Bizi sosial şəbəkələrdən izləyin:
“ABŞ vitse-prezidenti Ci Dey Vensin Azərbaycan və Ermənistan gözlənilən səfəri zamanı da bu məsələnin müzakirəsi mümkündür..."
Beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı Moderator.az-a açıqlamasında son günlər Rusiyanın "Tramp yolu" – "TRİPP" layihəsinə qoşulması cəhdləri haqda yayılan informasiyalarla bağlı fikirlərini bölüşüb. O bildirib ki, bu məsələyə yalnız Ermənistan hakimiyyəti deyil, zamanı gələndə Azərbaycan Respublikası da ciddi etiraz etməlidir.
"Yalnız Ermənistan hakimiyyəti deyil, zamanı gələn də Azərbaycan Respublikası da bu məsələyə etiraz etməlidir. Rusiya üçün bu layihədə əsla yer yoxdur. Əgər gələcəkdə də belə bir təşəbbüs olsa, buna qarşı ciddi reaksiyalar nümayiş etdirilməlidir", – deyə analitik qeyd edib.
O, ABŞ və Rusiya arasında bu məsələdə danışıqların aparıldığını, lakin hazırda Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə, bu cür razılaşmaların mümkün olmadığını vurğulayıb:
"Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasının nümayəndələri, xüsusən Trampın biznesmen nümayəndəi Vitkof vasistəsilə bu məsələlər üzərində müzakirələr aparırlar. Lakin mən inanmıram ki, Tramp xüsusən Rusiya-Ukrayna münaqişəsinin hələ davam etdiyi bir dönəmdə və ümumiyyətlə, Rusiyanın onun adına olan layihəyə qoşulmasına razılıq versin. Amma, təbii ki, necə deyərlər, Trampın ipinin üstə odun yığmaq mümkün deyil. Bəlkə də gələcəkdə hansısa alver, anlaşma müqabilində Putin buna razılıq ala bilər. Hətta ABŞ vitse-prezidenti Ci Dey Vensin Azərbaycan və Ermənistan gözlənilən səfəri zamanı da bu məsələnin müzakirəsi mümkündür."
Teymur Qasımlı bir daha vurğulayıb ki, hətta əgər ABŞ, prezident Tramp Rusiyanın Zəngəzur yolu ilə bağlı layihədə iştirakına razılıq verərsə, Ermənistanla yanaşı, Azərbaycan və Türkiyə də qəti şəkildə buna etiraz etməlidirlər.
Sultan Laçın