“Bu kişi gecə namazını qılır, amma oyandıqda oğurluq etməyə gedir...
Ekskluziv
565
11:41, Bu gün

“Bu kişi gecə namazını qılır, amma oyandıqda oğurluq etməyə gedir..."

"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. "- Qurani-Kərim
 
-CÜMƏ BƏHSLƏRİ...-
 
Moderator.az tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın  “Qəlb və bədənin işləri doğru yolun bələdçiləridir” başlıqlı növbəti qeyri-adi araşdırma yazısının tərcüməsini təqdim edir:
 
“Bir hədisdə nəql edilir ki, Allah Rəsuluna (ona Allahın salavatı və salamı olsun) bir kişi haqqında bu cür xəbər verilib: 
 
"Bu kişi gecə namazını qılır, amma oyandıqda oğurluq etməyə gedir..." 
 
Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) cavab verib: 
 
"Etdiyi şey ona bunu qadağan edəcək."  Başqa sözlə, qıldığı namaz nəticədə onu oğurluq istəyindən uzaqlaşdıracaq... 
 
Yaxşı əməllər və dini təcrübələr,  onlara görə vəd edilmiş mükafatlardan əlavə, başqa bir xüsusiyyətə malikdir: onlar bizə özümüzü düz yola "uyğunlaşdırmağa" kömək edir. Onlar sanki daxili dünyamızın və ya ürəyimizin məkanını tutur, oradakı pis əməlləri, inancları və istəkləri aradan qaldırır. 
 
Əlbəttə ki, ibadət həmişə özünütəkmilləşdirmə ilə əlaqəli deyil; ibadətin insana heç bir təsiri olmadığı və böyük günahları yaxşılığa yaxınlaşdırmayan ibadətlə birləşdirə biləcəyi hallar da var. Bu halda ya zamanla o, iman və xarakterdəki çatışmazlıqlarını aradan qaldırır, ya da ibadətdəki səmimiyyətsizlik üzündən onlarda kök salır. İnsan səmimi qəlbdən xidmət etdikdə, zamanla onun prioritetləri və vərdişləri yaxşılığa doğru dəyişir. Davranışı, dünyagörüşü və əhval-ruhiyyəsi dəyişir. Yaxşı əməllər ucaldır, pis əməllər isə əksinədir. Quranda Uca Allah təqvaya və doğru yola aparan ağıl, əl və qəlb əməllərinə işarə edir...
 
• Allahın razılığını axtarmaq üçün çalışmaq:
 
“Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi… 
Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!  “O, onları Öz izni ilə qaranlıqdan nura çıxarır və düz yola yönəldir” (Maidə surəsi, 15-16-cı ayələr)
 
• Ona üz tutanlar:
 
“Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!” (Şura, 13)
 
 “...Yalnız Allaha yönələnlər düşünüb ibrət alarlar…” (Gafir, 13)
 
• İman və yaxşı əməllər
 
“Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənləri, iman gətirdiklərinə görə Rəbbi doğru yola yönəldər. Nemətlərlə dolu cənnətlərdə onların altından çaylar axar.” (Yunus surəsi, 9) 
 
•Doğru yolu tutmağa çalışanlar
 
“Allah doğru yola yönələnlərin doğruluğunu artırar” (Məryəm, 76)
 
• Səbirlilər və şükür edənlər
 
“Həqiqətən, bunda səbir edənlər və şükür edənlər üçün ibrətlər var” (Loğman, 31) 
 
•Tövbə edərək ürəklərini təmizləyənlər... 
 
"Həqiqətən, bunda hər bir tövbə edin Allaha tərəf dönən bəndə üçün bir ibrət var" (Səba surəsi, 9-cu ayə)
 
• Allahdan qorxanlar: 
 
"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. " (Ənfal, 29)
 
Bədən və qəlbin bəzi əməlləri insanı doğru yolda möhkəmləndirdiyi kimi, bəzi əməllər də insanı azdırır. 
Məsələn...
 
• Ədalətsizlik...
 
 “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!” (İbrahim, 27) 
 
•İman çatışmazlığı
 
“Onlar  belə dedilər: “Bizim qəlblərimiz örtülüdür (qapalıdır)”. Xeyr, Allah küfrlərinə görə onları lənətləmişdir. Buna görə də onların yalnız az bir qismi iman gətirər.” (Bəqərə, 88)
 
• Sədaqətsizlik...
 
 “Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlblərini azdırdı. Allah fasiqləri doğru yola yönəltməz.” (Səff, 5) 
 
•Pis əməllər: 
 
“Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlblərini bürümüşdür (kirlətmişdir)” (Əl-Mutaffifin,14)
 
• Uca Tanrını unutmaq:
 
 “Onlar Allahı unutdular, Allah da onları unutdu!” (Ət-Tövbə,  67)
 
• Öz arzularına qul olmaq: 
 
“Bunlar Allahın qəlblərini möhürlədiyi və nəfslərinin istəklərinə uyan kəslərdir… Doğru yolda olanlara gəldikdə, Allah onların doğruluqlarını artırar və onları təqvalı edər." (Məhəmməd, 16-17).
 
Uca Allah hər düşüncəni eşidir, hər əməli görür və arzularımızı və niyyətlərimizi nəzərə alır. Bəlkə də kiçik əməllərimizin nə qədər dərin kök sala biləcəyini və ya yaxşı düşüncələrimizin bizi hansı yüksəkliklərə qaldıra biləcəyini anlamırıq. Buna görə də, yaxşılığa can atarkən, cəzadan qaçmaq üçün "kiçik" günahlardan qaçındığımız kimi, kiçik yaxşı əməllərin əhəmiyyətini də kiçiltməməliyik. Bununla belə, Uca Allah Səxavətli və Bağışlayandır.
 
Asya Qagieva”
 
Tərcümə və təqdim etdi: 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər