Ermənistan indi də ABŞ-dan dron alır: Əcaba niyə?
Ekskluziv
191
17:14, Bu gün

Ermənistan indi də ABŞ-dan dron alır: Əcaba niyə?

Ermənistan ABŞ-dan dəyəri 11 milyon dollar olan pilotsuz kəşfiyyat texnologiyaları alacaq. Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.

Bundan başqa, Ermənistanın TRIPP fondu vasitəsilə 9 milyard dollar investisiya əldə edəcəyi də məlum olub.

Məlumat üçün qeyd edək ki, 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasından sonra da Hindistandan silah idxalını davam etdirən Ermənistanın indi də ABŞ-dan dronlar alması ciddi suallar doğurur.

Hər addımında “sülh” bağıran, Azərbaycan və Türkiyə ilə iqtisadi-siyasi münasibətləri tədricən inkişaf etdirməyə başlayan, yeni müharibə ehtimalını təkidlə inkar edən Ermənistanın ABŞ-dan hərbi dronlar alması nə ilə bağlıdır? Hansı zərurət Ermənistanı ABŞ-la hərbi əməkdaşlığa vadar edir?

Şübhsəsiz, Ermənistanın sürətlə silahlanma yarışını davam etdirməsi rəsmi İrəvanın qaranlıq məqsədlərindən, “ehtiyat variant və gələcəyə hesablanan bədxah niyyətlərindən” xəbər verir.

Həm Fransa və Hindistandan, həm də ABŞ-dan həbi məhsullar alan Ermənistanın bununla yeni hərbi qarşıdurmalara hazırlaşdığı göz önündədir. Mövcud reallıqlar Ermənistanı hazırkı stats-kvo ilə barışmağa vadar etsə də, erməni faşizminin özü üçün əlverişli hesab etdiyi bir zamanda yenidən baş qaldıracağı birmənalıdır. Azərbaycan tarixi bu cür faktlarla zəngindir. Hansı ki, Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə yeni qarşıdurma ehtimalının mümkünlüyünü vurğulayıb, hər zaman belə bir qarşıdurmaya hazır olmağın zəruriliyini qeyd edib.

Nümunə üçün qeyd edək ki, 14 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bu ehtimalı bir daha dilə gətirib, yeni qarşdırurmalara hazır olmağın vacibliyini qeyd edib:

“İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”. (//president.az/az/articles/view/52446 ).

Dövlət başçısı 21 avqust 2025-ci ildə Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə məskunlaşan sakinlərlə görüşü zamanı da daim ayıq-sayıq olmağın önəmini vurğulayıb. Dünyada proseslərin sürətlə dəyişdiyini bildirən Prezident İlham Əliyev, bütün gözlənilməzliklərə hazır olmağın əhəmiyyətinə toxunub:

“Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb.

Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”. (//president.az/az/articles/view/69911 ).

Prezident İlham Əliyevin məlum xəbərdarlıq və tövsiyyələri, eləcə də, Ermənistanın durmadan silahlanması mümkün hərbi qarşıdurmalarla bağlı deyilənlərin mif olmadığını, hər an gerçəkləşə biləcək ehtimallar olduğunu göstərir. Bu isə o deməkdir ki, Azərbaycan Ermənistanın silahlanma cəhdlərini ifşa etməklə yanaşı, öz müdafiə və təhlükəsizliyini gücləndirməkdə davam etməli, 8 Noyabr zəfərini təkrarlamağa hazır olmalıdır.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər