Bizi sosial şəbəkələrdən izləyin:
“Bir sözlə, İran parlamentinin alacağı hansısa bir qərar o qədər də diqqətə alınmayacaq...”
“...Burada İsrail faktoru da çox önəmlidir. İsrail rəhbərləri də əvvəlki təcrübələrdən bəlli olduğu kimi, bu danışıqları dayandırmaq və İrana hücuma keçə bilərlər...”
“İranda parlamentin qərarlarının çox da önəmi yoxdur. Qapalı toplantıda xarici işlər nazirini dinləyəcəklər. İran dövlətinin yekun qərarları isə əsasən Ali Milli Təhlükəsizlik Şurası çərçivəsində formalaşır və əslində Əli Xamenei tərəfindən qəbul edilir. Bir sözlə, İran parlamentinin alacağı hansısa bir qərar o qədər də diqqətə alınmayacaq”.
Güney Azərbaycanlı jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert, Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi bu fikirləri Moderator.az-a açıqlamasında "Bu gün – fevralın 9-da İran parlamenti ABŞ ilə aparılan danışıqları qapalı iclasda müzakirə edir. Sizcə, hansı qərarlar veriləcəyi gözlənilir?“sualını cavablandırarkən səsləndirib.
“ABŞ-İran danışıqlarının və ümumiyyətlə, ABŞ və İsrailin İranla çəkişmələrinin sonunu necə görürsüz?” sualına araşdırmaçı belə cavab verib:
“Danışıqlarda hələlik real bir sonuc yoxdur. Ancaq ikinci tur danışıqlar, müzakirələr gözlənilir və ehtimal olunur ki, İran nüvə məsələsində bir az da geri çəkiləcək. Hələki raketlər və raket sistemləri məsələsi müzakirə olunmayıb. Amma gələcəkdə gözlənilən budur ki, İran rəhbərliyi Amerika ilə - Trampla bir anlaşmaya gedəcəklər. Və həmin anlaşma öncə Amerika ilə normallaşmaya yönəlik olacaq. Onu da deyim ki, ABŞ-İran danışıqları, müzakirələri üz-üzə aparılır. Yəni müzakirələrin guya üz-üzə olmaması haqda deyilənlər yalandır. Lakin burada İsrail faktoru da çox önəmlidir. İsrail rəhbərləri də əvvəlki təcrübələrdən bəlli olduğu kimi, bu danışıqları dayandırmağa və İrana hücuma keçməyə çalışa bilərlər. İsrail öz maraqlarını qorumaq üçün əlini açıq tutmağı hədəfləyir...”
Rza Talebi “Yeni genişmiqyaslı müharibə ehtimalı nə qədərdir?” sualına cavabında belə deyib:
“Genişmiqyaslı müharibə ehtimalı da mövcuddur və hər şey ehtimal daxilindədir. Trampın dövründə “nəyinsə ehtimalı yoxdur” deyə bilmərik. Çünki hazırkı ABŞ liderinin beynindəki düşüncələri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Lakin hazırkı şəraitdə genişmiqyaslı müharibənin baş verməsi hələlik mümkün görünmür. Bununla belə, İranı divara dayayıblar və bu təzyiqlər qarşısında hansısa reaksiya verilməlidir. İran rejiminin ölkə daxilində törətdiyi qətliamlardan sonra da danışıqların davam edəcəyi ehtimalı çox-çox azdır. Son nəticədə ya Amerika ilə bir razılaşma əldə edilməlidir, ya da İrandakı daxili proseslər belə davam edəcəyi halda daxili bir partlayışa gətirib çıxara bilər ki, heç ABŞ və İsrailin genişmiqyaslı hücumuna ehtiyac qalmaz da...”
Sultan Laçın