"İlk iclas Vaşinqtonda, Qəzza üzrə yardımların toplanması məqsədilə keçiriləcək..."
ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında fəaliyyət göstərəcək "Sülh Şurası"nın ilk iclası fevralın 19-da Vaşinqtonda baş tutacaq. Bu görüş İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ səfəri zamanı keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
İclasın məqsədi və vaxtı
Nəlumat da deyilir ki, iclas zamanı Qəzza üzrə atəşkəsin ikinci mərhələsinin ilkin nəticələri müzakirə olunacaq və anklavın bərpası üçün maliyyə toplama planları irəli sürüləcək. İlk iclas Amerika Sülh İnstitutunda keçiriləcək.
Hazırda "Sülh Şurası"na ABŞ prezidenti Trampın sədrlik etdiyi 27 ölkə daxildir. BMT Təhlükəsizlik Şurası yeni orqanı atəşkəsin yerinə yetirilməsini izləmək, yeni hökumətin formalaşdırılması və Qəzza bölgəsinin bərpası üzrə işləmək üçün səlahiyyətləndirib.
Təşkilat və beynəlxalq reaksiyalar
Trampın təşəbbüsü ilk olaraq skeptik qarşılansa da, bu günə qədər ABŞ-ın bir sıra müttəfiqləri şuraya qoşulub. Şuranın nizamnaməsi Trampa bütün qərarlara veto hüququ verir, bu da bəzi müttəfiqlərin təşəbbüsü BMT Təhlükəsizlik Şurasının alternativi kimi qiymətləndirməsinə səbəb olub. Tramp isə niyyətlərini belə şərh etməyib.
Fevralın 6-da Tramp administrasiyası dünya ölkələrinin liderləri ilə əlaqə saxlayaraq təşkilati və logistika məsələlərini müzakirəyə başlayıb. İsrail rəsmiləri bildirirlər ki, Netanyahunun fevralın 18-də Trampla Ağ Evdə görüşməsi planlaşdırılır.
Əgər Netanyahu "Sülh Şurası"nın iclasında iştirak edərsə, bu onun 7 oktyabr və Qəzza müharibəsindən sonra ərəb və müsəlman liderləri ilə ilk açıq görüşü olacaq. Lakin iclas Ramazan ayının başlanğıcı ilə üst-üstə düşdüyündən, bəzi ölkələrin iştirakına təsir göstərə bilər.
Qəzza üzrə atəşkəs və bərpa işləri
Qəzza üzrə atəşkəsin ikinci mərhələsi çox ləng də olsa həyata keçirilir. İsrail "Rafah" keçid məntəqəsini açıb, lakin yalnız çox məhdud sayda sakin keçə bilir. Yeni hökumət isə hələ ki, Qəzza xaricində, Misirdən fəaliyyət göstərir. ABŞ, Misir, Qətər və Türkiyə vasitəçilik edərək HƏMAS-la atəşkəs barədə razılığa gəlməyə çalışır.
İsrail bildirib ki, HƏMAS tərksilah edilməyincə və Qəzza bölgəsində demilitarizasiyadan keçməyincə qoşunlarını çıxarmayacaq və bərpa işlərinə icazə verməyəcək. Netanyahu Trampın planına skeptik yanaşır və son görüşdə HƏMAS-a tərksilah üçün 60 gün veriləcəyini, bundan sonra İsrailin əməliyyata davam edə biləcəyini söyləyib. ABŞ rəsmiləri isə prosesin daha uzun müddət alacağını bildirirlər.