Ekskluziv
621
19:39, Bu gün

"Fevralın 19-da Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanıram. Çünki..."

"...Tramp, onun komandası və Sülh Şurası təşəbbüsünü dəstəkləyən tərəfdaşları Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını bu yeni qurumun dünyada sülh uğrunda apardığı işlərin bir nümunəsi kimi nümayiş etdirmək istəyirlər...”
 
Fevralın 19-da Ağ Evdə keçiriləcək Sülh Şurasının ilk iclası ilə bağlı maraqlı ehtimallar gündəmdədir. Bunlardan biri də  məhz həmin gün  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağıyla bağlıdır. Bu barədə Moderator.az-a açıqlama verən Qabil Hüseynli məsələnin reallaşması ilə bağlı  aşağıdakı fikirləri dilə gətirib:
 
 "Zənnimcə, bu, ağlabatan ehtimaldır və mümkündür. Ona görə ki, Tramp BMT-yə alternativ olaraq qurduğu təşkilat ilə əlaqədar olaraq sülhə yönəlik müzakirələri daha da gücləndirmək məqsədini daşıyır. Bu cür təşəbbüslər, münaqişələrin həlli üçün əhəmiyyətlidir. Və belə bir şəraitdə Sülh Şurasının görüntüsünü daha da koloritli etmək üçün uzun illərdir ki, həlli həyata keçməyən qarşıdurmanın və ya etnik münaqişənin sülh müqaviləsinin imzalanması ilə başa çatması və bunun da Trampın yaratdığı təşkilatın təsis yığıncağında baş verməsi məntiq etibarilə həmin tədbirin ideallarına və perspektivlərinə tam uyğun gəlir və yerinə düşür. Ona görə də mən doğrudan da fevralın 19-da Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanıram. Bu ehtimal barədə fikirləri ilk dəfə eşidən kimi dərhal məndə assosiasiya yarandı ki, Tramp, onun komandası və Sülh Şurası təşəbbüsünü dəstəkləyən tərəfdaşları Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını bu yeni qurumun dünyada sülh uğrunda apardığı işlərin bir nümunəsi kimi nümayiş etdirmək istəyirlər. Demək, istəyirlər ki, görürsünüz, biz sülh ideyasını əsas götürmüşük və onun da reallaşdırılmasına start verdik. 30 ildən çox münaqişə və savaş şəraitində yaşamış bu iki ölkə arasındakı sülh sazişi də buna ilk praktiki nümunədir. Hesab edirəm ki, ağıllı seçim ediblər. Təki sülh olsun..."
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər