“ABŞ vitse-prezidenti etiraf etmişdi ki, Paşinyanla görüşündə bu məsələ gündəmə gəlib və Ermənistan lideri ondan məsələni Azərbaycan rəsmiləri qarşısında qaldırmağı xahiş edib...”
“Azərbaycanda vardanyanlardan başqa, kimlərinsə haqsız iddiaları əsasında günahsız yerə yatan öz məhbuslarımız da yatmaqdadır...”
Çox güman ki, ABŞ-ın vitse-prezidenti Ci Dey Vens Bakıdakı görüşlər zamanı Azərbaycan rəhbərliyi ilə separatçı-terrorçu erməni liderlərin, o cümlədən Qarabağa işğalçı Rusiya lideri V.Putinin milyarder "desantı" kimi gəldiyi deyilən, bundan əvvəl isə onun və digərlərinin qara pullarını yuyan cinayətkar Ruben Vardanyanın azad edilərək Ermənistana verilməsi haqda da müzakirələr aparıb. Görəsən, prezident İlham Əliyev bununla bağlı nə cavab verib? Axı ABŞ prezidenti Donald Tramp da 8 avqustda Bakıdakı erməni məhkumlar barədə Azərbaycan prezidentinə müraciət etmişdi. Ümumiyyətlə, Azərbaycan üçün belə bir proses mümkün olarmı?..
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, ABŞ vitse-prezidenti C.D.Vens Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə, böyük ehtimalla, erməni məhkumların məsələsini gündəmə gətirib:
“Vensin Zvartnots Beynəlxalq Hava Limanında keçirilən mətbuat konfransında dilə gətirdiyi bəzi fikirlər də bu ehtimalı gücləndirir. Məlum olduğu kimi, ABŞ vitse-prezidenti həmin brifinqdə etiraf etmişdi ki, Paşinyanla görüşündə bu məsələ gündəmə gəlib və Ermənistan lideri ondan məsələni Azərbaycan rəsmiləri qarşısında qaldırmağı xahiş edib. Vens isə Paşinyanın xahişini nəzərə alacağına və Azərbaycan rəsmiləri ilə görüşdə bu məsələni qaldıracağına söz verib. Erməni separatçılarının son məhkəmə prosesində Vardanyandan başqa digərlərinin hamısına hökm oxunması da, məncə, təsadüfi deyil. Yəqin ki, Azərbaycan tərəfi Trampın müavininin hansı xahişlə Azərbaycana gələcəyini bildiyindən Vardanyanı ehtiyat variant kimi saxlayıb, qarşı tərəfin təkliflərini dəyərləndirmək və nəzərdən keçirmək istəyib. Bu da onu deməyə əsas verir ki, Vardanyan ABŞ-ın xahişi ilə azadlığa buraxıla bilər. Artıq barələrində hökm çıxarılmış erməni separatçıları isə, yəqin ki, öz cəzalarını çəkməli olacaqlar...”
Analitikin fikrincə, Vardanyan ABŞ-ın xahişi ilə azadlığa çıxarsa, həyatının çətin günləri bundan sonra başlayacaq:
“Bilirsiniz ki, o, Rusiya lideri Vladimir Putinin ən yaxın dostlarından idi. Qarabağa da yəqin ki, Putinin istəyi ilə getmişdi və separatçı qurumun Azərbaycana qarşı dirənişinə rəhbərlik etmək missiyasını həyata keçirirdi. Onun son 2 il yarım zaman ərzində həbsdə saxlanılması ən çox Putini narahat edirdi. Böyük ehtimalla, Putin də onun azadlığa buraxılması üçün Azərbaycan rəsmilərinə dəfələrlə ağız açmışdı. Azərbaycan isə bu xahişləri eşitmək istəmirdi. Amma indi Vensin bir xahişi ilə o, azadlığa buraxılarsa, Rusiyanın təsir dairəsindən çıxıb ABŞ-ın himayəsi altına girəcək. Rusiyanın hesabına milyardlarla dollara sahiblənmiş bir adamın ABŞ-ın himayəsinə girməsi Putinin nəzərində bağışlanılası günah sayıla bilməz. Yəqin ki, Vardanyan bundan sonra Rusiya ilə ABŞ arasında gərilmiş vəziyyətdə qalacaq. Sonunda hansı tərəfə yönəlməsindən asılı olaraq, ya Rusiya, ya da ABŞ tərəfindən xəyanətdə suçlanacaq. Bunun özü də əslində bir cəzadır və bəlkə də Azərbaycan onu Ermənistanda ikitirəlik yaratmaq üçün azadlığa buraxa bilər...
Vardanyanın son sözündə Füzuli və Hüseyn Cavid poeziyası ilə tanış olduğunu, Azərbaycan ədəbiyyatını kəşf etdiyini söyləməsi də təsadüfi deyildi. O, bununla sanki Azərbaycandan üzr istədiyini dolayısıyla diqqətə çatdırmaq istəsə də, əslində bəzi ehtimalları da etiraf edirdi. Bəlkə özü də istəmədən bildirirdi ki, Azərbaycanın xüsusi xidmət orqanları onunla hətta klassik ədəbiyyatımızın incilərini öyrədəcək qədər məşğul olublar. Ümid edirəm ki, Vardanyan bundan sonrakı həyatında Azərbaycan klassiklərinin hikmətamiz nəsihətlərindən ibrət dərsi çıxararaq hərəkət edəcək və həmişə rasional xətt tutmağa çalışacaq. Hər halda 2 il yarım ərzində onun da Azərbaycan tərəfinə verdiyi dəyərli informasiyalar az olmayıb, yəqin ki. Hətta səhv etmirəmsə, erməni məhkumların etirafları əsasında televiziya filmləri belə, hazırlanmış və son anda hansısa səbəblərdən onların efirə buraxılması dayandırılmışdı. İstənilən an bu informasiyaların ictimailəşdirilməsi də mümkündür. Başqa sözlə desək, Vardanyan təhlükə mənbəyi kimi tam zərərsizləşdirildikdən sonra azadlığa buraxıla bilər. Cəzanın əsas məqsədinin cinayətkara işgəncə vermək yox, onu islah etmək olduğunu nəzərə alsaq, Vardanyan Azərbaycan həbsxanalarından tamamilə fərqli şəxs kimi azad oluna bilər və yəqin ki, artıq islah olunub da. Bütün hallarda 2.5 il bir insanın islah olunması üçün kifayət qədər yetərli müddətdir...”
Heydər Oğuz sonda onu da vurğulayıb ki, Azərbaycanda vardanyanlardan başqa, kimlərinsə haqsız iddiaları əsasında günahsız yerə yatan öz məhbuslarımız da yatmaqdadır: “Könül istər ki, vardanyanlara göstərilən bu humanizm özümüzünkülərə də çox görülməsin”.
Sultan Laçın