“Si Cinpin və Putinin Venesueladakı kimi İranda da Trampa güzəştə gedəcəklərini düşünmürəm...”
Ekskluziv
747
19:49, Bu gün

“Si Cinpin və Putinin Venesueladakı kimi İranda da Trampa güzəştə gedəcəklərini düşünmürəm...”

“Görünən odur ki, hədəfli və məqsədli zərbələr də ciddi risklər doğurmaya bilməz...”
 
"Tramp üçün İranda etirazçıların taleyi, hətta İsrailin təhlükəsizliyi məsələləri də o qədər əhəmiyyət kəsb eləmir..."
 
“İranla -ABŞ arasında müharibə riski gərginliyi təkcə bölgə ölkələrini deyil, ümumilikdə beynəlxalq aləmi həyəcanlı durumda saxlamaqdadır. Baxmayaraq ki, diplomatik kanallar hələ tam açıqdır, müxtəlif cəhdlər və təşəbbüslər göstərilməkdədir. Çalışılır ki, müharibədən qaçmaq və gərginliyi azaltmaq mümkün olsun.  Əgər ABŞ regiona böyük bir hərbi güc cəmləyibsə, bunun sonu yaxşı görünmür. Gərginlik hər nə qədər təhlükəli həddə gəlib çatsa da, görünən odur ki, nə ABŞ, nə İran, nə də bölgə ölkələri eskalasiyada maraqlı deyillər və bunun da dağıdıcı təsirlərini nəzərə almaya bilməzlər.” 
 
Siyasi şərhçi Əli Orucov bu fikirləri Moderator.az-a açıqlamasında “Necə hesab edirsiz, Çin və qismən Rusiyanın molla rejiminə mümkün dəstək amilini də nəzərə alsaq, ABŞ lideri Donald Tramp yanız İranın hərbi və iqtisadi infrastrukturuna dəqiq raket və dron zərbələri endirməklə qarşıya qoyduğu məqsədlərə çata bilərmi?” sualını cavablandırarkən ifadə edib.
 
“12 günlük müharibə İrana bir dərs oldu. Tehran rejimi anlayırdı ki, Tramp onun yaxasından əl çəkməyəcək. Ona görə yox ki, nüvə və raket proqramları, proksi-qüvvələrini dəstəkləmək kimi məsələlər ABŞ üçün aktuallıq və vazkeçilməz hal kəsb edir. Tehran-Vaşinqton qarşıdurmasının kökündə dünya neft və qaz ehtiyatlarının 15-20 faizinə malik, mühüm tranzit xətlərinin keçdiyi İrana total nəzarət dayanır. Birləşmiş Ştatlar prezident Maduronu oğurlamaqla Rusiyanı və Çini Venesueladan faktiki çıxarır. Latın Amerikası ölkələri üzərində davamlı basqılar qalır. ABŞ Qrenlandiyaya iddia etməklə Arktikada fəal tərəfdaşlıq edən Rusiya və Çinə qarşı plasdarm hazırlamağa çalışır. Tramp üçün İranda etirazçıların taleyi, hətta İsrailin təhlükəsizliyi məsələləri də o qədər əhəmiyyət kəsb eləmir”, - deyə davamında həmsöhbətimiz bildirib.  
 
Siyasi şərhçi hesab edir ki, Pekin və Moskva İrana geostrateji dövlət və nizamlayıcı faktor kimi yanaşdığından Xameneini yalnız buraxacaqları inandırıcı deyil:  
 
“Üstəlik də Çin və Rusiyanın İran üzərindən milyardlara dəyərində olan mühüm layihələri var. Ona görə də hesab etmirəm ki, Venesuelada uğradıqları itkiləri kimi Si Cinpin və Putin bu dəfə də Trampa güzəşt edəcəklər. Əgər müharibə başlayarsa, Çin və Rusiya ABŞ-la birbaşa toqquşmaya girməyəcəklər. Ancaq İranın döyüş və müdafiə qabiliyyətini artırmaq, Birləşmiş Ştatlara daha çox zərər vurmaq üçün silah, sursat, radioelektron mübarizə, informasiya, kəşfiyyat və s. kimi dəstəyi göstərəcəkləri şübhə doğurmur...” 
 
“Trampın İranda ilişməsi həm şəxsi olaraq onun özünə, həm beynəlxalq nüfuzuna, həm də Ağ Evin strateji bölgələrdəki mövcudluğuna ziyan vuracaq. Məncə, müharibə dünya iqtisadiyyatında bir kollaps yaradar ki, bu ABŞ müttəfiqləri üçün də arzuolunan deyil. Odur ki, indiki mürəkkəb durumda İran-ABŞ müharibəsinin nə zaman baş verəcəyi, ümumiyyətlə, baş verəcəyi ilə bağlı konkret proqnozlar vermək çətindir. Ancaq onu qəti deyə bilərik ki, artıq beynəlxalq nizamda Çinin önəmi getdikcə daha çox artmaqdadır. İranın da bəyan etdiyi kimi, hər hansı bir hücum müharibə kimi qəbul olunacaq və bu genişmiqyaslı dağıdıcı hərbi əməliyyatlara gətirib çıxara bilər. Faktiki olaraq görünən odur ki, hədəfli və məqsədli zərbələr də ciddi risklər doğurmaya bilməz”, -deyə Əli Orucov diqqətə çatdırıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər