“ABŞ vitse-prezidenti Bakı və İrəvanda Zəngəzur dəhlizini müzakirə edəcək, Rusiya isə...”
Ekskluziv
768
21:01, Bu gün

“ABŞ vitse-prezidenti Bakı və İrəvanda Zəngəzur dəhlizini müzakirə edəcək, Rusiya isə...”

“Rusiya Cənubi Qafqazda mövqeyini bərpa etməyə çalışır, amma artıq bu prosesdə geri dönüş yoxdur..." 
 
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Moderator.az-a verdiyi açıqlamada, ABŞ vitse-prezidenti Ci Dey Vensin gələn həftə Ermənistan və Azərbaycana gözlənilən səfərlərinin əsas səbəbləri və məqsədləri ilə bağlı məlumat verib.
 
Partiya sədri bildirib ki, Vensin bu səfəri Zəngəzur dəhlizinin açılması və gələcək taleyi ilə bağlıdır: "Hər kəs artıq başa düşür ki, bu proses ABŞ-ın nəzarəti altında irəliləyir. ABŞ, artıq məsələnin praktiki mərhələsinə keçib və bu prosesdə geri dönüş yoxdur. Vaxt keçdikcə yaranan təhlükələr də böyüyə bilər. Bu səbəbdən, yüksək rütbəli bir məmurun rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin Ermənistan və Azərbaycana gəlməsi vacibdir."
 
AzVP rəhbəri həmçinin, Azərbaycan tərəfinin Zəngəzur yolunun açılması ilə bağlı üzərinə düşən əsas işləri başa çatdırdığını və yalnız kiçik bir hissənin qaldığını qeyd edib: 
 
"Ermənistan və Türkiyə tərəfində də işlər davam edir. Lakin Ermənistan hələ də bu məsələlərə kimlərin himayədarlıq edəcəyini və maliyyə dəstəyi verəcəyini gözləyir. Bilirsiniz ki, bir ara Ermənistan, Rusiyaya Zəngəzurdan keçən dəmir yollarının bərpası üçün kömək etməyi təklif etdi, amma Rusiya buna razılaşmadı."
 
Siyasi şərhçi qeyd edib ki, son açıqlamalar göstərir ki, Rusiya Cənubi Qafqazda öz mövqeyini bərpa etməyə çalışır: 
 
"Moskva, Azərbaycanda təsir gücünü demək olar ki, tamamilə itirib. Rusiya, Azərbaycanın regional siyasətinə müdaxilə etməyə çalışsa da, Azərbaycan artıq Rusiyanın bu mövqeyini qəbul etmir və müstəqil siyasətini davam etdirəcək. Gürcüstanın hakimiyyəti rusiyameyilli olsa da, ölkə əhalisinin böyük əksəriyyəti Qərbmeyilli siyasəti dəstəkləyir. Bu səbəbdən, Kremlin Gürcüstanda arzuladığı siyasəti həyata keçirməsi asan olmur. Rusiyanın son ümidləri isə Ermənistandadır. Burada əvvəlki mövqelərini bərpa edərək, regionda təsirini artırmağı hədəfləyir. Lakin bütün cəhdlərə baxmayaraq, Moskva hələ də oradakı rusiyayönümlü qüvvələri Paşinyan hakimiyyətinə qarşı istədiyi səviyyədə fəallaşdıra bilmir."
 
Akif Nağı bildirib ki, belə bir şəraitdə Amerika, prosesin yekunlaşdırılmasının vaxtının çatdığını görür: 
 
"Rusiya təxribatlar törətməyə cəhd edə bilər və ABŞ bu cəhdləri qabaqlamağa çalışır. Buna görə də, Vensin səfəri zamanı Zəngəzur dəhlizi və digər mühüm məsələlər ətrafında ciddi müzakirələr gözlənilir. Ermənistana böyük bir nümayəndə heyəti artıq gəlib və hazırlıq işləri davam edir. Bakıda da Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılacaq. ABŞ administrasiyası, Azərbaycanın bu layihəyə yanaşmasından razıdır. Əbu-Dabidə baş tutan Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü də Amerika xəttinin davamıdır. Orada Prezident İlham Əliyev, Ermənistanla sülh prosesinin davam etdirilməsi üçün ABŞ prezidenti Donald Trumpa təşəkkürünü bildirib."
 
AzVP sədri qeyd edib ki, Bakıdakı Azərbaycan-ABŞ danışıqlarında yalnız Zəngəzur dəhlizi məsələsi deyil, həm də İran ətrafında gedən proseslər müzakirə ediləcəyi gözləniləndir. 
 
"Azərbaycan artıq regionda güc faktoru olaraq önə çıxır və bu, ölkələr arasında hərbi və iqtisadi əməkdaşlıq məsələlərinin də gündəmə gəlməsinə səbəb olacaq. ABŞ, Azərbaycanı regionda ən stabil müttəfiqi olaraq görür”, - deyə Akif Nağı vurğulayıb.
 
 
 
Link kopyalandı!
Son xəbərlər