“İran artıq Zəngəzur dəhlizinin reallaşmasına müqavimət göstərmək üçün lazımi gücə malik deyil və hər hansı bir ciddi mövqe sərgiləyə bilmir. Rusiyanın isə yalnız bəyanatlarla kifayətlənməsi və real təsir imkanlarını itirməsi ehtimalı yüksəkdir...”
AzVP sədri Akif Nağı Moderator.az-a verdiyi açıqlamasında ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfərlərinin beynəlxalq səviyyədə “Tramp yolu”- “TRİPP” adlanan Zəngəzur dəhlizinin açılması istiqamətində görüləcək işlərlə bağlılığı haqda bəzi mühüm məqamlardan danışıb. O bildirib ki, bu layihənin işə düşəcəyi tarix də artıq müəyyənləşib və bunun 2028-2029-cu illər arasına təsadüf edəcəyi gözlənilir.
"Əsas qərar artıq verilib. ABŞ, Türkiyə və Azərbaycan tərəfindən razılaşma əldə olunub ki, Zəngəzur dəhlizi açılmalıdır", – deyə partiya rəhbəri diqqətə çatdırıb.
Bununla yanaşı, həmsöhbətimiz Zəngəzur dəhlizinin açılması ilə bağlı ilk mərhələdə davam edən müəyyən qüvvələrin müqavimətinin sındırılmasının vacibliyini nəzərə çatdırıb. O, xüsusilə Rusiyanın və İranın bu məsələyə qarşı müqavimət göstərdiklərini qeyd edib:
"İran artıq Zəngəzur dəhlizinin reallaşmasına müqavimət göstərmək üçün lazımi gücə malik deyil və hər hansı bir ciddi mövqe sərgiləyə bilmir. Rusiyanın isə yalnız bəyanatlarla kifayətlənməsi və real təsir imkanlarını itirməsi ehtimalı yüksəkdir. Ona görə də böyük ehtimalla deyilən vaxtda: 2028-ci, yaxud 2029-cu ildə Zəngəzur dəhlizi işə düşəcək."
Akif Nağı bu işin tezləşməsində həmin dəhlizinin açılmasında Azərbaycan və Türkiyədən savayı digər dövlətlərin də- Çinin və bir sıra Avropa dövlətlərinin də maraqlı olmasının böyük rolu olacağını diqqətə çatdırıb. “Türkiyə və Azərbaycandan savayı, Çin, aparıcı Avropa dövlətləri, həmçinin Böyük Britaniya bu layihənin həyata keçirilməsində maraqlıdır. Odur ki, Zəngəzur dəhlizi gec-tez işə düşməlidir", – deyə o, qeyd edib.
Partiya sədri layihənin həyata keçməsi üçün iki əsas mərhələnin olduğunu vurğulayıb: “Birincisi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı tam şəkildə razılıq sənədi ortalıqda olmalıdır. Düzdü, Azərbaycan, Ermənistan və Birləşmiş Ştatların iştirakıyla ümumi sənəd 8 avqust görüşü zamanı imzalanıbdır. İndi ola bilər ki, vitse-prezident Cey Di Vensin İrəvan və Bakıya səfərləri zamanı hansısa detallar müzakirə edilsin, dəqiqləşdirilsin, həyata keçirləcək işlərin qrafikinə aid müəyyən sənədlər imzalansın. O sənədlərdə ortalığa gəlməsi artıq prosesin, yəni ikinci mərhələnin başlaması demək olacaq. ABŞ-ın yüksək rütbəli məmurunun bu səfərlərinin gedişində həmin razılaşmaların əldə olunması mümkündür və o zaman Zəngəzur dəhlizinin istifadəyə verilməsi də reallaşacaq ", – deyə Akif Nağı yekunlaşdırıb.