Ekskluziv
202
14:32, Bu gün

"Rusiya Zaporojye AES-i yenidən işə salmağa yaxınlaşır" - ISW 

 
"Moskva stansiyanı öz enerji sisteminə qoşmaq üçün praktiki mərhələyə keçib..."
 
Rusiya Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) yenidən işə salınması və onu Rusiya enerji şəbəkəsinə inteqrasiya etmək istiqamətində son mərhələyə yaxınlaşıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstutunun (ISW) hesabatında deyilir.
 
Analitiklərin qiymətləndirməsinə əsasən, artıq stansiyanın iki enerji bloku Rusiya tənzimləyici qurumundan müvafiq lisenziya alıb və bu proses planlı şəkildə irəliləyir.
 
Lisenziyalar və texniki hazırlıq
 
ISW bildirir ki, fevralın 3-də "Rostexnadzor"un Verxnedonsk idarəsinin rəhbərinin səlahiyyətlərini icra edən Andrey Tyurin Zaporojye AES-ə səfər edərək stansiyanın "əsas istismar və təhlükəsizlik məsələlərini" müzakirə edib. Səfər zamanı "Rostexnadzor" nümayəndələri ZAES-in ikinci enerji blokuna da "növbəti ay ərzində" istismar lisenziyasının veriləcəyini açıqlayıblar.
 
Analitiklər xatırladır ki, hələ 2025-ci ilin iyun ayında "Rostexnadzor" stansiyanın birinci enerji blokunun istismarı üçün rəsmi lisenziya təqdim etmişdi. ISW-nin qiymətləndirməsinə görə, son bir il ərzində müşahidə olunan bu addımlar Rusiyanın ZAES-i yenidən işə salmaq və onu öz enerji sisteminə qoşmaq planlarının yekun mərhələyə daxil olduğunu göstərir.
 
İşğal, infrastruktur və beynəlxalq mövqe
 
Zaporojye AES 2022-ci ildən Rusiyanın nəzarəti altındadır. Rusiya mediasının məlumatına görə, Moskva stansiyanın tam fəaliyyətinin bərpası üzərində işləyir. İyunun 9-da işğalçıların ZAES-in normal fəaliyyəti üçün su təminatı ilə bağlı texniki həll tapdığı iddia edilib. "Rosatom"un rəhbəri Aleksey Lixaçovun sözlərinə görə, bu məqsədlə üzən nasos stansiyasının tikintisinə başlanılıb.
 
Bundan əvvəl, 2025-ci ilin may ayının sonunda ZAES-in Rusiya enerji sisteminə qoşulması üçün yüksək gərginlikli elektrik xətlərinin çəkildiyi də açıqlanmışdı. Bununla yanaşı, MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın yaxın vaxtlarda real şəkildə fəaliyyətini bərpa edə biləcəyinə şübhə ilə yanaşır. ZAES-in gələcək statusu ilə bağlı danışıqlar isə davam edir.
 
Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ABŞ stansiyanın mümkün gəlirlərinin 33 faizinin Ukraynaya, 33 faizinin Rusiyaya, 33 faizinin isə ABŞ-a verilməsini təklif edir və Vaşinqton bu modeldə əsas menecer rolunu oynayır. Kiyev isə alternativ olaraq istehsal edilən elektrik enerjisinin 50 faizinin Ukraynaya, 50 faizinin isə ABŞ-a verilməsini təklif edir, ABŞ bu payın necə bölüşdürüləcəyini özü müəyyən etməlidir.
Link kopyalandı!
Son xəbərlər