“Vətəndaşı faktiki olaraq seçim qarşısında qoymaq yolverilməzdir: ya soyuqda yaşa, ya da qanunları poz” – Razi Nurullayev
Ekskluziv
993
13:05, Bu gün

“Vətəndaşı faktiki olaraq seçim qarşısında qoymaq yolverilməzdir: ya soyuqda yaşa, ya da qanunları poz” – Razi Nurullayev

“Qaz təchizatı haqqında” qanun operativ şəkildə təkmilləşdirilməlidir ki, yaşayış evlərinə qazın verilməsi mülkiyyət sənədinin olub-olmamasından asılı qalmasın. Burada söhbət artıq prosedurdan yox, insanların qış mövsümündə elementar həyat şəraitindən gedir”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbəti plenar iclasında deputat Razi Nurullayev səsləndirdi.
 
Deputat vurğuladı ki, bir çox yaşayış massivində qaz xətləri evlərin bilavasitə yaxınlığından keçməsinə baxmayaraq, sənədləşmə tam olmadığı üçün ailələr istiliksiz qalır.
 
“İnfrastruktur mövcuddur, texniki imkan var, amma hüquqi səbəblərdən qaz açılmır. Qaz xətti qapının ağzındadır, evin içində isə şaxta hökm sürür. 
 
Biz faktiki olaraq insana deyirik ki, sənədin tam deyil, soyuqda yaşamağa məcbursan. Halbuki həmin ailə real olaraq orada yaşayır, uşaqları var, yaşlıları var. Qışın soyuğunu heç kim gözlədə bilməz".
 
Nurullayev bildirdi ki, mövcud şəraitdə alternativ istilik mənbələri də praktiki olaraq əlçatan deyil:
 
“Vətəndaş odun tədarük edəndə məsuliyyətə cəlb olunur, ağac kəsmək cinayət kimi qiymətləndirilir. Hətta şəxsi pay torpağında bitən ağaca görə belə ciddi problemlərlə üzləşirlər. Digər tərəfdən isə deyilir ki, torpağın var, sosial yardım da düşmür. Kömür isə əksər ailələr üçün real imkanları aşan qiymətlərdədir".
 
Deputat problemin həlli üçün konkret təkliflər də irəli sürdü:
 
"İcra hakimiyyəti tərəfindən verilən yaşayış arayışının qaz təchizatı üçün əsas sənədlərdən biri kimi nəzərə alınması məqsədəuyğun olardı. Faktiki yaşayış şəraiti mövcud olduqda, yalnız sənədləşmə məsələlərinə görə vətəndaşların istilik imkanlarından məhrum qalması arzuolunan hal deyil.
 
Qaz olmayan yerlərdə dövlət odun-kömür təminatını ya təşkil etsin, ya da nəzarətli tədarükə icazə versin.
 
Ümumilikdə, sosial siyasətdə əsas hədəf vətəndaşların çətin seçim qarşısında qalmamasına nail olmaqdır. İnsanların nə soyuq şəraitdə yaşamaq, nə də məcburən qanun pozmaq dilemması ilə üzləşməsi düzgün yanaşma deyil və bu sahədə daha balanslı həll yollarına ehtiyac var".
 
Pərvin Şakirqızı
Link kopyalandı!
Son xəbərlər