Rəqəmsal platformalar gündəlik həyatımızda daha çox yer tutduqca, bu mühitdə yaranan risklər də mürəkkəbləşir. Sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda müxtəlif təhlükələrin yayıldığı əsas məkanlardan birinə çevrilib.Texnologiyanın sürətli inkişafı dələduzluq üsullarının da formalaşmasına və daha inandırıcı görünməsinə şərait yaradıb. Bu prosesdə vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi ciddi çağırışlarla üz-üzə qalır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, informasiya savadlılığı və diqqətli davranış bu risklərin qarşısının alınmasında əsas amillərdən biridir. Məhz bu səbəbdən rəqəmsal mühitdə baş verən təhlükələrə qarşı maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.
Moderator.az mövzunun aktuallığını nəzərə alaraq, kibertəhlükəsizlik üzrə mütəxəssis Farid Əmirovun fikirlərini öyrənib.

Mütəxəssis bildirib ki, sosial şəbəkələrdə müxtəlif məzmunlu mesajlar yayılır: kredit borcunun bağlanması, ərzaq yardımı, dövlət layihələri, hansısa dövlət qurumunun və ya vəzifəli şəxsin adından iş yerlərinin açılması, dəstək verilməsi ilə bağlı elanlar paylaşılır. Bu kimi hallar kiberdələduzluqdur və kibertəhlükəsizlik terminologiyasında sosial injinering adlanır:
“Bu günkü dövrdə bu cür kiberdələduzluqlar olduqca geniş yayılıb. Sosial şəbəkələrin əlçatan olması, hər kəs tərəfindən istifadə edilməsi kiberdələduzluqların yaranması və genişlənməsi üçün münbit şərait yaradır.
Bu halda kiberdələduzlar nə edirlər?
Onlar müxtəlif yollarla xeyriyyəçi, sponsor, dövlət layihəsi icraçısı, dövlət rəsmisi, hətta bəzən yüksək səviyyəli rəsmi şəxslərin adından istifadə edirlər. Müxtəlif kontentlər, videolar, səs yazıları, saxta sənədlər hazırlayaraq insanlarda etimad yaratmağa çalışırlar ki, təqdim etdikləri məlumatlar inandırıcı görünsün.
Bildiyiniz kimi, sosial şəbəkələr və texnologiyalar sürətlə inkişaf edir. Bu gün bir şəxsin səsini eyni formada kopyalamaq, onun videosunu istənilən mövzuda danışırmış kimi yaratmaq mümkündür. Bu imkanlardan istifadə edərək vətəndaşlarda etimad formalaşdırırlar.
Daha sonra kiberdələduzlar vətəndaşlar haqqında məlumat toplamağa başlayırlar”.
Əmirov bildirib ki, ilk olaraq dələduzların toruna düşən şəxslərin şəxsiyyət vəsiqəsi və bank kartları məlumatları, telefon nömrələri, WhatsApp hesabları, FİN kodları və digər şəxsi məlumatları ələ keçirilir:
“Növbəti mərhələdə isə artıq həmin şəxslərin adından müxtəlif üsullarla pul oğurluğu həyata keçirilir, bank kartlarından vəsait çıxarılır, mobil bank tətbiqləri ələ keçirilir və digər qanunsuz əməllər törədilir.
Burada əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, fırıldaqçılar şəxsi mesajlar vasitəsilə vətəndaşlara müraciət edirlər. Məsələn, "siz lotereyanın qalibi olmusunuz" və ya "təcili yazın, ilk 30 və ya 50 nəfərə xüsusi hədiyyə veriləcək" kimi mesajlar göndərilir. Daha sonra SMS və ya WhatsApp üzərindən göndərilən kodlar tələb olunur, bank kartlarının arxa hissəsindəki gizli kodlar istənilə bilər.
Bəzən ilkin mərhələdə vətəndaşlara kiçik məbləğdə pul və ya digər vasitələrlə ödənişlər edilir ki, bu proses uduşlu və gəlirli kimi görünsün.
Bildirilir ki, növbəti mərhələdə qazanc daha böyük olacaq. Digər hallarda isə kiberdələduzlar özləri kiçik məbləğdə ödəniş tələb edərək bunun uduşun bir hissəsi olduğunu və sonradan daha böyük məbləğin veriləcəyini deyirlər.
Bu kimi hallarda diqqətli olmaq vacibdir. Əgər hansısa şəxs müəyyən bir qurum adından danışırsa, mütləq həmin qurumun rəsmi məlumatlarını təqdim etməlidir. Məsələn, bank adından müraciət edilirsə, rəsmi bank telefon nömrəsi olmalıdır və ya vətəndaş özü bankla əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməlidir.
Heç bir halda şəxsi məlumatlar paylaşılmamalıdır. FİN kodu, bank kartı məlumatları, SMS kodlar, istifadəçi adı və şifrə kimi giriş məlumatları üçüncü şəxslərə verilməməlidir.
Ümumiyyətlə, sosial şəbəkələrdə şübhəli hesablar aşkar edildikdə həmin şəxslər bloklanmalıdır. Çünki bu cür fəaliyyətlər çox ciddi fəsadlara səbəb ola bilər”.
Kibertəhlükəsizlik üzrə ekspert bildirib ki, əgər hər hansı halda bank kartı məlumatları qarşı tərəfə təqdim edilibsə, dərhal bankın mobil tətbiqi vasitəsilə və ya bankın rəsmi nömrəsinə zəng edərək kartın bloklanması tələb olunmalıdır:
“Bununla yanaşı, 102 xidmətinə — Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə məlumat verilməlidir. Eyni zamanda e-gov üzərindən müraciət mərkəzinə də şikayət etmək mümkündür.
Mümkünsə, sübut kimi kiberdələduzlara aid ekran görüntüləri, yazışmalar, profil linkləri və mesaj tarixçələri saxlanılmalı və şikayət zamanı mütləq təqdim edilməlidir.
Praktikada qızıl qayda ondan ibarətdir ki, sosial şəbəkələrdə tanımadığınız şəxslər pul, yardım və ya dəstək tələb edirsə, bu halların 90 faizi dələduzluqdur və onlardan uzaq durmaq lazımdır.
Hətta bəzi hallarda tanıdığımız şəxslərin adından da WhatsApp və digər sosial şəbəkələrdə mesajlar göndərilir. "Uşağım xəstədir", "atam xəstədir", "bu məbləğdə pula ehtiyacım var" kimi müraciətlər edilir.
Şəxsi təcrübəmdə də bu cür hallar olub. Tanıdığım şəxsin adından eyni məzmunlu mesajlar həmin vaxtda bir neçə adama göndərilib. Sonradan məlum olub ki, həmin şəxsin hesabı ələ keçirilib və onun dost siyahısındakı insanlardan pul istənilib. Belə vəziyyətlə qarşılaşdıqda mütləq şəkildə adından mesaj göndərilən şəxslə əlaqə saxlanılmalı və məlumat dəqiqləşdirilməlidir”.
Pərvin Şakirqızı