"Moskva atəşindən Dubayadakı həbslərə, Ukrayna izi və daxili hesablaşma ehtimalları..."
Rusiya təhlükəsizlik orqanları Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəis müavini, general-leytenant Vladimir Alekseyevə qarşı törədilmiş sui-qəsdin icraçısının saxlanıldığını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Federal Təhlükəsizlik Xidməti (FTX) və İstintaq Komitəsinin məlumatına görə, birbaşa icraçı Dubayda tutulub və artıq Rusiyaya gətirilib. İş üzrə daha iki mümkün əlbir şəxs müəyyən edilib: onlardan biri Moskvada saxlanılıb, digəri isə Ukraynaya qaçıb.
İcraçı kimdir və necə saxlanılıb?
Rəsmi məlumatlara görə, sui-qəsdin birbaşa icraçısı 1960-cı il təvəllüdlü Rusiya vətəndaşı Lyubomir Korbadır. İstintaq Komitəsinin bildirdiyinə görə, o, Alekseyevə atəş açdıqdan bir neçə saat sonra BƏƏ-yə uçub. Korba Dubayda saxlanılıb və daha sonra Rusiyaya ekstradisiya edilib.
Korba Ternopol vilayətində anadan olub. Rusiya istintaqı iddia edir ki, o, 2025-ci ilin dekabrında Moskvaya "Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə terror aktı törətmək məqsədilə" gəlib. Hadisə ilə bağlı Ukrayna tərəfi ittihamları rədd edir.
Ukrayna xarici işlər naziri Andrey Sibiqa "Reuters"-ə açıqlamasında Kiyevin bu sui-qəsdə heç bir aidiyyəti olmadığını bildirib. Eyni zamanda, " The Washington Post" nəşri keçmiş ukraynalı təhlükəsizlik əməkdaşına istinadən yazıb ki, Alekseyevə hücumun "daxili hesablaşma" olması ehtimalı daha yüksəkdir.
Əlbir şəxslər və əlaqələr
Rusiya hüquq-mühafizə orqanları icraçıya kömək etməkdə şübhəli bilinən iki nəfərin də adını açıqlayıb. Onlardan biri - 1959-cu il təvəllüdlü Viktor Vasin Moskvada saxlanılıb. Digəri - 1971-ci il təvəllüdlü Zinaida Serebritskaya, istintaqın məlumatına görə, Ukraynaya gedib.
Vasinə "qəsdən adam öldürməyə cəhd" və "qanunsuz silah dövriyyəsi" maddələri ilə ittiham irəli sürülüb. TASS-ın yazdığına görə, Korba və Vasin uzun illərdir tanış olublar və 2005-2020-ci illər ərzində Korba mütəmadi olaraq Vasinin hesabına pul köçürüb. Məlumat sızmaları əsasında bildirilir ki, 2016-cı ildə də Korba Vasina iki dəfə pul göndərib.
Serebritskaya Luqansk əsillidir. Rusiya mediasının iddiasına görə, o, 2025-ci ilin dekabrında Alekseyevin yaşadığı binaya köçüb və fevralın əvvəlində bina sakinlərinin ümumi çatında domofon kodu ilə maraqlanıb. SHOT teleqram kanalı onun Rusiya vətəndaşlığı alarkən soyadını dəyişdiyini iddia edir.
Hücumun detalları
Sui-qəsd 6 fevral tarixində Moskvada baş verib. Naməlum şəxs Alekseyevə yaşadığı binanın girişində bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. General ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Rusiya mediası əməliyyatdan sonra onun huşuna gəldiyini yazıb.
İstintaqın məlumatına görə, hadisə yerində səsboğucu ilə təchiz edilmiş Makarov tapançası tapılıb. Qeyri-rəsmi məlumatlarda bildirilir ki, hücumun baş verdiyi mənzildə Alekseyev rəsmi olaraq yaşamayıb və orada onun yaxın münasibətdə olduğu qadın qalıb. Mühafizəçilər liftlə hadisə yerinə qalxanadək hücumçu pilləkənlə qaça bilib.
Son bir ildən bir qədər artıq müddətdə Moskva və ətrafında üç yüksək rütbəli rus generalının partlayış nəticəsində öldürülməsi bu hadisəni daha geniş təhlükəsizlik kontekstinə yerləşdirir. Həmin hadisələrin hər birində sui-qəsdlər partlayıcı qurğular vasitəsilə həyata keçirilib.