Bizi sosial şəbəkələrdən izləyin:
“Bu səfərlər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Cənubi Qafqaz region ölkələrinin mövqeyini daha da möhkəmləndirəcək...”
ABŞ-ın vitse prezidenti Ceyms Devid Vensın Ermənistana və Azərbaycana 3 günlük səfərləri ciddi rezonans doğurdu və bu Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Birləşmiş Ştatlar prezidenti Donald Tramp sələfi Cozef Baydendən fərqli olaraq praqmatik siyasət yürüdür və regionun əhəmiyyətini dərindən anlayır. Odur ki, hazırkı ABŞ lideri regionda sülhün təşviq olunmasına, kommunikasiyaların açılmasına və münasibətlərin normallaşmasına dəstəyini ifadə etməkdədir. Vensin verdiyi bəyanat və mesajlar Vaşinqtonun regionda möhkəmlənmək istəyini göstərdi.”
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov səsləndirib.
“Ermənistan Azərbaycanla iqtisadi, siyasi, hərbi, ticari və enerji əlaqələrini genişləndirməkdə maraqlıdır. İrəvanın Rusiyadan asılılığını minumuma endirmək üçün birgə layihələr həyata keçiriləcək. ABŞ Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması təkcə iki ölkə arasında yeni mərhələ deyil, eyni zamanda regionda əhəmiyyətli dəyişikliklər üçün geniş perspektivlərin açılması deməkdir. Aydındır ki, Azərbaycan Cənubi Qafqazda real və alternativsiz güc və siyasi iqtisadi mərkəzdir və beynəlxalq siyasətdə aktiv rol oynayır. Ölkəmiz eyni zamanda Moskva və Tehranın ambisiyalarının qarşısında duran faktordur. Vensın səfəri çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Cənubi Qafqaz region ölkələrinin mövqeyini daha da möhkəmləndirəcək. Ukrayna Rusiya müharibəsi və ABŞ-İran gərginliyi fonunda bu səfərlər vacib əhəmiyyət kəsb etdi və beynəlxalq oyunçulara əyani ismarıç oldu”, - deyə davamında Əli Orucov vurğulayıb.