“Yüzlərlə rusdilli məktəbin mövcudluğu və s. fonunda Rusiya “5-ci kalonu
Ekskluziv
895
11:51, Bu gün

“Yüzlərlə rusdilli məktəbin mövcudluğu və s. fonunda Rusiya “5-ci kalonu"yla mübarizə” inandırıcı səslənmir...”

Yenə də iddia etmək olmaz ki, Rusiyanın Azərbaycanda təsir rıçaqları yoxdur...”
 
“Bu gün “Rusiya artıq Cənubi Qafqazdan getdi” demək tezdir. Amma “heç vaxt getməyəcək” demək də artıq köhnə düşüncədir...”
 
“Bir siyasi reallıq da lüstrasiya qanunlarının qəbul edilməməsi ilə bağlıdır. Sovet təhlükəsizlik arxivlərinin açılmaması, keçmiş sistemin təsir mexanizmlərinin tam deşifrə olunmaması o deməkdir ki, təsir strukturları hələ də kölgədə mövcud ola bilər...”
 
“Yüzlərlə rusdilli məktəbin mövcudluğu, rus mediasının sərbəst informasiya axını, mədəni təsir kanallarının açıq qalması fonunda “5-ci kalonla mübarizə” şüarı inandırıcı səslənmir. Mübarizə dərin, səssiz və bütöv bir şəkildə bütün sistemi əhatə etməlidir...”
 
“Sülh müqaviləsi imzalanarsa və iki dövlət əməkdaşlıq mərhələsinə keçərsə, Moskvanın əsas rıçağı – münaqişə faktoru – sıradan çıxar. Bu isə Rusiya üçün qəti bir məğlubiyyət olar...”
 
“Gunümüzdə Cənubi Qafqazda baş verənlər emosional şərhlərlə izah ediləcək bir durum deyil. “Rusiya artıq regiondan çıxdı” demək nə qədər tezdirsə, “Rusiya heç vaxt buradan getməz” demək də bir o qədər səthidir. Reallıq daha mürəkkəbdir...
 
Azərbaycan və Ermənistan hazırda tarixi bir mərhələdən keçir. Hal-hazırda yekunlaşmış bir durum yoxdur, davam edən bir proses var. Hər iki dövlətin siyasi kursunda bir məqam aydındır: Moskvanın təsir dairəsindən tədricən uzaqlaşmaq istəyi. Son onilliklərin təcrübəsi göstərdi ki, Rusiya münaqişə ocaqları yaradıb, sonra onları öz məqsədləri üçün idarə edən bir gücdür. Rusiyanın yaratdığı bir münaqişə nə qədər davam edərsə, münaqişə tərəflərinin Rusiyadan asılılığı da bir o qədər dərinləşir. Bölgəmizdə Ermənistan bunu daha ağrılı şəkildə yaşadı. Öz təhlükəsizlik sistemini Rusiyanın üzərində qurdu, sərhədlərini rus hərbçilərinə etibar etdi, enerji və dəmir yolu infrastrukturunu Moskvanın nəzarətinə verdi. Bunun müqabilində əvvəlcə olduqca üstün bir mövqe əldə etdi, sonra isə – 2020-ci ildə və sonrakı mərhələdə – gözlədiyi siyasi dəstəyi Rusiyadan ala bilmədi... 
 
Rusiyanın öz maraqları var – bu doğrudur. Amma Rusiya həm də güvəniləcək bir müttəfiq deyil. Baş nazir Nikol Paşinyanın 2018-dən etibarən başlatdığı yeni siyasi kurs ideoloji romantizm deyil, məcburiyyət idi. Ermənistan cəmiyyəti də ilk dəfə 2020-də açıq şəkildə gördü ki, “əbədi təhlükəsizlik zəmanəti” bir mifdir. Ermənistanın Rusiyadan bütün sahələrdəki asılılığının miqyasını təhlil etdikdə, Ermənistanın dövlət müstəqilliyinə inanmaq olmur. Ermənistanın gerçək mənada müstəqilliyinə nail olmaq istəyən Paşinyan hökuməti müəyyən qurbanlar bahasına illərdir ki, Rusiyadan qurtulmağa çalışır...
 
Azərbaycanın isə şərtləri və imkanları fərqli olduğu üçün siyasəti də fərqli oldu. 44 günlük müharibədən sonra yaranan reallıq Bakıya daha müstəqil manevr imkanları verdi. Yenə də iddia etmək olmaz ki, Rusiyanın Azərbaycanda təsir rıçaqları yoxdur. İqtisadi mənada Azərbaycan da Rusiyadan ciddi dərəcədə asılıdır. Azərbaycan Rusiyanın ümumi təsirini azaltmağa çalışdıqca, Kremlin aqressiyası ilə üzləşir. Təyyarə insidenti, diplomatik gərginliklər, Azərbaycanın səfirlik binasının Kiyevdə vurulması, Rusiyada azərbaycanlılara qarşı zorakılıq halları – bunların heç biri təsadüfi hadisə kimi görünmür. Moskva hər kəsə, o cümlədən Bakıya mesaj verməyi yaxşı bacarır...
 
ABŞ-ın vitse-prezidenti J. D. Vensin regiona səfəri və imzalanan sənədlər göstərir ki, Vaşinqton Cənubi Qafqazı artıq periferik zona kimi yox, geo-siyasi rəqabət məkanı kimi görür. ABŞ-ın regiona marağı aydındır: regionu Rusiya monopoliyasından çıxarmaq, onun yeni təhlükəsizlik arxitekturasında pay sahibi olmaq və öz iqtisadi və geo-siyasi maraqlarını qorumaq. ABŞ-ın regiona bu şəkildə daxil olması həm Azərbaycan, həm də Ermənistan üçün bir növ zəmanət mexanizmi kimi qəbul edilir. Aydındır ki, gerçək zəmanət kağız üzərində deyil, siyasi iradə və regional həmrəylik üzərində qurulmalıdır, yoxsa heç bir effekti olmaz. Bunun örnəyi Ukraynada görüldü...
 
Bu gün ABŞ-ı daha çox Ermənistandakı vəziyyət narahat edir. Çünki artıq başlamış olan bir strateji əməkdaşlığın zəif həlqəsi Ermənistandır. Ermənistandakı yaxınlaşmaqda olan seçkilərdən Paşinyan məğlub ayrılarsa, ABŞ-ın siyasəti suya düşər. Bunun üçün Paşinyana dəstək mahiyyətində manevrlərə də şahid olmaq mümkündür. Azərbaycan tərəfdə isə bənzəri bir siyasi hakimiyyət dəyişimi təhlükəsi yoxdur. Ümumi bir dəyərləndirmə siyasi stabilliyin qurulmaqda olan strateji əməkdaşlıq üçün şərt olduğunu ortaya qoyur.
 
Bəs Rusiya bölgədən asanlıqla gedəcəkmi? Buna inanmaq olduqca çətindir, çünki Cənubi Qafqaz Rusiya üçün olduqca strateji bir məkandır. Rusiya Cənubi Qafqazdakı təsir gücünü bərpa edərək əvvəlki təsir dairəsini yenidən inşa etməyə çalışır. Unutmaq olmaz ki, Ermənistan Rusiyadan hələ də ciddi şəkildə asılıdır. Rusiyanın Ermənistan üzərindəki təsiri təkcə hərbi baza ilə ölçülmür. Qeyd etdiyiniz kimi, Ermənistanın qaz sistemi, elektrik şəbəkəsi və dəmir yolları hələ də Rusiya strukturlarına bağlıdır. Ona görə də Ermənistanın Rusiyadan siyasi və iqtisadi asılılığı bir gündə aradan qalxa bilməz. Həmçinin Rusiyanın uzun illər ərzində Ermənistanda formalaşmış siyasi, informasiya və kadr şəbəkələri mövcuddur. Bu şərtlərdə Paşinyan Ermənistanı tam olaraq müstəqil edə biləcəkmi? Qonşuluqda bir Gürcüstan örnəyi var. Gürcülər bəzi demokratiya və rifah uğurlarını Azərbaycandan da, Ermənistandan da əvvəl əldə etmişdi; bu gün isə Gürcüstan Rusiyadan daha çox asılıdır...
 
Bəli, bir siyasi reallıq da lüstrasiya qanunlarının qəbul edilməməsi ilə bağlıdır. Sovet təhlükəsizlik arxivlərinin açılmaması, keçmiş sistemin təsir mexanizmlərinin tam deşifrə olunmaması o deməkdir ki, təsir strukturları hələ də kölgədə mövcud ola bilər. Məncə, Azərbaycanda rus dilində geniş təhsil şəbəkəsinin qorunub saxlanılması ciddi müzakirə mövzusudur. Söhbət hər hansı bir dilə qarşı mübarizədən getmir. Söhbət ondan gedir ki, əgər bizdəki strateji xətt Rusiya təsir dairəsindən çıxmaqdırsa, humanitar və informasiya sahəsində tam milli bir model də formalaşdırılmalıdır. Yüzlərlə rusdilli məktəbin mövcudluğu, rus mediasının sərbəst informasiya axını, mədəni təsir kanallarının açıq qalması fonunda “5-ci kalonla mübarizə” şüarı inandırıcı səslənmir. Mübarizə dərin, səssiz və bütöv bir şəkildə bütün sistemi əhatə etməlidir. Ümumiyyətlə, selektiv mübarizədən imtina etmək lazımdır...
 
Eyni vəziyyət Ermənistanda da keçərlidir. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan Rusiya iqtisadi və təhlükəsizlik sisteminə daha dərindən inteqrasiya olunub. Bu bağlılıqdan birdən-birə qurtulmaq mümkün deyil. Yeni bir siyasi kurs götürmək, onu bütün çətinliklərə rəğmən xalqa qəbul etdirmək, həm daxili rəqiblərlə, həm də xarici düşmənlərlə mübarizə apararaq hədəflərə çatmaq böyük əzm və mübarizə tələb edir. Əldə olunan uğurları qoruyub saxlamaq və böyütmək də asan iş deyil. Məhz buna görə Paşinyan hakimiyyəti paralel olaraq ordu islahatları, Qərblə təhlükəsizlik əməkdaşlığı və regional açılım xətti aparmağa çalışır...
 
Kremlin əsas siyasəti bu gün Azərbaycanla Ermənistan arasında strateji yaxınlaşmanın qarşısını almaqdan ibarətdir. Çünki sülh müqaviləsi imzalanarsa və iki dövlət əməkdaşlıq mərhələsinə keçərsə, Moskvanın əsas rıçağı – münaqişə faktoru – sıradan çıxar. Bu isə Rusiya üçün qəti bir məğlubiyyət olar. Hələlik Rusiya şərtlərin dəyişəcəyinə ümid edir...
 
Amma bir həqiqəti də qəbul etmək lazımdır: nə Azərbaycan, nə də Ermənistan yaxın perspektivdə Rusiyadan tam qopa bilər, çünki onlar arasında hələ də sıx iqtisadi əlaqələr var. Miqrasiya axını, enerji bazarları və təhlükəsizlik mexanizmləri kimi ciddi amilləri də unutmaq olmaz. Ona görə də Rusiyadan qurtuluş emosional bəyanatlarla deyil, mərhələli və sistemli siyasətlə mümkün ola bilər. Bu gün “Rusiya artıq Cənubi Qafqazdan getdi” demək tezdir. Amma “heç vaxt getməyəcək” demək də artıq köhnə düşüncədir. Regiondakı baş vermiş dəyişiklik olduqca aydındır. Güc balansındakı status da dəyişib, sadəcə bunu qalıcı bir hala salmaq lazımdır. Hazırda Bakı və İrəvan ABŞ-ın dəstəyi ilə bu tarixi vəziyyətdən istifadə edərək qalıcı sülhə və əməkdaşlığa nail olmağa çalışır. Əgər bunu bacarsalar, Moskvanın regiondakı real təsir imkanlarını kökündən çıxarmağı da bacaracaqlar. Bu hər iki dövlət üçün tarixi bir uğur sayıla bilər...”
 
Təqdim etdi:
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər