Bizi sosial şəbəkələrdən izləyin:
Beynəlxalq münasibətlər sistemində gərginliyin pik həddə çatdığı bir mərhələdə Yaxın Şərqdə qüvvələr balansı getdikcə daha həssas və kövrək xarakter alır. Siyasi qərarların birbaşa hərbi və təhlükəsizlik müstəvisinə transfer olunduğu indiki şəraitdə diplomatik mexanizmlər tərəflər üçün son və ən riskli manevr vasitəsi kimi qiymətləndirilir. Qlobal və regional təhlükəsizlik risklərinin artması fonunda atılan hər bir addım yalnız münaqişə tərəflərini deyil, eyni zamanda beynəlxalq enerji bazarlarını və ümumi geosiyasi sabitliyi də ciddi şəkildə təsirləndirir.
Məhz bu kontekstdə son günlər ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatları ətrafında yaranan gərginlik əsas müzakirə mövzusuna çevrilib. Regional eskalasiyanın genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar artarkən, bu qarşıdurmanın Yaxın Şərqdə təhlükəsizlik balansına və qlobal enerji bazarlarına hansı nəticələr doğura biləcəyi sualı aktuallaşır. Eyni zamanda diplomatik mexanizmlərin hələ də işə düşüb-düşmədiyi və hərbi ssenarinin qarşısının alınıb-alınmayacağı əsas mübahisə predmetidir.
Moderator.az bu suallar ətrafında mövcud vəziyyətlə bağlı politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, hal-hazırda hər iki tərəf hazırlıq vəziyyətindədir və hərbi eskalasiyaya tam hazırdır:
"Sonuncu mərhələdə ciddi cəhdlər edilir ki, proses diplomatik müstəvidə həll olunsun. Tərəflərin və əsasən də ABŞ-ın fəal hərbi addımlara keçməməsinin əsas səbəbi ondan ibarətdir ki, belə bir ssenari proqnozlaşdırılmayan nəticələr doğura bilər. Bu isə həm regionda təhlükəsizlik balansına, həm də qlobal neft qiymətlərinə ciddi təsir göstərə bilər".
Politoloqun sözlərinə görə, məhz bu risklər hazırda tərəfləri daha ehtiyatlı davranmağa vadar edir:
"Bu səbəbdən hazırda tərəflər mövcud riskləri ölçüb-biçir və son diplomatik cəhdlər üçün müəyyən imkan və şərait yaradırlar. Lakin ziddiyyətlər o qədər dərin, strateji məqsədlər isə bir-birindən o qədər fərqlidir ki, hərbi eskalasiyanın qarşısının alınmasından deyil, sadəcə onun müvəqqəti olaraq ertələnməsindən danışmaq mümkündür. Bu proses artıq ehtimal xarakteri daşımır və qaçılmaz hesab olunur. Müzakirə edilən yeganə məsələ onun nə vaxt baş verəcəyidir".
Pərvin Şakirqızı