DTX Ramiz Mehdiyevlə yanaşı, həm də xarici xüsusi xidmət orqnlarının anti-Azərbaycan fəaliyyətini ifşa edib - TƏHLİL!
Ekskluziv
564
15:08, Bu gün

DTX Ramiz Mehdiyevlə yanaşı, həm də xarici xüsusi xidmət orqnlarının anti-Azərbaycan fəaliyyətini ifşa edib - TƏHLİL!

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı 12 fevral 2026-cı il tarixində açıqladığı ifşaedici faktlar media və sosial mediada ciddi müzakirələrə səbəb olmaqdadır. Uzun müddət ərzində hakimiyyətin ən yüksək pillələrinin birində təmsil olunan Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanları ilə əlaqəyə girərək Azərbaycandakı qanuni hakimiyyəti dəyişməyə cəhd göstərməsi, bu məqsədlə kənar güclərlə gizli danışıqlar aparması vaxtiylə ölkəmizin necə böyük təhlükələrlə üz-üzə qaldığından xəbər verir. Həmçinin, DTX-nın ortaya qoyduğu faktlar ölkə daxilindəki anti-Azərbaycan qüvvələrinin ifşasının gələcək təhlükəsizliyimiz baxımından nə qədər vacib və önəmli olduğunu göstərir.

İctimaiyyiləşdirilən faktların təhlili Ramiz Mehdiyev və ətrafındakı şəbəkənin şəxsi ambisiyaları, fərdi maraqları naminə Azərbaycan dövlətinin maraqlarına, ölkə qanunvericiliyinə zidd olan sistemli addımlar atdıqlarını, xarici xüsusi xidmət orqanlarının göstərişləri əsasında fəaliyyət göstərdiklərini isbatlayır. Lakin DTX-nın təqdim etdiyi faktlar yalnız Ramiz Mehdiyev və onun komandasını ifşa etməklə yekunlaşmır. Bu faktlar həm də xarici xüsusi xidmət orqanlarının anti-Azərbaycan fəaliyyətini ifşa edir.

DTX-nın ortaya qoyduğu ifşaedici faktlar dövlətimizin ikiqat uğuru, ikiqat nailiyyətidir, çünki...

DTX tərəfindən təqdim edilən faktlar onu deməyə əsas verir ki, Azərbaycandakı güclü hakimiyyət, Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil və cəsarətli siyasət, ölkəmizin sürətli inkişafı bəzi dövlətlərdə ciddi qısqanclıq doğurmuş, bu siyasət onların məkirli niyyətləri ilə uzlaşmadığı üçün həmin güclər Azərbaycan daxilindəki anti-milli qüvvələr vasitəsilə ölkə daxilində qarışıqlıq yaratmağa çalışmışdılar. Lakin Azərbaycan dövlətinin xüsusi xidmət orqanlarının sayıqlığı, yüksək peşəkarlığı nəticəsində Ramiz Mehdiyev şəbəkəsi ilə yanaşı, bu şəbəkəni idarə edən xarici xüsusi xidmət orqanları da ifşa edilmiş, onların Azərbaycan dövlətinin  maraqlarına zidd fəaliyyətinin, ölkəmizdəki proseslərə müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır. Bu baxımdan DTX-nın “Ramiz Mehdiyev işi” ilə bağlı fəaliyyətini dövlətimizin ikiqat uğuru, ikiqat nailiyyəti kimi qiymətləndirmək mümkündür.

“Kölgədəki” düşmən gün işığında: Artıq onların kimliyini və iş prinsipini bilirik!

Bundan başqa, DTX-nın ortaya qoyduğu sübutlar ölkəmizin gələcək təhlükəsizliyi baxımından mümkün riskləri daha dəqiqliklə müəyənləşdirməyə, qabaqlayıcı tədbirlər görməyə imkan verir. Ramiz Mehdiyevlə bağlı aşkarlanan gerçəkliklər imkan verir ki, rəsmi Bakı “kölgədə” qalaraq ölkə daxilindəki proseslərə sapı özümüzdən olan baltaların vasitəsilə müdaxilə etməyə çalışan, bununla da beynəlxalq hüququn şərtlərini kobud şəkildə pozan dövlətlərlə münasibətdə daha diqqətli davransın və onların ölkəmizə təsir mexanizminə, iş prinsipinə daha yaxından bələd olsun.

Bir sözlə, “Ramiz Mehdiyev işi” ilə bağlı yaşanan son olaylar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və bu peşəkarlıq ölkəmizi hər cür təhdid və təhlükədən hifz etməyə qadirdir.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər