Ekskluziv
180
15:05, Bu gün

"Rusiya soyuq və qaranlıqla ukraynalıları sındırmağa çalışır, amma əks nəticə əldə edir" - "Financial Times"

 
"Moskvanın enerji "terroru" ictimai iradəni zəiflətmir, əksinə möhkəmləndirir..."
 
Ukraynalılar Rusiyanın genişmiqyaslı işğalının əvvəlindən bəri ən sərt qışı yaşayırlar. Şiddətli şaxtalar zamanı həyata keçirilən Rusiya hücumları Ukraynanın kritik infrastrukturunu və əhalinin dözümlülüyünü sınağa çəkmək, cəmiyyəti sındırmaq məqsədi daşıyır.
 
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb. 
 
Nəşrin qeyd etdiyinə görə, Moskvanın bu strategiyası gözlənilənin əksinə nəticə verir və Ukraynada müqavimət əzmini zəiflətmək əvəzinə daha da gücləndirir.
 
Enerji hücumları və siyasi ittihamlar
 
Prezident Vladimir Zelenski Rusiyanı Ukraynanı kapitulyasiyaya məcbur etmək üçün qəsdən soyuq və qaranlıqdan silah kimi istifadə etməkdə ittiham edib. O, eyni zamanda avropalı müttəfiqləri enerji infrastrukturunun müdafiəsi üçün vacib olan HHM sistemlərinin tədarükündə lənglik və qeyri-kafilikdə günahlandırıb.
 
Keçən ay Kiyev HHM qüvvələri "Patriot" zenit-raket kompleksləri üçün PAC-3 tipli ələkeçiricilərin ciddi çatışmazlığı ilə üzləşib. Nəticədə bəzi buraxılış qurğuları boş qalıb və ballistik raketlər elektrik stansiyalarını demək olar ki, maneəsiz şəkildə vurub.
 
Cəmiyyətin mövqeyi dəyişmir
 
Nəşr yazır ki, hücumların miqyasına baxmayaraq, ukraynalıların iradəsi hələlik sındırıla bilməyib. Sorğular göstərir ki, Moskvanın kampaniyası ictimai rəyi kapitulyasiya istiqamətində dəyişməyib.
 
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun icraçı direktoru Anton Qruşetskinin sözlərinə görə, 2026-cı ilin yanvar ayının sonuna olan vəziyyətə əsasən, enerji infrastrukturuna zərbələr və əhalini soyuqla, qaranlıqla üz-üzə qoymaq cəhdləri ictimai əhval-ruhiyyəyə ciddi təsir göstərməyib.
 
KMİS-in sorğusuna əsasən, ukraynalıların təxminən 65 faizi müharibəyə "lazım olduğu qədər dözməyə" hazır olduğunu bildirib. Bu göstərici əvvəlki ayla müqayisədə artım nümayiş etdirib. Xüsusilə Kiyevdə "istənilən şərtlə sülh" ideyasına dəstəyin artması müşahidə edilmir.
 
Psixoloji yük və gündəlik reallıq
 
Bununla yanaşı, nəşr vurğulayır ki, soyuq və qaranlıq mənzillərdə keçən həftələr, gecə saatlarında baş verən aviazərbələr mülki əhalinin psixoloji durumuna ciddi təsir göstərir. Psixoloqlar panik ataklar və davamlı qorxu halları ilə bağlı müraciətlərin artdığını bildirirlər.
 
Buna baxmayaraq, ukraynalılar yumor hissini itirməyiblər. Sosial şəbəkələrdə soyuqla bağlı zarafatlar, memlər paylaşılır, insanlar müxtəlif yollarla ruh yüksəkliyini qorumağa çalışırlar. Lakin nəşr xəbərdarlıq edir ki, genişmiqyaslı elektrik kəsintiləri və müharibənin daha bir il davam etməsi riski hələ də qalmaqdadır.
 
Kiyevdə istilik problemi
 
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiya hücumları nəticəsində paytaxtda yüzlərlə yaşayış binası ən azı iki ay müddətinə istiliksiz qala bilər. Buna səbəb Darnitsa İES-in ciddi zədələnməsidir. Buna baxmayaraq, ekspertlər Kiyevdən kütləvi əhali axınının baş verdiyini təsdiqləmir.
Link kopyalandı!
Son xəbərlər