Ermənistanda Qərb qalib gələcək, yoxsa Şərq?- Seçkiöncəsi mənzərə və proqnoz...
Ekskluziv
242
09:00, Bu gün

Ermənistanda Qərb qalib gələcək, yoxsa Şərq?- Seçkiöncəsi mənzərə və proqnoz...

“Tərəflərin kəşfiyyat imkanları təxminən bərabər olsa da, hərbi gücdə Rusiya tam üstünlüyə malikdir. Lakin Ermənistan ordusu, polisi və xüsusi xidmət orqanlarının dövlətə sədaqəti tam təmin edilsə, Qərb Rusiyanı sözügedən məsələdə də küncə sıxışdıracaq...”
 
“Ermənistanın ictimai-siyasi, sosial-iqtisadi həyatının bütün sahələrində üstünlük Qərbə məxsus olsa da, Rusiya hərbi güc tətbiq etməklə onların üstündən bir an içində xətt çəkə bilər...” 
 
“Ermənistan və Gürcüstanın təhlükəsizliyi məsələsi Qərbi həm Türkiyə Cümhuriyyətindən, həm Azərbaycan Respublikasından, qismən isə İran İslam Respublikasından asılı vəziyyətə salıb...”
 
Tanınmış tədqiqatçı Araz Şəhrilinin Moderator.az əməkdaşının “Ermənistandakı seçkiöncəsi mühiti və prosesləri necə təhlil edərdiniz və hansı nəticələri proqnozlaşdırırsız?” sualına cavab olaraq hazırladığı analitik araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxırıq:
Ermənistanda bu il iyunun 7-də keçiriləcək parlament seçkilərininb, ümumiyyətlə, bu ölkədə Qərblə Şərq arasında gedən mübarizənin nəticələrini proqnozlaşdırmaq üçün aşağıdakı amilləri nəzərə almalıyıq:
 
1-ci amil - sərhədlər:
 
- Azərbaycanla sərhəd xəttinin uzunluğu: 996-1007 km.
 
- Türkiyə ilə sərhəd xəttinin uzunluğu: 311-328 km.
 
- Gürcüstanla sərhəd xəttinin uzunluğu: 214-224 km.
 
- İranla sərhəd xəttinin uzunluğu: 35-44 km.
 
Nəticə: 
 
Ermənistanın Türkiyə və Azərbaycanla sərhəd xəttinin ümumi uzunluğu 1307-1335 km-dir. Bu amil Nikol Paşinyan hökuməti üçün əlverişlidir. NATO ölkəsi olan Türkiyə ilə sərhəd həm də Qərbə birbaşa çıxış deməkdir. Robert Köçəryan və Serj Sərkisyanın başçılıq etdiyi müxalifətin “payına” isə yalnız Gürcüstanla 224 km-lik sərhəd xətti düşür. Həmin xətt Rusiya Federasiyası üçün müəyyən imkanlar yaratsa da, buradan Ermənistana birbaşa təsir göstərmək mümkün deyil. Düzdür, Rusiyanın situativ müttəfiqi olan İranla 44 km-lik sərhəd xəttini də bunun üstünə gələ bilərik. Amma nəzərə almalıyıq ki, bölgədəki proseslərə Rusiyanın öz baxışı var, İranınsa öz baxışı... Bir sözlə, iki böyük dövlət arasında ziddiyyətlər yox olmayıb. Bu isə öz növbəsində yenə də Nikol Paşinyan iqtidarının və Qərbin xeyrinədir.
 
2-ci amil - ölkə daxilində hərbi güc və kəşfiyyat imkanları:
 
Rusiya Federsiyasının malik olduğu mövqelər:
 
-  Rusiya Federasiyasının Gümrü şəhərində yerləşən 102-ci hərbi bazası. Orada 4.000 hərbçi xidmət keçir. 
 
- Rusiya Federasiyasının Gümrü, Armavir, Artaşat və Mehri rayonlarındakı sərhəd dəstələri. 
 
- Rusiya Federasiyası və Belarus Respublikasının Ermənistan Respublikasındakı səfirlikləri. 
 
- Rusiya Federasiyasının Ermənistan Respublikasında fəaliyyət göstərən “Qazprom Ermənistan”, “Rosneft Ermənistan”, “VTB Bank”, “Viva Ermənistan”, “Taşir qrup”, “Ermənistanın elektrik şəbəkələri” kimi iri şirkətləri. 
 
Qeyd: 
 
Ermənistan ordusunun ağır və yüngül silahlarının əksəriyyəti keçmiş SSRİ və ya RF-də istehsal olunub.
 
İzah: 
 
Gümrüdəki hərbi baza birbaşa güc amilidir. Həmçinin hərbi baza, sərhəd dəstələri, səfirlik və şirkətlər Rusiya kəşfiyyatının effektli fəaliyyəti üçün şərait yaradır.
 
Qərbin malik olduğu mövqelər:
 
- ABŞ, Almaniya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Fransa, Polşa, Rumıniya, Yunanıstan və Litva kimi NATO ölkələrinin, eləcə də ABŞ-ın etibarlı müttəfiqləri - Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna Respublikasının Ermənistan Respublikasındakı səfirlikləri. Təkcə ABŞ-ın Ermənistandakı səfirliyində 2.000 əməkdaş çalışır… 
 
- ABŞ, Almaniya və Fransanın Ermənistanda fəaliyyət göstərən şirkətləri. Lakin onların sayı çox deyil. 
 
- Ermənistan Respublikasının silahlı qüvvələri və hüquq-mühafizə orqanları. Ölkənin silahlı qüvvələrində 44.000 hərbçi, DİN-də isə 10.000 polis xidmət edir.
 
İzah: 
 
ABŞ səfirliyi əməkdaşlarının sayı onu göstərir ki, Qərb Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğunu nəzərə alır. Amma burada bir vacib məsələ var: Hələlik ABŞ-ın yaratdığı balans yalnız kəşfiyyat sahəsinə aiddir. Onun Ermənistanda birbaşa hərbi gücü yoxdur. Rusiyanın ticarət və digər  nümayəndəlikləri mövqeyindən aparılması ehtimal olunan kəşfiyyat fəaliyyətinin təsirini isə ABŞ öz müttəfiqlərinin Ermənistandakı diplomatik nümayəndəliklərinin köməyilə neytrallaşdırmağa çalışır.
 
Nəticə: 
 
“Birbaşa canlı qüvvə” amilini belə qiymətləndiririk: Tərəflərin kəşfiyyat imkanları təxminən bərabər olsa da, hərbi gücdə Rusiya tam üstünlüyə malikdir. Lakin Ermənistan ordusu, polisi və xüsusi xidmət orqanlarının dövlətə sədaqəti tam təmin edilsə, Qərb Rusiyanı sözügedən məsələdə də küncə sıxışdıracaq. Qərbin dəstəyilə Ermənistan ordusunda aparılan islahatlar uğurlu olsa, yəqin ki, məhz bu baş verəcək…
 
3-cü amil  - sosial baza.
 
Rusiyanın Ermənistandakı sosial bazası əsasən bu təbəqələrdir: 
 
- “Qarabağlı”lar, Robert Koçaryan bandasının fəal üzvləri. Erməni mənbələrinin sözsüz ki, şişirdilmiş məlumatlarına görə, Ermənistan Respublikasında yaşayan ermənilərin təxminən 20 faizi, yaxud 600.000 nəfəri “qarabağlı”dır. Yəqin ki, həqiqi rəqəm bundan ən azı 30-40 faiz aşağıdır. Bu yalanın səbəbini isə Ermənistan daxilindəki siyasi mübarizədə axtarmaq lazımdır…
 
- Rusiya yönümlü partiya və siyasi hərəkatlar: 
Bunlardan ən güclüləri Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan”siyasi bloku (“Dirçəlmiş Ermənistan” və parlamentdə 29 yerə sahib olan “Daşnaksütyun” partiyalarının birliyi), Serj Sərkisyanın rəhbərlik etdiyi, 180.000 üzvü olan Ermənistan Respublikaçı partiyası, biznesmen Qagik Sarukyanın rəhbərlik etdiyi, 20.000 üzvü olan “Çiçəklənən Ermənistan”, David Saakyanın rəhbərlik etdiyi, 18.000 üzvü olan Ermənistan Kommunist partiyasıdır.
 
- Rusiyada yaşayan, işləyən və ya maddi vəziyyəti Rusiyadan asılı olan ermənilər. 2010-cu ilin məlumatına görə, Rusiya Federasiyasında 1.700.000 erməni yaşayır. Onlar əsasən Krasnodar (282.000) və Stavropol (162.000) diyarlarında, Moskva (107.000) və Sankt-Peterburq (20.000) şəhərlərində, Rostov (111.000) və Moskva (64.000) vilayətlərində, Krımda (10.000) məskunlaşıblar. Bu ölkədəki ermənilərin 1.200.000 nəfəri Rusiya, təxminən 500.000 nəfəri isə Ermənistan vətəndaşıdır.
 
- Rusiya Federasiyasının hərbi və mülki təyinatlı təhsil müəssisələrini bitirmiş ermənilər. Təkcə 2016-cı ildə Rusiyanın hərbi məktəblərində Ermənistanın 200 vətəndaşı təhsil alıb. 2024-cü ildə bu rəqəm Rusiyanın təşəbbüsü ilə 280 nəfərə çatdırılıb. Rusiya Federasiyasının mülki təyinatlı ali təhsil müəssisələrində isə yalnız 2023-cü ildə 5.000 erməni oxuyub. Onların təxminən üçdə biri Ermənistan vətəndaşı olub. Hazırda Rusiyada təhsil alan Ermənistan vətəndaşlarının sayı 2.000 nəfərdən çoxdur.
 
- Rusiya şirkətlərində çalışanlar. Lakin sonuncuların sayı azdır və onlar iş yerlərini dəyişdikdə öz mövqelərini də asanlıqla dəyişə bilərlər.
 
- Rusiya ordusunun tərkibində Ukrayna Respublikasına qarşı aparılan hərbi əməliyyatlarda iştirak edən ermənilər. Bəzi məlumatlara görə, hazırda onların sayı 15.000 nəfərdir. Onu da vurğulayaq ki, həmin rəqəm yalnız bugün döyüşənlərə aiddir. Nəzərə alaq ki, xeyli tərxis olunmuş da var. 
 
- Keçmiş SSRİ üçün nostalgiya hissi keçirən ermənilər. Lakin onların əksəriyyəti yaşlılardır. 
 
- Kriminal aləmin bəzi nümayəndələri, həmçinin vaxtilə dövlət strukturlarında işləmiş və ya hazırda da çalışan korrupsiyalaşmış məmurlar. Bugün təxminən 30 erməni “qanuni oğru” adını daşıyır. Şübhəsiz ki, nəinki Rusiya, həm də istənilən digər dövlət onlardan və  korrupsionerlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd göstərə bilər.
 
- Erməni qriqoryan kilsəsinin bəzi din xadimləri və onların ardıcılları. Belə ki, erməni kilsəsinin başçıları, o cümlədən katolikos II Qareginlə Rusiya dövləti arasında müəyyən bağlılıq mövcuddur. Nikol Paşinyanın erməni kilsəsi ilə konfliktinin kökündə məhz bu məsələ durur. Onu da vurğulayaq ki, Rusiya Federasiyasında 111 erməni kilsəsi fəaliyyət göstərir. Ermənistanda yaşayan 2.961.801 ermənidən 2.784.553 nəfəri erməni qriqoryan kilsəsinə etiqad edir. Amma bununla yanaşı, onların əksəriyyəti kilsənin Nikol Paşinyana qarşı aqressiv münasibətini dəstəkləmir. 
 
- Ermənistan Respublikasında yaşayan ruslar və pravoslavlar. Rəsmi statistikaya əsasən, Ermənistanda 12.000 rus yaşayır, 3.500 erməni isə rus pravoslav kilsəsinə etiqad edir. 
 
Qərbin Ermənistandakı sosial bazasına aşağıdakı kateqoriyaları aid etmək olar:
 
- Rəy sorğularına əsasən, Ermənistanın Qərblə yaxınlaşmasını dəstəkləyənlər. Onlar Ermənistan cəmiyyətinin təxminən 75-77 faizini təşkil edir.
 
- Qərbyönümlü siyasi partiya və hərəkatlar. Onlardan “Milli Demokratik Partiya”, “Ermənistanın Avropa partiyası”, “Maariflənmiş Ermənistan”,  “Respublika naminə”, “Respublika” kimi partiyaların adlarını qeyd edə bilərik. Lakin bu təşkilatlar arasında birlik və koordinasiya zəifdir. Sözügedən partiyaların hamısının əsas məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə yaxınlaşdırmaqdır. Maraqlıdır ki, onların əksəriyyəti Ermənistanın eyni zamanda həm ABŞ-la, həm də İranla müttəfiq olmasını istəyir. Bəziləri isə Nikol Paşinyan iqtidarına, eləcə də Türkiyə və Azərbaycanla münasibətlərin düzəlməsinə qarşı da çıxış edirlər. 
 
- NATO ölkələrində daimi və ya müvəqqəti məskunlaşmış ermənilər. Hazırda onların sayı 1.100.000 nəfərdir. Bu rəqəmi həqiqətə uyğun hesab edə bilərik. Həmin ermənilərin bir hissəsi Ermənistan Respublikasının vətəndaşıdır. Bəzi erməni mənbələrinin təqdim etdikləri şişirdilmiş rəqəmlərə görə isə NATO ölkələrində yaşayan ermənilərin sayı təxminən 3.200.000 nəfərdir.
 
- ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Yeni Zellandiya və Avropa ölkələrinin hərbi və mülki təyinatlı təhsil müəssisələrini bitirmiş ermənilər.  1994-cü ildən yüzlərlə erməni zabiti NATO-nun müxtəlif tədris proqramlarında iştirak edib. Yalnız 2016-cı ilədək təkcə Yunanıstanda 200 erməni zabiti hərbi təhsil alıb. 2012-2013-cü illərdə NATO ölkələrinin mülki təyinatlı ali təhsil müəssisələrində isə 2.000 erməni oxuyub. Hazırda həmin rəqəmin xeyli artdığı güman edilir. Erməni gənclərinin əksəriyyəti  məhz bu ölkələrə üstünlük verir.
 
- Qərb ölkələri üçün ənənəvi sayılan dinlərə etiqad edənlər. Ermənistan vətəndaşlarından 29.280 nəfəri protestant, 13.843 nəfəri katolik, 8.695 nəfəri Yehova şahididir.
 
Nəticə: 
 
Ayrı-ayrı elementlər üzrə Rusiyanın təsir imkanları kifayət qədər böyük olsa da, üçüncü amildə üstünlük birmənalı olaraq Qərbə məxsusdur. Nikol Paşinyan iqtidarı məhz buna görə Rusiyanın təzyiqləri qarşısında duruş gətirə bilir…
 
4-cü amil - iqtisadiyyat:
 
- Ermənistan idxalının 37-40 faizi, ixracının isə 30 faizi Rusiyanın payına düşür. Buğdanın 92 faizi, təbii qazın 100 faizi Rusiyadan alınır.
 
- Ermənistan idxalıının 23 faizi, ixracının isə təxminən 39 faizi ABŞ və onun 13 müttəfiqinə, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə (idxalın 3 faizi, ixracın 30 faizi) aiddir. 
 
Nəticə: 
 
Qərbin statistik göstəriciləri Rusiyanın statistik göstəricilərindən çox zəif olmasa da, həmin pay bir deyil, 14 ölkəyə məxsusdur. Bu isə pərakəndəlik və Rusiyanın üstünlüyü deməkdir. Elə buna görə də ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistana səfəri zamanı söz verdi ki, ölkəsi Ermənistan iqtisadiyyatına, xüsusilə energetika və süni intellekt kimi sahələrə ümumilikdə 13 milyard dollar investisiya qoyacaq. Həmin plan reallaşsa, Qərbin Ermənistan iqtisadiyyatına təsiri əhəmiyyətli olacaq və Rusiyanı bu sahədə də qabaqlayacaq…
 
5-ci amil - birbaşa hərbi təhdid.
 
- Ermənistan sərhədindən Rusiya sərhədinədək məsafə düz xətt üzrə 400 km-dir.
 
- Ermənistan sərhədindən ABŞ-ın Türkiyə Cümhuriyyətindəki İncirlik hərbi bazasına qədər məsafə düz xətt üzrə 700 km-dir.
 
İzah: 
 
Rusiya bu məsələdə sözsüz ki, böyük üstünlüyə malikdir. Əvvəla, Ukrayna müharibəsi göstərdi ki, Rusiya dövləti məqsədəuyğun hesab etdiyi halda keçmiş SSRİ-nin istənilən ölkəsinə hücum edə bilər. Buna təhlildə analogiya, proqnozlaşdırmada isə ekstrapolyasiya, yəni tarixi təcrübənin nəzərə alınması deyilir. Düzdür, Rusiyanın qarşısında ciddi maneələr də var: Bunlardan biri Ukrayna ilə davam edən müharibə, digəri Ermənistandan əvvəl Gürcüstanın işğalı zərurəti, üçüncüsü isə məsələnin mənəvi-etik tərəfidir. Belə ki, dünya xristianlarının əksəriyyəti həm Ermənistana, həm də Gürcüstana balaca, amma çox “əzabkeş” xristian ölkələri kimi baxır. Bu təsəvvür həqiqətdən çox uzaq, uydurma məlumatlara əsaslansa da, onların şüurunda özünə möhkəm yer edib. Lakin Gürcüstan və Ermənistanda proseslər Rusiya üçün tamamilə əlverişsiz xarakter alsa, şimal qonşumuz heç nəyə baxmayaraq məhz bu addımı ata bilər. Nəzərə almalıyıq ki, belə bir situasiya yaransa, ABŞ Ermənistana və ya Gürcüstana görə Rusiya ilə müharibə etməyəcək. Buna heç Türkiyə də yol verməyəcək…
 
YEKUN NƏTİCƏ: 
 
Ermənistanın ictimai-siyasi, sosial-iqtisadi həyatının bütün sahələrində üstünlük Qərbə məxsus olsa da, Rusiya hərbi güc tətbiq etməklə onların üstündən bir an içində xətt çəkə bilər. Onun baş vermə vaxtını proqnozlaşdırarkən bu yazıda qeyd etdiyimiz, eləcə də göstərmədiyimiz digər amillər nəzərə alınmalıdır. Hərbi müdaxilə olmasa Ermənistanın Qərblə yaxınlaşması davam edəcək. Sonda bir məsələni də qeyd edək ki, Ermənistan və Gürcüstanın təhlükəsizliyi məsələsi Qərbi həm Türkiyə Cümhuriyyətindən, həm Azərbaycan Respublikasından, qismən isə İran İslam Respublikasından asılı vəziyyətə salıb...
 
Müəllif: tədqiqatçı Araz Şəhrili
 
14.02.2026.
 
Təqdim etdi: 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər