“Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarının DTX tərəfindən məsuliyyətə cəlb olunması, milli qanunvericiliyimizə tam uyğundur”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Burada söhbət, yalnız Azərbaycan vətəndaşlarından gedir. Aydındır ki, həm Rusiyada, həm də Ukraynada kifayət qədər soydaşlarımız yaşayır və onların bir hissəsi həmin ölkələrin pasportunu daşıyırlar. Bu baxımdan, vətəndaşlıqları olanların, Azərbaycanda məsuliyyətə cəlb olunması qeyri-mümkündür. Təbii ki, onların yaşadıqları dövlətlər qarşısında hüquqi öhdəlikləri nəzərə alınır.
DTX-nin keçirdiyi əməliyyatlara, bir neçə aspektdən yanaşmaq lazımdır.
Birincisi, döyüş əməliyyatlarında iştirak edənlərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunması, Azərbaycan qanunlarının icrası, ikincisi, genofondun qorunması deməkdir.
Digər tərəfdən, müharibə ölüb, öldürmək deməkdir. Vuruşmaq üçün motivasiya olmalıdır. 44 günlük müharibədə xalqımız, Vətən torpaqlarının işğaldan azad olunması üçün, vahid yumruq kimi birləşdi. Müqəddəs ideya uğrunda, gənclərimiz ölümə getdi. Rusiya-Ukrayna müharibəsində isə, təsəvvür edin, hər iki tərəfdən azərbaycanlı vuruşur və nəyə görə ölümə getdiyini özü də bilmir. Bunun izahı yoxdur, sadəcə dəhşətdir.
Bir məsələni də məxsusi qeyd etmək istərdim. Müharibələrdə, döyüş əməliyyatlarında iştirak etmiş insanların əksəriyyətində müəyyən psixoloji pozğunluqların, bəzilərində isə, psixi problemlərin olduğu hər kəsə məlumdur. Ona görə də, bu kateqoriyalardan olan şəxslərin mülki həyata, cəmiyyətə inteqrasiyasını təmin edən bərpa mərkəzlərində müalicə keçmələri mütləqdir. Müalicə-bərpa kurslarını keçməyən müharibə əlilləri, veteranlar, əlavə problemlərdir.
Cəmiyyətin kriminogen durumuna təsir edirlər. DTX-nin keçirdiyi əməliyyatlar, cəmiyyət tərəfindən müsbət qiymətləndirilir və heç şübhəsiz, bu yola getmək istəyənlər üçün düşündürücü, təsirli nümunədir. Hesab edirəm ki, bu istiqamətdə təbliğat xarakterli işlər aparılmalıdır”.
Seymur ƏLİYEV