“Ramiz Mehdiyev Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət edib”
Ekskluziv
1017
15:40, Bu gün

“Ramiz Mehdiyev Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət edib”

Nəsib Məhəməliyev: “Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir”

“DTX-nın sayıqlığı nəticəsində, ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə saat bundan öncə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun xəyanəti, habelə, qanunsuz vəsaitləri leqallaşdırması ilə bağlı çoxsaylı faktlar – foto-video görüntülər, səs yazıları yayımlayıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Ramiz Mehdiyev və onun anti-Azərbaycan fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib, DTX-nın təqdim etdiyi faktlara münasibət bildirib:

“DTX-nın yayımladığı, Ramiz Mehdiyevə məxsus səs yazısı, Azərbaycan ictimaiyyətində, o cümlədən məndə, sözün əsil mənasında şok effekti yaratdı. Səbail rayon məhkəməsi tərəfindən, Ramiz Mehdiyev barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilərkən, “Azərbaycanda Dövlət idarəetmə sisteminin dəyişdirilməsi” ilə bağlı yazı dərc olunmuşdu. Həmin yazıda, dövlətimizin müstəqilliyinin məhdudlaşdırılması, konstitusion quruluşunun tamamilə dəyişdirilməsi, seçkili orqanlara təyinatların, yeni yaradılacaq ,,dövlət şurası,, tərəfindən həyata keçiriləcəyi ilə bağlı cəfəng məlumatlar əksini tapmışdı. Ən dəhşətlisi isə, proseslərin xarici xüsusi xidmət orqanlarının rəhbərliyi ilə həyata keçirilməsi göstərilirdi.

                         

İndicə yayımlanan səs yazısında da, Ramiz Mehdiyevin xüsusi xidmət orqanının başçısının katibəsi və yaxud köməkçiləri vasitəsilə əlaqə yaratmağa çalışır. Konkret sənədin adını çəkməklə, məxsusi olaraq qeyd edir ki, təqdim edəcəyim sənəd, onun, (yəni həmin rəhbərin) maraq dairəsindədir. Bunun yalnız bir adı var. Vətənə xəyanət. Ümumiyyətlə, müstəqillik tariximizdə baş verən ictimai-siyasi prosesləri təhlil etdikdə, siyasətlə məşğul olan hər kəsə bəllidir ki, Ramiz Mehdiyev, Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət etmişdir. Faktlar da bir daha sübut edir ki, o ömrünün ahıl çağında da, nicatı bu ölkədə axtarır. Belə bir deyim var; “Allah, pis insanların ağlını əlindən alır”. Uzun illər ərzində hakimiyyətin üst qatında yer vermiş, bütün mümkün imtiyazları bəxş etmiş şəxsiyyətə, torpaqları işğaldan azad etməklə, 200 illik erməni separatçılığına birdəfəlik son qoyan, dünya erməniliyinə, onların lobbiçilərinə qalib gələn Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir.

Psixologiyada belə bir şey var:”Normal insan təşəkkür etməyi bacarmalıdır”. Ramiz Mehdiyev öz xislətini göstərdi. Yaxşı ki, peşəkar, dövlətin və millətin keşiyində duran xüsusi xidmət orqanlarımız, preventiv tədbirlərlə, Ramiz Mehdiyev kimilərinin iç üzünü açır. DTX-nın təqdim etdiyi faktlar, bir daha göstərdi ki, xüsusi xidmət orqanlarımızın ayıq-sayıqlığı nəticəsində, ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu. Bu, əməliyyatlar, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər