“ABŞ-la əldə olunan razılaşmalar sayəsində yeni iş yerlərinin yaradılması və bunun nəticəsində də xalqın rifah səviyyəsinin yüksəlməsi mümkün olacaq...”
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ vitse-prezidenti C.D. Vensin Ermənistan və Azərbaycan səfərlərinin yekunları ilə bağlı Moderator.az-a açıqlama verib.
Tofiq Zülfüqarov bildirib ki, "Birincisi, bu iki səfər sülh prosesinə yeni təkan vermək məqsədilə təşkil olunmuşdu".
O, həmçinin qeyd edib ki, səfərlər Trampın öncədən bəyan etdiyi və əsasən onun layihəsi olan “TRİPP” layihəsini konkret şəkildə həyata keçirmək üçün təşkil edilib: "Bu baxımdan, sülh prosesi üçün yeni və əhəmiyyətli bir hadisə baş verdi."
Sabiq nazir vurğulayıb ki, həm 8 avqust Vaşinqton görüşlərində, həm də ondan sonra, əsas mövzular, həm Ermənistan-ABŞ, həm də Azərbaycan-ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı atılacaq addımlar olub. O həmçinin bildirib ki, Azərbaycanla əlaqəli olan əsas məsələlərdən biri 6 ay ərzində ABŞ və Azərbaycandan olan mütəxəssislər tərəfindən strateji əməkdaşlıq xartiyasının işlənməsi olub:
"Bu sənədin əsas məqsədi, iki ölkə arasında dostluq və strateji müttəfiqlik əməkdaşlığının əsas tezislərini və parametrlərini müəyyən etmək idi. Dünənki Vens-İlham Əliyev görüşündə isə bu sənədə imza atıldı", - deyə Tofiq Zülfüqarov diqqətə çatdırıb.
Zülfüqarov Ermənistanla ABŞ arasında da ikitərəfli məsələlərin müzakirə edildiyini və bəzi məsələlərin artıq həll olunduğunu qeyd edib.
Azərbaycanla bağlı isə keçmiş nazir hesab edir ki, ABŞ vitse-prezidentinin səfəri zamanı çox vacib razılaşmalar əldə olunub:
"Birləşmiş Ştatlar və Azərbaycan arasında müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı bir sıra təkliflər səsləndirilib. Bu təkliflərin bəziləri isə qapalı mövzulara aiddir".
O, səfər zamanı Azərbaycana böyük biznes şirkətlərinin rəhbər və nümayəndələrinin də gəldiyini və onlarla praktiki razılaşmalar aparıldığını vurğulayıb:
"Xüsusilə yüksək texnologiyalara yönəlik investisiyalar gözlənilir. Bilirsiz ki, müasir dövrdə dünyada ən vacib mövzulardan biri data-mərkəzlərin yaradılmasıdır. Bu mərkəzlər dünya internet şəbəkəsinin fəaliyyətini təmin edən əsas strukturlardan biridir və onların Azərbaycanda da qurulması planlaşdırılır."
Zülfüqarov bildirib ki, bu, ölkəmiz üçün çox mühüm bir mərhələdir:
"Çünki indiyə qədər Azərbaycan iqtisadiyyatının inkişafı əsasən enerji daşıyıcılarının ixracına əsaslanıb. İlk iki mərhələdə neft və qazın ixracı artıq həyata keçirilib, üçüncü mərhələdə yaşıl enerji layihələri də həyata keçirilməyə başlanıb. İndi isə data-mərkəzlərinin qurulması yeni bir perspektiv açır. Məsələn, həmin mərkəzlərin fəaliyyətini təmin etmək üçün çoxlu enerji tələb olunur, buna görə də Azərbaycanın enerji ehtiyatlarının əhəmiyyətli bir hissəsi öz ərazisində istifadə olunacaq."
Keçmiş nazir diqqətə çatdırıb ki, sözügedən işlər nəticəsində Azərbaycan artıq yalnız enerji daşıyıcılarının ixracına deyil, həm də yüksək texnologiya və böyük enerji tələb edən istehsal sahələrinə də önəm verməyə başlayacaq. "Bu da ölkəmiz üçün yeni tarixi bir mərhələdir", - deyə Zülfüqarov qeyd edib.
“ABŞ-la əldə olunan razılaşmalar sayəsində yeni iş yerlərinin yaradılması və bunun nəticəsində də xalqın rifah səviyyəsinin yüksəlməsi mümkün olacaq. Buna görə də, hesab edirəm ki, ABŞ vitse-prezidentinin Azərbaycan səfəri, dövlətimiz və xalqımız üçün çox yüksək səviyyədə olan tarixi bir hadisə kimi yadda qalacaq", - deyə sonda sabiq baş diplomat vurğulayıb.
Sultan Laçın