“Şübhəsiz, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və digər şəxslərlə bağlı DTX tərəfindən ictimaiyyiləşdirilən məlumatlar ciddi mətləblərdən xəbər verir və bütün bunlara məhkəmə tərəfindən də qiymət veriləcək. Lakin indidən bir məqamı əminliklə demək olar ki, toplanan məlumatlar xarici dövlətlərin Azərbaycana münasibətdə düşmənçilik mövqeyindən çıxış etdiyini bir daha sübut edir”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, DTX-nın atdığı addımlar hansı kənar qüvvələrin Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olduğunu üzə çıxardı:
“Heç kimə sirr deyil ki, bəzi dövlətlər Azərbaycanı özünün əlaltısı kimi görmək istəyir. Azərbaycanın müstəqil siyasət yürütməsi, öz torpaqlarını azad etməsi, bölgədə söz sahibi olması, nüfuzunu artırması bu qüvvələri daha çox narahat edir. Buna görə də həmin qüvvələr Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdrlar.
Doğrudur, onlar başa düşürlər ki, bu, asan məsələ deyil. Amma yenə də buna cəhdlər göstərirlər.
Bu mənada DTX-nın məlum fəaliyyəti həm də xarici dövlətlər və onların xüsusi xidmət orqanlarının anti-Azərbaycan fəaliyyətinin ifşası kimi qiymətləndirilə bilər”.
Seymur ƏLİYEV