Yad torpaqlarda doğma insanların ölümünə son!
Ekskluziv
177
18:12, Bu gün

Yad torpaqlarda doğma insanların ölümünə son!

DTX genefondumuzun keşiyində…

Məlum olduğu kimi, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  ictimaiyyətə verdiyi məlumatda deyilir:

“Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir.

Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir”.

DTX-nın verdiyi məlumatdan da göründüyü kimi, xeyli sayda azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub, Azərbaycandan uzaqda yad maraqlar uğrunda həyatlarından keçiblər. Bu isə sadəcə qanun pozuntusu deyil, həm də Azərbaycan xalqının genefondunun təhlükə altında olması deməkdir. Çünki gənc nəslin hər hansı səbəbdən Rusiya-Ukrayna müharibəsində yer alması, bu döyüşlərdə həyatını itirməsi Azərbaycan qanunvericiliyinə zidd olmaqla yanaşı, həm də dövlətimizin demoqrafik siaysətinə, onun müdafiə qabiliyyətinə, təhlükəsizlik maraqlarına ziddir.  Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarını məsuliyyətə cəlb etməsi genefondumuzun qorunması, insanlarımızın həyatının xilası baxımınan mühüm əhəmiyyətə malikdir.

Onu da unutmaq olmaz ki, müharibələrdə iştirak edən şəxslərin bir çoxu döyüşlərdə ağır psixoloji travma alır, bu travmaların nəticəsi bəzi hallarda özünü mülki həyatda ən ağır formada büruzə verir. Nəticədə, bu şəxslərin bəzisi intihar edir, bəzisi isə digər şəxslərə qarşı ciddi aqressiya sərgiləyirlər. Bu baxımdan DTX-nın Rusiya-Ukrayna müharibəsində iştirak edən vətəndaşları məsuliyyətə cəlb etməsi ilk növbədə  bu şəxslərin həyatının xilasına, həmçinin, cəmiyyətin təhlükəsizliyinin təmininə xidmət edir. Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, DTX-nın proseslərə müdaxiləsi bu tendensiyanı əhəmiyyətli dərəcədə azaldacaq, Azərbaycan insanının yad torpaqlarda ölümünə son qoyacaq.

Unutmaq olmaz ki, qanun Azərbaycan vətəndaşlarına qanunsuz silahlı birləşmələrə qatılmağı, digər ölkələrdə gedən müharibələrdə iştirak etməyi qadağan edir. Ümid edirik ki, gənclərimiz heç olmasa bundan sonra başqa ölkələrdə gedən hərbi əməliyaytlara qatılmayacaq, hər zaman hər yerdə yalnız Azərbaycanın maraq və mənafeyi uğrunda mübarizə aparacaq. Həm də qanun çərçivəsində...

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər