“Gənclər Vətən müharibəsindəki tarixi zəfərimizə böyük töhfələr verib”
Ekskluziv
254
15:23, Bu gün

“Gənclər Vətən müharibəsindəki tarixi zəfərimizə böyük töhfələr verib”

“Bizim üçün qürurvericidir ki, bu gün biz qalib gənclərlə bir yerdəyik. Bu gün Azərbaycan gəncləri öz vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı, elmi-intellektual potensialı, ən müxtəlif sahələrdə əldə etdikləri uğurlarla bütün dünyada tanınmaqda, sevilməkdədir. Bütün bunlar Azərbaycan gəncliyinin mübarizliyindən, zəhmətkeşliyindən, novatorluğundan xəbər verir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatınnı sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlətin diqqət və qayğısı gənclərə özlərini inkişaf etdirmək, daha böyük uğurlar əldə etmək üçün əlverişli zəmin formalaşdırır:

“Bu bir tarixi həqiqətdir ki, Azərbaycan gəncləri hər zaman dövlətin diqqət və qayğısını öz üzərində hiss edib, bu qayğı sayəsində uğur və inkişaf yolunda qətiyyətlə addımlayıblar. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən etibarən hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi dövlətimizin ölkə gəncliyinə verdiyi önəm və diqqətin təzahürüdür. Bu fakt sübut edir ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə cəmiyyətin və dövlətin əsas hərəkətverici qüvvəsi kimi böyük əhəmiyyət vermiş, gənclərimizin inkişafı üçün əlindən gələni əsirgəməmişdir.

Prezident İlham Əliyev də hər zaman gənclərə mütəmadi diqqət göstərib, onların xarici ölkələrdə təhsil almasına, özlərini elm, idman və s. sahələrdə daha yaxşı inkişaf etdirmələrinə şərait yaradıb.

Bu gün Azərbaycanda dövlət idarəçiliyində  xeyli sayda gənc təmsil olunur ki, bunun özü Prezidentimizin gənclərə olan inam və etimadından, ölkəmizin gənclərlə bağlı siyasətindən xəbər verir. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbəmizə verdiyi tarixi töhfə hər zaman Müzəffər Ali Baş Komandan tərəfindən təqdirlə qarşılanıb, dövlət başçısı öz çıxışlarında bu mövzuya xüsusi önəm verib. Bu gün dövlətimizin gənclərimizə yaratdığı şərait, eləcə də gənclərimizin milli-mənəvi dəyərlərə bağlılıq səviyyəsi, yüksək intellektuallığı onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi bundan sonra da öz uğurları ilə bizi sevindirməkdə davam edəcək, respublikamızın inkişafına, anti-Azərbaycan qüvvələrinin ifşasına böyük töhfələr verəcək”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər