“Çöhrəqanlı ilə birbaşa əlaqə yaratmaq cəhdlərim nəticəsiz qalıb... Ona görə də...”
Ekskluziv
837
14:04, Bu gün

“Çöhrəqanlı ilə birbaşa əlaqə yaratmaq cəhdlərim nəticəsiz qalıb... Ona görə də...”

"Mahmudəli Çöhrəqanlıya valilik təklif edən “vəliəhd şahzadə” adlanan Rza Pəhləvinin axırı necə olacaq?.."
 
"ABŞ-a loyal alternativ bir lider axtarışlarının getdiyi iddia olunur. Əgər bu istiqamətdə səslənən məlumatlar doğrudursa, yaxın dövrdə həmin fiqurun kimliyinin ortaya çıxması mümkündür. Lakin..."
 
“Hər şeydən əvvəl onu deyim ki, Pəhləvinin Çöhrəqanlıya valilik təklifi maraqlı bir xəbərdir, amma bu cür məlumatlara bir qədər ehtiyatla yanaşmaq vacibdir.  Xüsusilə də xəbərin “xarici mediaya istinad” kimi ümumi ifadələrlə təqdim olunması, konkret mənbələrin göstərilməməsi və müstəqil təsdiq imkanlarının məhdudluğu belə iddiaların etibarlılığını sual altına alır. Mən şəxsən mövzunu daha dərindən anlamaq üçün fərqli kanallar vasitəsilə bu məlumatı yoxlamağa çalışdım, lakin iddiaları təsdiqləyən etibarlı əlavə mənbələr əldə etmək mümkün olmadı.” 
 
Moderator.az-a açıqlamasında ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli “Sizcə, mediada yayılan məlumatlara görə, Mahmudəli Çöhrəqanlıya valilik təklif edən “vəliəhd şahzadə” adlanan Rza Pəhləvinin axırı necə olacaq?” sualını cavablandırarkən söyləyib.
 
“Qeyd etməliyəm ki, Mahmudəli Çöhrəqanlı ilə keçmişdə müəyyən ünsiyyətim və tanışlığım olub. Lakin son dövrlərdə onunla birbaşa əlaqə yaratmaq cəhdlərim nəticəsiz qalıb. Bu səbəbdən yayılan açıqlamalarla bağlı mövqeyini birbaşa özündən dəqiqləşdirmək imkanım olmayıb. Bu faktın özü də mövzuya münasibətdə ehtiyatlı və məsuliyyətli yanaşmanı zəruri edir.
 
Digər tərəfdən, məsələni daha geniş siyasi kontekstdə dəyərləndirdikdə bəzi məqamlar aydın görünür. Əgər Mahmudəli Çöhrəqanlının məqsədi mövcud və ya alternativ hər hansı hakimiyyət çərçivəsində rəsmi vəzifə tutmaq olsaydı, o, bunu indiyədək müxtəlif mərhələlərdə həyata keçirə bilərdi. Onun indiki İran rejiminə tabe olmaması və bu mövqeyinin səbəbləri isə ictimaiyyətə yaxşı məlumdur”, -deyə davamında siyasi şərhçi bildirib.
 
Alim hesab edir ki, Çöhrəqanlının siyasi baxışları və idealları uzun illərdir açıq şəkildə ifadə olunub və bu baxımdan onun prinsiplərindən geri çəkilməyən, əqidə məsələsində kompromisə getməyən bir fiqur kimi tanındığı sirr deyil: 
 
“Belə bir siyasi xəttə sahib olan şəxs üçün İranda iqtidarda konkret olaraq kimin olması ikinci dərəcəli məsələdir. Onun üçün əsas olan hakimiyyət fiqurları deyil, siyasi sistemin mahiyyəti və Güney Azərbaycanın gələcəyinin necə müəyyən olunacağıdır.
Məhz bu səbəbdən də Güney Azərbaycan kimi mürəkkəb tarixi yaddaşa və güclü milli-siyasi kimliyə malik bir bölgənin gələcəyinin fərdi təyinatlar, qeyri-şəffaf siyasi razılaşmalar və ya simvolik vədlər üzərindən qurulması real görünmür. Tarixi yaddaş, etimad problemi və demokratik legitimlik kimi fundamental məsələlər həll olunmadan istənilən siyasi layihənin uzunmüddətli uğur qazanması mümkün olmayacaq. Regionun gələcəyi yerli xalqın iradəsindən, açıq siyasi proseslərdən və legitim nümayəndəlik mexanizmlərinin yaradılmasından asılıdır...”  
 
“Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, son bir neçə onillik ərzində Güney Azərbaycandan xaricə kifayət qədər genişmiqyaslı miqrasiya prosesi baş verib. Buna baxmayaraq, bu gün həmin diasporanın nə vahid və güclü siyasi təşkilatı, nə də geniş konsensus yarada bilən vahid liderliyi formalaşıb. Əgər bu gün müəyyən xarici dairələr İran daxilində mövcud siyasi sistemi əvəz edəcək alternativ lider və ya model axtarışındadırsa və bu ehtimal olunan namizədlər sırasında azərbaycanlı bir fiqur yoxdursa, bu faktın özü ayrıca bir siyasi təşkilatlanma problemi kimi dəyərləndirilməlidir”, - həmsöhbətimiz diqqətə çatdırıb.
 
“Nəhayət, mövcud müzakirələr fonunda belə iddialar da səslənir ki, ABŞ artıq Pəhləvini bu prosesin əsas gələcək siyasi lideri kimi görmür və onun bu qədər mürəkkəb və ağır siyasi yükün altından qalxa biləcəyinə inam xeyli zəifləyib. Bu kontekstdə daha geniş ictimai dəstək toplaya bilən, həm birləşdirici xüsusiyyətlərə malik, həm də mövcud siyasi hərəkatlarla uzlaşa bilən, eyni zamanda ABŞ-a loyal alternativ bir lider axtarışlarının getdiyi iddia olunur. Əgər bu istiqamətdə səslənən məlumatlar doğrudursa, yaxın dövrdə həmin fiqurun kimliyinin ortaya çıxması mümkündür. Lakin belə bir liderə ümumiyyətlə heç bir ehtiyac olmaya da bilər”, - deyə Əli Əskərli vurğulayıb.
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər