəyişməlidir. Təbii ki, bunun üçün bəzi mühüm addımlar da atılmalıdır. Məsələn, rusdilli məktəblərin ləğvi, rusqafalı məmurların hakimiyyət pillələrindən uzaq tutulması və s. Bunları hər hansı qanun hazırlamadan da, açıq bəyanatlar vermədən də etmək olar. Ümidvaram ki, Azərbaycan hakimiyyəti vəziyyətin mürəkkəbliyini nəzərə alaraq bir an öncə bu tədbirləri həyata keçirməyə başlayacaq...”
 
Təqdm etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər