“...Çox ehtimal ki, Qərbin, xüsusilə ABŞ-ın Güney Qafqazla bağlı qurduğu siyasi strategiya, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı layihələrin mövcudluğu Paşinyan hakimiyyətinin dəyişilməsinə və bölgədə Rusiyanın maraqlarının bərpasına imkan verməyəcək...”
ABŞ vitse-prezidenti Ventsin Ermənistan və Azərbaycana səfərlərindən və hər iki dövlətlə bir sıra sənədlər imzalanmasında sonra bir çox həm yerli, həm xarici şərhçilər deyir ki, artıq Rusiyanın Cənubi Qafqazdan əli tamamilə üzüldü. Bəs görəsən, bu fikir reallığa nə qədər uyğundur. Rusiya Güney Qafqazdan belə asanlıqla əl çəkəcəkmi? Görəsən, bunun qarşısını almaq üçün hansı tədbirlər görə bilər?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Teymur Qasımlı bunları söyləyib:
“Birincisi, bizim İkinci Qarabağ müharibəsindəki qələbəmizdən və Rusiyanın Ukraynaya bu gün də davam edən təcavüzkar savaşı başlayandan sonra Qafqazda və ümumilikdə dünya nizamında böyük dəyişikliklər baş verir. Və bu şəraitdə Güney Qafqaz regionu dünya güclərinin diqqətini xüsusən cəlb etməkdədir. Çin, ABŞ və Avropadakı digər böyük güclər Türküstan- Mərkəzi Asiya kimi bu əraziyə də böyük maraq göstərir. Nəticədə bölgədə mühüm geo-siyasi və təhlükəsizlik prosesləri yaşanır...
Deyilən geo-siyasi şəraitdə Azərbaycanın Rusiya ilə apardığı praqmatik siyasət, eləcə də ABŞ-la Bayden administrasiyası dövründə məsafəli münasibət, ardınca isə Tramp dönəmində qurulan sıx əlaqələr kontekstində dövlətimizin regiondakı mövqeyi möhkəmlənib. Son illər Azərbaycan Avropa ilə də normal münasibətlər qurmaq yolu seçib. Və onu da demək lazımdır ki, son illlərədək xüsusən Mixail Saakaşvili dövründə Cənubi Qafqazda ABŞ-ın əsas strateji tərəfdaşı Gürcüstan olub. Hətta bir müddət rusiyapərəst sayılan İvanişvili rejimi ilə də Ağ Evin isti münasibətləri olub. Hal-hazırda isə xüsusən də ötən ilin 8 avqustundakı prezident Donald Trampın himayəsi ilə Vaşinqton görüşləri, həmçinin vitse-prezident Ci Dey Vensin hər iki ölkəyə son səfərlərindən və hər iki ölkə ilə strateji tərəfdaşlıqla bağlı müqavilələr imzalanmasından və s. sonra Birləşmiş Ştatların bölgədəki əsas tərəfdaşları məhz Ermənistanla Azərbaycandır...
Amma bütün bunlar, o cümlədən ABŞ-ın bölgədəki son gedişləri hələlik Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxmasına dəlalət etmir. İlk növbədə Ermənistanın hələ də Rusiya ilə hərbi əməkdaşlıq etməsi və ərazisində bu ölkənin hərbi bazalarının mövcudluğu, Kremlin bu ərazidən tamamilə sıxışdırılmasının qarşısını alır. Düzdü, xüsusən Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi səbəbindən Moskvanın Cənubi Qafqaz və Orta Asiya üzərindəki təsiri zəifləyib. Və hesab edirəm ki, yalnız Azərbaycan, Ermənistan həmçinin Gürcüstan dövlətinin birlikdə öz milli maraqlarına uyğun praqmatik siyasət izləmələri sayəsində Qərbin, ABŞ-ın da dəstəyi ilə Rusiyanın bu bölgədən tamamilə əlini üzmək mümkün olar.
Hazırda Rusiya artıq bölgədəki bir çox məsələlərə müdaxilə etməkdə çətinlik çəkir. Lakin Ermənistanın daxili siyasətindəki dəyişikliklər və gələcək seçkilər Rusiyanın regiondakı roluna təsir edə bilər. Ermənistanda Kremlin maraqlarına uyğun hakimiyyət dəyişməsi bu məsələyə yeni bir dinamika əlavə edə və nəticədə Rusiyanın bölgədəki təsirini yenidən bərpa etməsinə gətirib çıxara bilər. Bu məsələlər hələ tam olaraq aydın deyil, çünki gələcəkdəki siyasi vəziyyət, həm Ermənistanın daxilindəki, həm də Cənubi Qafqazdakı dəyişikliklərdən asılı olacaq.
Xüsusən qeyd etmək lazımdır ki, Ermənistanda iyun ayında gözlənilən parlament seçkiləri regiondakı siyasi mənzərəni dəyişdirə bilər. Nikol Paşinyan rəhbərliyindəki Ermənistan, Rusiyanın təzyiqlərinə baxmayaraq, praqmatik bir siyasət yürüdür. Lakin gələcəkdə, seçkilərin nəticələri bu siyasətin dəyişməsinə və ya daha da möhkəmlənməsinə səbəb ola bilər. Bu səbəbdən, Ermənistanda seçkilərlə bağlı prosesləri yaxından izləmək vacibdir, çünki seçkilərin nəticələri, regiondakı geo-siyasi balansı dəyişdirə bilər. Amma çox ehtimal ki, Qərbin, xüsusilə ABŞ-ın Güney Qafqazla bağlı qurduğu siyasi strategiya, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı layihələrin mövcudluğu Paşinyan hakimiyyətinin dəyişilməsinə və bölgədə Rusiyanın maraqlarının bərpasına imkan verməyəcək...”