Ekskluziv
204
15:03, Bu gün

"Mənəviyyat, yoxsa pullar: Gələcək nəsillər bunu rüsvayçılıq kimi xatırlayacaq" - Hikmət Cavad

 
İdmanda "neytrallıq" mifinin sonu...
 
"2022-ci il fevralın 24-dən sonra Rusiya klubları və milli komandalarının beynəlxalq turnirlərdən uzaqlaşdırılması dünya idmanında nadir hallarda rast gəlinən bir qərar idi". 
 
Moderator.az xəbər verir ki, bu barədə "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu" Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavad "gordonua.com" nəşrində yazıb.
 
Kənarlaşdırma - siyasi jest yox, mənəvi zərurət
 
"Bu addım təkcə siyasi mövqe deyil, mənəvi baxımdan qaçılmaz seçim kimi qəbul olundu. FIFA və UEFA açıq şəkildə etiraf etdi: qonşu ölkəyə qarşı genişmiqyaslı müharibə başladan dövlət sanki heç nə baş verməmiş kimi adi idman həyatını davam etdirə bilməz.
 
Lakin FIFA prezidenti Canni İnfantino sonradan bu qərarın yumşaldıla biləcəyinə eyham vurdu. Onun "Sky News"-a verdiyi müsahibədə "qadağaların nəticə vermədiyi" və futbolun guya "siyasətdən asılı olmayaraq ölkələr arasında əlaqələri qoruduğu" barədə fikirləri ciddi narazılıq doğurdu.
 
Sibiqanın sərt cavabı və böyük futbolun həqiqi siması
 
Ukrayna xarici işlər naziri Andrey Sibiqanın reaksiyası emosional olduğu qədər də sarsıdıcı idi. "679 ukraynalı uşaq artıq heç vaxt futbol oynaya bilməyəcək - onları Rusiya öldürüb… Gələcək nəsillər bunu 1936-cı il Olimpiya Oyunlarını xatırladan bir rüsvayçılıq kimi qiymətləndirəcək", - deyən Sibiqa əslində idmanın üzləşdiyi mənəvi uçurumu açıq şəkildə ifadə etdi.
 
O, tam haqlıdır. Amma acı həqiqət ondadır ki, İnfantino üçün mənəviyyat heç vaxt əsas meyar olmayıb. Böyük futbol dünyasında prioritetlər pullar, təsir dairəsi və kommersiya maraqlarıdır. Qətərdə keçirilən və yerli şeyxlərin istəyi ilə qışa salınan 2022-ci il dünya çempionatı bunun ən parlaq nümunəsidir. İstək varlı sifarişçidən gəlibsə, FIFA həmişə uyğun "həll yolu" tapır.
 
Pulun ədalətə qalib gəldiyi sistem
 
FIFA artıq çoxdan idman dəyərlərini qoruyan institut deyil, maliyyə axınlarını idarə edən qlobal korporasiyadır. Zep Blatter dövrünün korrupsiya qalmaqalları, dünya çempionatının Rusiyaya verilməsi, Mişel Platini ilə bağlı qalmaqallar illərlə beynəlxalq futbolun "kim ödəyirsə, musiqini də o sifariş edir" prinsipi ilə işlədiyini göstərdi.
 
Bu yanaşma yalnız Rusiya-Ukrayna müharibəsi ilə məhdudlaşmır. Ermənistanın illərlə Azərbaycanın ərazilərinin 20 faizini işğal etdiyi dövrdə nə UEFA, nə də FIFA tərəfindən kənarlaşdırılmaması da eyni ikili standartların göstəricisidir. İdman dünyası müharibələri və insan faciələrini görməzliyə vuraraq "öz qaydaları" ilə yaşamağa davam edib.
 
Bu səbəbdən İnfantinonun "əlaqələrin qorunması" barədə çağırışları riyakar səslənir. Rusiya hələ də öldürür, şəhərləri dağıdır və ukraynalı uşaqların gələcəyini əlindən alırsa, onu beynəlxalq idmana qaytarmaq cəhdləri yalnız bir məna daşıyır: pul yenə də ədalətə qalib gəlir.
 
Futbol xalqlar arasında körpü ola bilər. Amma o, təcavüzkarı bəraətləndirmə alətinə çevrildiyi anda bu funksiyasını itirir. Əgər idman dünyası həqiqətən mənəvi dayaqları qorumaq istəyirsə, unutmamalıdır: bəzən kənarlaşdırma siyasət yox, sadəcə, insan vicdanıdır.
Link kopyalandı!
Son xəbərlər