“5 qat xəstəliyə tutulan insanlar bizim teatrda çalışır, müalicəsi də yoxdur” - FOTO+ÖZƏL
Ekskluziv
1444
09:55, Bu gün

“5 qat xəstəliyə tutulan insanlar bizim teatrda çalışır, müalicəsi də yoxdur” - FOTO+ÖZƏL

“Dekabr ayının 24-də teatrımızın binasının açılışı oldu. Şəraiti gözəldir, mükəmməl təmir olunub. Bizim heç vaxt qrim otağımız olmayıb. İndi yavaş-yavaş özümüzü aktyor kimi hiss edirik. Çünki öz teatrımızda, öz qrim otağımızda hazırlaşırıq, məşqlər edirik. Yaxın günlərdə yeni tamaşaların premyerası gözlənilir. Rejissor Gümrah Ömərin quruluşunda “Lənkəran xanının vəziri” tamaşası təhvil verilmək ərəfəsindədir. “Qaraca qız” əsəri də premyera ərəfəsindədir. “Romeo və Cülyetta” əsərinin də oxunuşlarına başlamışıq. Teatrımızda yeni-yeni tamaşalarımızın hazırlıqlarına başlanılıb”.
 
Bunu Moderator.az-a açıqlamasında İrəvan Dövlət Azərbaycan Dram teatrının aparıcı aktyoru Niyaməddin Səfərəliyev deyib.
O daha sonra əlavə edib:
 
“25 ildir ki, bu teatrda çalışıram. Rastlaşmadığımız, yaşamadığımız çətinliklər qalmayıb. 25 ili teatr soyuqda, nəmiş zirzəmilərdə, bir otaqlı yerlərdə məskunlaşıb. Sarabski adına mədəniyyət evindən tutmuş indiki binamızın təmirsiz vəziyyətinə qədər məskunlaşmışıq. İrəvan teatrı bütün həyatını təkərlər, qastrollar üzərində yaşayıb. Eyni zamanda da yaradıb. Bilirsiniz ki, teatr yaratmasa yaşaya bilməz. İrəvan teatrının yaşadığı çətinlikləri teatrlarımızdan heç biri yaşamayıb. Nəhayət son anda öz binasına qovuşdu”.
Niyaməddin Səfərəliyev bildirib ki, teatrda yalnız fədakar insanlar çalışa bilər:
 
“Teatr sənəti həm qəlizdir, həm də xəstəlikdir. Elə bir xəstəlikdir ki, müalicəsi də mümkün deyil. Mən belə düşünürəm. Bu xəstəlik əgər bir insanın qanına keçdisə, ondan qurtulmaq mümkün deyil. Teatrda çalışanlar çox böyük fədakar insanlardır. Sözün əsl mənasında sənətkar adına layiq olanlardır. Bütün çətinliklərə baxmayaraq dözüb, bu xəstəliyə düçar olub çalışırlarsa bu bir fədakarlıqdır. 5 qat xəstəliyə tutulan insanlar isə bizim teatrda çalışırlar. Hər kəs teatrda çalışıb, tab gətirə bilmir. Teatrda çalışanların maddi durumlarını da bilirsiniz, aldıqları məvacibləri də. Bunu şikayət üçün demirəm. Bu ömür boyu belə olub, indi də belədir və belə də davam edir. Heç kim teatrda maddiyata görə çalışmır. Yaxşı mənada teatr xəstəliyinə tutulan insanlar orada çalışır”, - deyə aktyor bildirib.
Link kopyalandı!
Son xəbərlər