“Əlbəttə ki, ABŞ-la bağlanılmış saziş vitse-prezident Dey Ci Vensə səlahiyyət verir ki, iki ölkənin rəhbərləri ilə danışıqdan sonra yolun işləməsinə xeyir-dua versin...”
Siyasi analitik Tahir Cəfərli Moderator.az-a ABŞ-ın vitse-prezidenti Dey Ci Vensin Azərbaycan və Ermənistana gözlənilən səfərləri barədə qısa müsahibə verib.
-Tahir müəllim, sizcə, ABŞ-ın vitse-prezidenti Dey Ci Vensin Azərbaycan və Ermənistana gözlənilən səfərlərinin əsas məqsədləri nədir?
-ABŞ-ın faktiki olaraq ikinci şəxsinin, vitse-prezident Dey Ci Vensin İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarından sonra rəsmi səfər çərçivəsində Bakı və İrəvana gələcəyi haqda istər yerli, istərsə Amerika və Avropa mətbuatında çoxlu məlumatlar vardır. Əgər düşünürüksə ki, bu, adi səfərdir - yanılırıq. Hər şeydən əvvəl, onun gəlişinin səbəblərini iki kateqoriyaya bölsək, daha düzgün olardı.
Birincisi iqtisadi maraq: Azərbaycanın tranzit yollarının kəsişdiyi məkan olduğundan və gələcəyin ticarət yollarının ölkəmizdən keçəcəyindən ABŞ bu regiona böyük maraq göstərir. Bir neçə fövqəldövlətin bu yolların işləməsində iqtisadi maraqları vardır. Bu yolların rıçaqlarını əllərində saxlamaq istəyən ölkələr arasında Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Avropa İttifaqı və s. dövlətlər də vardır...
Vitse-prezident Dey Ci Vensin Azərbaycana və Ermənistana rəsmi səfərinin səbəblərini ilk növbədə yuxarıda göstərilənlərlə əlaqələndirməliyik. Bir şeyi də qeyd etməliyik ki, ABŞ, Azərbaycan və Ermənistan başçılarının Zəngəzurla bağlı gəldikləri razılaşma da buna əsas verir ki, ABŞ Zəngəzur dəhlizinin işləməsi üçün şərait yaratmağa çalışsın...
Onu da nəzərə almalıyıq ki, Vens nyuproteksionizmin, yəni ABŞ-ın yeni siyasi-iqtisadi istiqamətini yaradan prezident Donald Trampın siyasi məsləhətçilərindən biridir. Bir sözlə, o, bütün dünyaya qarşı vergi rüsum və dərəcələrini artıranlardandır.
İkincisi:
Vitse-prezident Dey Ci Vensin gəlişi ABŞ-ın Cənubi Qafqazla bağlı geo-siyasi maraqları ilə bağlıdır. İlk növbədə məqsəd regionda Sülh Şurasına üzv olmuş ölkələr tərəfindən ABŞ strateji xəttinin həyata keçirilməsidir...
Əlbəttə ki, danışıqların əsasən nələr barədə gedəcəyini yalnız təsəvvür edə bilərik, ancaq danışıqların nəticəsi Cənubi Qafqazda balansı pozmamalıdır, çünki burada geo-siyasi maraqları olan ölkələr Azərbaycanın həqiqi düşməninə çevrilə bilərlər...
-Bəs ABŞ-ın yüksək vəzifəli rəsmisinin sözügedən səfərlərindən konkret olaraq Azərbaycan üçün, “Tramp yolu” adlandırılmış və ABŞ-ın Ermənistanla razılaşdırdığı “TRİPP” layihəsinin əsası olan Zəngəzur yolunun açılması üçün nələr gözləyirsiz?
- Əvvəl-axır Zəngəzur yolu açılmalıdır. Bu yolun açılması ABŞ-ın, Azərbaycanın və Ermənistanın maraq dairəsindədir. Ən əsası odur ki, bu, Cənubi Qafqazda sülhün, əmin-amanlığın təminatı, regionun sürətli inkişafı deməkdir. Əlbəttə ki, ABŞ-la bağlanılmış saziş vitse-prezident Dey Ci Vensə səlahiyyət verir ki, iki ölkənin rəhbərləri ilə danışıqdan sonra yolun işləməsinə xeyir-dua versin...
-Yəqin ki, İran məsələsi ilə bağlı da müzakirələr olacaq?
- Şübhəsiz. Çünki bu saat ABŞ-İran qarşıdurması ən yüksək həddə çatıb. Vitse-prezident Dey Ci Vensin prezident İlham Əliyevlə İranla bağlı müzakirələr aparacağı haqda sosial şəbəkələrdə də məlumatlar yayılmaqdadır. İnanırıq ki, dövlət başçımızla ilk növbədə Cənubi Qafqazda sülhün tamlığı ilə bərpa olması və tranzit yollarının işləməsi ilə bağlı ciddi danışıqlar aparılacaqdır. Hesab edirəm ki, Azərbaycan rəhbəri Vensin İranla bağlı heç bir təklifi ilə razılaşmayacaq və nəticədə ABŞ-la İranın toqquşmasının qarşısını almaqda ciddi rol oynayacaq...
Vitse-prezident Dey Ci Vens və onun ətrafı yaxşı bilirlər ki, İranla müharibəyə getmək, dünya müharibəsinə gətirib çıxarar. Odur ki, Prezidentimiz geo-siyasi balansı saxlamağın vacibliyini və regionun inkişafı üçün tranzit yollarının işləməsinin, o cümlədən, ABŞ-ın bu layihələrə qoşulmasının ancaq sülh şəraitində həyata keçirilməsinin mümkünlüyünü Vensə başa salacaq. İnanırıq ki, Amerikanın yüksək vəzifəli rəsmisi Prezidentimizin arqumentləri ilə razılaşacaq və bu görüş Azərbaycan – ABŞ münasibətlərində yeni səhifə açacaq ...