Pensiya kapitalları və aylıq ödənişlər bu qaydada artırıldı
Ekskluziv
367
12:11, Bu gün

Pensiya kapitalları və aylıq ödənişlər bu qaydada artırıldı

"Prezident İlham Əliyevin yeni imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 1.1 milyon pensiyaçı üçün sosial müdafiənin daha da möhkəmlənməsinə yol açır və yaşa görə, əlilliyə görə və ailə başçısını itirmiş şəxslərin həyat şəraitinə əlavə dəstək rolunu oynayır".
 
Moderator.az-ın məlumatına görə, bu açıqlamaları pensiyaların artımı və indeksləşdirilməsi ilə bağlı keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev verdi.
 
Nazir müavini bildirdi ki, Sərəncama əsasən bütün pensiyalar 2025-ci ilin ortaaylıq əməkhaqqı artım göstəricisinə uyğun olaraq 2026-cı il yanvarın 1-dən 9.3 faiz artırılıb.
 
O qeyd etdi ki, pensiyaların artımı da, təyinatı kimi, tam avtomatik şəkildə, pensiyaçıların müraciət etməsinə və ya sənəd təqdim etməsinə ehtiyac olmadan elektron sistem üzərindən həyata keçirilir.
 
Yeni artımlar üçün dövlət büdcəsindən əlavə 640 milyon manat vəsait ayrılıb. Nazir müavini vurğulayıb ki, bu artım 2025-ci ilin inflyasiya göstəricilərini üstələyir.
 
2018–2025-ci illərdə ortaaylıq pensiya 208 manatdan 543 manata, yaşa görə ortaaylıq pensiya isə 234 manatdan 578 manata yüksəlib. Sərəncamla bu göstəricilər ortaaylıq pensiya üçün 593 manat, yaşa görə ortaaylıq pensiya üçün 632 manat olacaq. Bu isə 2018-ci illə müqayisədə müvafiq olaraq 2.8 və 2.7 dəfə artım deməkdir.
 
2018-ci ildən bəri həyata keçirilən beş sosial islahat paketi çərçivəsində pensiyalar əhəmiyyətli dərəcədə yüksəlib. Minimum pensiya 110 manatdan 320 manata qalxaraq 2.9 dəfə artıb. 2026-cı il üçün pensiyaların maliyyələşdirilməsinə 7 milyard 993 milyon manat ayrılıb ki, bu da 2018-ci il ilə müqayisədə 2.3 dəfə çoxdur.
 
Bundan əlavə, yeni Sərəncama əsasən sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək yığılan pensiya kapitalları istehlak qiymətləri indeksinə uyğun olaraq 5.6 faiz artırılıb.
 
Nazir müavini bildirdi ki, bu artımlar da elektron sistem vasitəsilə avtomatik həyata keçirilir. Bu mexanizm əmək müqaviləsi ilə işləyən və sosial sığortaya daxil olan şəxslər üçün əlavə stimul rolunu oynayır. Onlar yalnız aylıq ödənişlərlə deyil, həm də dövlət tərəfindən hər ilin əvvəlində artan pensiya kapitallarını görürlər.
 
Rəşad Mustafayev qeyri-formal məşğulluqda işləyən vətəndaşlara çağırış edərək bildirdi ki, əmək fəaliyyətlərini rəsmiləşdirərək pensiya kapitalları toplasınlar və dövlətin hər il həyata keçirdiyi indeksləşdirmə imkanlarından faydalana bilsinlər.
 
Mustafayev bildirdi ki, yanvar ayı üzrə artımlar fevral ayının artımları ilə birlikdə pensiyaçıların hesablarına köçürüləcək.
 
Pərvin Şakirqızı
Link kopyalandı!
Son xəbərlər