Məlum plan Cənubi Qafqazın ekoloji vəziyyətinə də yaxşı heç nə vəd etmir
Rusiyanın “Rosatom” dövlət korporasiyası Ermənistanda yeni nüvə enerji bloku inşa etmək niyyətindədir. Bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçevin Ermənistan parlamentinin sədri Alen Simoyanla görüşündə fikir mübadiləsi apardığı bildirilir. Məlumata görə, “Rosatom”un rəhbəri Ermənistana Metsamor AES-in ömrünü ikinci dəfə uzatmağı təklif edib.
Şübhəsiz, Ermənistanda yeni nüvə enerji blokunun inşası bütün regionun təhlükəsizliyi üçün ciddi təhdiddir və yaxın gələcəkdə həm bilavasitə, həm də dolayısı ilə ağır faciələr səbəb ola bilər. Heç kimə sirr deyil ki, “Metsamor”AES texnoloji baxımdan kifayət qədər köhnədir və onun zaman-zaman yenilənməsi cəhdləri lazımi effekt verməyib. Bütün Ermənistanın seysmik baxımdan aktiv ərazi heasb edildiyini nəzərə alsaq, bu ərazidə “Metsamor” kimi köhnə AES-in fəaliyyətini davam etdirməsi fəlakətə qızılı dəvətnamə hesab edilə bilər.
Xatırladaq ki, Azərbaycan uzun illərdir ki, “Metsamor”AES-in fəaliyyətinin dayandırılması istiqamətində ardıcıl iş aparmaqda, bununla bağlı müvafiq beynəlxalq qurumlara müraciətlər ünvanlamaqdadır. Azərbaycanla yanaşı, İran, Türkiyə və digər ölkələrin ekspertləri də “Metsamor”un fəaliyyətinin kifayət qədər riskli olduğu, bu AES-in tullantılarının bütün region üçün ciddi fəsadlar yaratması ilə bağlı açıqlamalar verməkdə, faktlar təqdim etməkdədir.
“Metsamor” AES-nin tullantılarının Araz çayına axıdılması ilə bağlı da region mətbuatında müxtəlf dönəmlərdə narahatverici məlumatlar yayılmaqdadr. Nümunə üçün qeyd edək ki, İran parlamentinin Ətraf mühitin qorunması fraksiyasının sözçüsü Kəmaləddin Pirmüəzzin 2015-ci ildə Trend-ə açıqlamasında bununla bağlı konkret faktlar açıqlayıb:
“K.Pirmüəzzin bildirib ki, Ermənistan tərəfindən Araz çayına tullantıların axıdılması Ərdəbil əyalətinin Muğan bölgəsində hər il minlərlə insanın xərçəng xəstəliyinə tutulmasına, həyatlarını itirməsinə və digər problemlərə səbəb olur.
Parlament nümayəndəsi İran hökumətindən tez bir zamanda Ermənistanla bu məsələnin həlli üçün danışıqlara başlamağı istəyib: "Qonşu ölkənin hərəkəti xalqımızın narahatlığına səbəb olub və bu qəbulolunmazdır. İran və Ermənistan Araz çayının xilası və ətraf mühitin qorunması üçün əlverişli yol tapmalıdırlar”.
K.Pirmüəzzin bu problemin həm də Azərbaycan ərazisində əhali və ətraf mühit üçün problem yaratdığını vurğulayıb və problemin həlli məqsədilə Araz çayının keçdiyi ölkələrin - Azərbaycan, Ermənistan və İranın iştirakı ilə müştərək konsorsiumun yaradılmasını və həmin konsorsium çərçivəsində problemin həlll edilməsini təklif edib”. (//www.baki-xeber.com/siyaset/22775.html ).
Belə olan halda Ermənistanda əlavə nüvə enerji blokunun tiukilməsi ətrafa daha çox zərərli tullantının axıdılması deməkdir ki, bu da regiondakı insanların səhhəti və ekoloji mühit üçün ölümcül zərbə deməkdir.
Bundan başqa, hər zaman olduğu kimi bu gün də “Metsamor”da qəza riski kifayət qədər yüksək qiymətləndirilir. Bu isə o deməkdir ki, Ermənistdan yeni nüvə enerji blokunun tikilməsi tamamilə riskli və təhlükəlidir.
Bu baxımdan Rusiyanın Ermənistanda yeni nüvə enerji bloklarının inşası planına qarşı bütün region dövlətlərinin öz etirazını bildirməsi, konkret addımlar atması olduqca vacibdir. Yalnız region dövlətlərinin birgə səyi, qəti və koordinasiyalı mövqeyi bu qorxunc, məntiqəzidd və məsuliyyətsiz planın qarşısını ala bilər.
Seymur ƏLİYEV