“Türkiyə nüvə silahı olmadan da böyük nüfuza malikdir”
Ekskluziv
339
15:45, Bu gün

“Türkiyə nüvə silahı olmadan da böyük nüfuza malikdir”

Bugünlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan maraqlı açıqlama ilə çıxış edib. Türkiyənin XİN rəhbəri bildirib ki, əgər regionda hansısa ölkədə nüvə silahı  peyda olsa, o zamn Türkiyənin də nüvə silahları yarışına qoşulması qaçılmaz ola bilər.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov, Türkiyənin nüvə silahı olmadan da böyük nüfuza və gücə malik olduğunu vurğulayıb:

“Türkiyə XİN rəhbəri Hakan Fidanın bu bəyanatı, əslində, ABŞ-ın İranın nüvə silahına sahib olmaması üçün göstərdiyi həssasiyyətin nə qədər yerində olduğunu göstərir. Regionda bir dövlətin nüvə silahına sahib olması domino daşları effekti yaradır və digər region dövlətləri də nüvə silahına sahib olması üçün hərəkətə keçirir. Bu baxımdan nüvə silahına sahib olmaq çəkindirici faktor rolu oynasa da, çox böyük təzyiq gücü də hesab edilir. Odur ki, nüvə silahına dünyada nə qədər az ölkələr sahib olsalar, dünya bir o qədər təhlükəsiz yer olar.

Türkiyənin nüvə silahına sahib olması məsələsi regional tarazlıq baxımından təhlükəli ola bilər. Bu, istər-istəməz qarşı tərəflərin istəyini də tətikləyəcək. Regionda nüvə silahına sahib olmaq üçün yarış başlayacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu silaha sahib olmaq istəyən ölkənin ətraf ölkələrə hansısa iddiası olur. Odur ki, Türkiyənin bu istəyi ifadə etməsi indidən qonşu ölkələr arasında tədbir görmək üçün instinktiv addımlar formalaşdırır. Onlar artıq Türkiyəni özlərinə təhlükə mənbəyi kimi hesab edirlər. Bu baxımdan, hesab edirəm ki, dünyada mövcud olan nüvə ölkələri bəs edir ki, dünyada təhlükə mənbəyi olsunlar. Amma onlar çoxdan bu silaha sahib olduqlarından geosiyasi tarazlıqlar yerinə oturub. Yeni bir ölkənin nüvə silahına sahib olması müxtəlif regionlarda bu məsələni aktivləşdirər. Dünya idarəolunmaz duruma gələr.

Türkiyə zatən min illik tarixi ilə nüvə silahı olmadan da regional və qlobal nüfuza sahibdir. İndi isə Türkiyə yeni tarixi mərhələsində özünün ən güclü dövrünü yaşayır. Odur ki, nüvə silahı olmadan da Türkiyənin nüfuzu yüksəkdir və daha da yüksələcək”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər