Onkoloji xəstəliklər uşaqları niyə “yeyir”? – Qorxunc statistika, genefond üçün ciddi təhdid!
Ekskluziv
724
20:39, Bu gün

Onkoloji xəstəliklər uşaqları niyə “yeyir”? – Qorxunc statistika, genefond üçün ciddi təhdid!

Parlamentin 3 fevral 2026-cı il tarixli iclasında deputat Hicran Hüseynova olduqca narahatverici bir fakta diqqət çəkib. Millət vəkili qeyd edib ki, statistika son illər uşaqlar arasında onkoloji xəstəliklərin sayının sürətlə artdığını göstərir:

“Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21088 nəfər, 2024-cü ildə 73 875 nəfər olub. 24 il ərzində bu rəqəmlə təxminən 3,5 dəfə artıb. Ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10,6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricilərdir. Və əlbəttə ki, bir mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaq, bu sahədə tibbi resursların artmasına səbəb olacaq”.

Göründüyü kimi, millət vəkili son 14 ildə uşaqlar arasında onkoloji xəstəliklərin sayının 2 dəfə artdığını vurğulayıb. Bu, olduqca böyük və sarsıdıcı rəqəmdir. Məlum rəqəm genefondumuzun təhdid altında olduğunu, mövcud vəziyyətə sərt və prinsipial şəkildə müdaxilə etməyin vacibliyini göstərir.

Nəticə ilə yox, səbəblərlə mübarizə aparmalıyıq...

Millət vəkili çıxışında onkoloji xəstələrin müalicəsinə özəl klinikaların da cəlb edilməsinin vacibliyini vurğulayıb və haqlı olaraq qeyd edib ki, bu, növbələrin azalmasına, müalicə üçün daha əlverişli şəraitin yaranmasına səbəb olacaq. Lakin burada müzakirəyə çıxarılması və üzərində işlənliməsi gərəkən əsas məsələ bu deyil. Əsas məsələ 14 il ərzində uşaqlar arasında onkoloji xəstəliyin niyə bunca sürətlə artması, iki mislinə çıxması faktının araşdırılmasıdır. Çünki bu tendensiya uşaq və yeniyetmələrimizin həyatı ilə yanaşı, həm də xalqımızın gələcəyi ilə bağlı ciddi  təhdiddən xəbər verir. Xəstəliyin artım tempi onu deməyə əsas verir ki, sözügedən tendensiyaya müdaxilə olunmazsa, o zaman yaxın gələcəkdə vəziyyət daha qorxunc və idarəolunmaz ola bilər.

Bu səbəbdən də biz nəticə ilə deyil, səbəblərlə mübarizə aparmalı, uşaqlar arasında onkoloji xəstəliklərin niyə bu qədər artmasının kökünü aydınlaşdırmalıyıq. Yalnız bu səbəbləri öyrənmək və aradan qaldırmaqla nəticəni dəyişmək, yaxşılaşdırmaq mümkündür. Belə olarsa, xəstəxanaların sayını artırmağa, növbə probleminin həlli üçün yollar axtarmağa, uşaq və valideynlərin gözlərindəki çarəsizliyə qatlaşmağa da ehtiyac qalmaz.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər