Bizi sosial şəbəkələrdən izləyin:
Son vaxtlar Temu platforması vasitəsilə sifariş verən istifadəçilər arasında narazılıqların artdığı müşahidə olunur. Bəzi bağlamalar vaxtında alıcıya çatdırılmır, digərləri isə uzun müddət gömrükdə saxlanılır. Bu vəziyyət istifadəçilərin haqlı etirazlarına səbəb olmaqla yanaşı, e-ticarət sektorunda xidmət keyfiyyətinə dair suallar doğurur.
Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıraraq, bağlamaların gömrükdə gecikməsinin əsas səbəblərinə aydınlıq gətirdi.
Mətbuat katibi bildirdi ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir:
"Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.
Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.
Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur".
Pərvin Şakirqızı