İlham Əliyevin “France 24”-ə “yox” deməməsi, dövlət başçısının media və söz azadlığına münasibətini əsk etdirir
Ekskluziv
410
14 Feb 2026 | 23:16

İlham Əliyevin “France 24”-ə “yox” deməməsi, dövlət başçısının media və söz azadlığına münasibətini əsk etdirir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxen şəhərində Fransanın aparıcı televiziyalarından olan “France 24” telekanalına müsahibə verib.

Müsahibəsində Azərbaycan-Fransa münasibətləri, eləcə də erməni separatçıları ilə bağlı suallara hər zamankı kimi səlis, məntiqli və təkzibedilməz faktlarla cavab verən İlham Əliyev, bu dəfə də media platformasında həyata keçirilən bütün hücumları “mat”la cavablandırdı. Müzəffər Ali Baş Komandan öz hazırcavablığı və heyrətamiz məntiqi ilə sübut etdi ki, hərb və diplomatiya müstəvisində olduğu kimi, media platformasında da “məğlubedilməzlik kəməri” ona məxsusdur və bu “kəməri” kimsəyə güzəştə getmək fikrində deyil.

İlham Əliyev “France 24”-ün müsahibə istəyinə “yox” deməməklə özünün media və söz azadlığına olan münasibətini ortaya qoydu. Dövlət başçısı bununla sübut etdi ki, o, mediaya – hətta Azərbaycana qarşı böhtan kampaniyası aparan Fransa dövlətinin televiziyasına belə ehtiram göstərməyi, onun suallarını cavablandırmağı vacib hesab edir.

Bundan başqa, dövlət başçısı “France 24” telekanalına müsahibə verməklə istənilən sualı cavablandırmağa hazır olduğunu, heç bir hadisə və prosesin onun üçün “çətin mövzu” olmadığını isbatladı. İlham Əliyev “France 24”-ün müxbirinin erməni separatçıları ilə bağlı ardıcıl və qərəzli suallarını nəinki cavabsız qoymadı, bu sualların hər birini ətraflı şəkildə cavablandırmaqla həm erməni separatizmini, həm də onu himayə edənlərin anti-insani simasını, taixi  ədalətsizliyini gözlər önünə sərdi.

Bir sözlə, Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsi ilə özünü “demokratiyanın əsas carçılarından” biri hesab edən Fransaya növbəti dəfə dərs verdi. Azərbaycanın dövlət başçısı isbatladı ki, əsl demokratiya sözdə deyil, əməldə təzahür edilməsi gərəkən bir dəyərdir və hələ ki, Fransa dildə səsləndirdiyi bu dəyəri felən reallaşdırmaqda acizdir.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər