“Biz müxtəlif ləzzətlərə çıxış əldə etmişik, lakin daha vacib bir şeyi - məmnuniyyəti itirmişik...”
“Çoxları deyir: "Biz yalnız bir dəfə yaşayırıq, ona görə də hər şeyi sınamalı, dadına baxmalıyıq". Amma mən deməyi xoşlayıram ki, insan yalnız bir dəfə yaşayır, ona görə də həyatda hər şeyi deyil, yalnız ən yaxşılarıını: imanı, xeyirxahlığı və sevgini sınamalıdır...”
“Ruh üçün əsl həzz bağışlama, minnətdarlıq, sevgi, özünə və başqalarına qarşı şəfqət, Uca Tanrıya iman və ibadətdən (həm bədən, həm də ürəklə), Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) tərifindən, əzab çəkən qardaş və bacılara şəfqətdən, xoş düşüncələrdən və s. irəli gəlir.
Moderator.az tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın “Həzz və mənnunluq” başlıqlı növbəti qeyri-adi araşdırma yazısının tərcüməsini təqdim edir:
“Rəhman və Rəhmli Allahın adı ilə!
"Varlı o kəs deyil ki, bol sərvətə sahib olsun, sahib olduğu ləzzətlərdən heç vaxt bezməsin. Zəngin o kəsdir ki, Yaradanın lütfü ilə özünə heç bir qüsur gətirməyən bir xəzinəyə sahib olsun."
Əlişir Nəvai.
Möminin həyatı çox vaxt kənar müşahidəçilər tərəfindən sevincsiz və darıxdırıcı bir mövcudluq kimi qəbul edilir. "O qadağandır, bu qadağandır - davamlı qadağalar seriyası", - deyə onlar möminlərin davranışlarını narazılıq və canıyanma şərh edirlər. Düşüncənin uyğunsuzluğu və səthiliyi bu cür insanların həyatın əsl sevincini Uca Allaha təslim olmaqda və sevgidə görmələrinə mane olur. Əksər insanlar bir neçə dəqiqəlik zövq üçün sağlamlıqlarını, maddi, sosial və emosional rifahlarını məhv edərkən, möminlər insanın əldə edə biləcəyi ən yüksək şey - dünyəvi və əbədi xoşbəxtlik, ruhda harmoniya, qəlbdə və başqaları ilə sülh üçün lüzumsuz dünya malını qurban verirlər.

"Bu gün insan həzzi əylənməkdən ibarətdir. Əylənmək malların, əyləncənin, şouların, yeməyin, içkinin, siqaretin, insanların, mühazirələrin, kitabların, filmlərin istehlakından həzz almaq deməkdir, Bunların hamısı tükənir və mənimsənilir. Dünya - iştahımızın böyük bir obyektidir, böyük bir alma, böyük bir şüşə, böyük bir döş... Biz isə əbədi olaraq nəyisə gözləyən, əbədi olaraq nəyəsə ümid edən və əbədi olaraq məyus olan axmaqlarıq ", - deyə məşhur psixoloq və sosioloq Erix From yazırdı.
Həqiqətən də, biz yeni bir şey yaratmaq fürsətini basdırmış istehlakçı cəmiyyətinə çevrilmişik. Və hətta yeni bir şey yaradılsa belə, bu, yalnız yenidən əylənmək və "istehlak etmək" imkanı üçündür: yeni telefon modelləri, planşetlər, kompüterlər, əyləncə attraksionları, müxtəlif kino formatları və s. Biz müxtəlif ləzzətlərə çıxış əldə etmişik, lakin daha vacib bir şeyi - məmnuniyyəti, məmnun qalmağı itirmişik...
Həzz və məmnuniyyət arasındakı fərq:
"Xoşbəxtliyi xarici nemətlərdə axtarmaq olmaz." "Yalnız ruh taleyimizə sığınacaq verir", - deyə Demokrit bildirib.
Qədim yunanlar ləzzət, həzz adlanan şeylə əsl xoşbəxtliyi təşkil edən şey arasında fərq qoyurdular. Yunan dilində xoşbəxtlik "evdeymoniya"dır. Bu yunan anlayışının məzmunu müasir həyat məmnuniyyəti anlayışına, taleyin, özünün və şəraitin dərin qəbul edilməsinə bənzəyir. Evdeymoniya əxlaq, xeyirxah xarakter və vicdanla əlaqələndirilirdi. Sokrat deyirdi: "Mənim üçün yalnız fəzilətli insanlar, istər qadın, istərsə də kişi olsun, xoşbəxtdir; ədalətsiz və pis niyyətli insanlar həmişə bədbəxtdirlər." "Evdeymoniya" sözü "cin" sözündən götürülmüşdür...
Yunanlar insanların qoruyucu bir cininin olduğuna inanırdılar. Heraklitə görə, "insanın əsl cininin xüsusi əxlaqi xüsusiyyəti var." Aristotel isə evdeymoniyanı yaxşı əməllərin ayrılmaz hissəsi hesab edirdi.
Təəssüf ki, müasir insanlar ləzzət axtarışında məmnuniyyəti itiriblər: şəhvətli həzzləri yaşamaq üçün çoxsaylı vasitələrimiz var, ruhi-mənəvi məmnuniyyət gətirən şey isə unudulur. Bu şəraitdə depressiyanın getdikcə daha çox insanı əhatə etdiyi və daha çox gəncləşdiyi təəccüblüdürmü? Nə kimyəvi maddələr, nə əyləncə, nə də müxtəlif yeməklər şəxsi və mənəvi inkişaf üçün "daxili stimul"un olmamasını kompensasiya edə bilməz ki, bu da, bəlkə də həmişə xoş olmasa da, insana daxili zənginlik və məmnunluq hissi verir.
Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "İnsanın sərvəti dünya mallarının zənginliyində deyil; əsl sərvət ruhun zənginliyidir."
Həzz sevinc gətirən və nəfsi qidalandıran şeydir. Buraya həm icazə verilən şeylərin həddindən artıq olması (yemək, yuxu, istirahət və s.), həm də qadağan olunmuş şeylərin istifadəsi (zina, dedi-qodu, spirtli içki və s.) daxildir. Məmnuniyyət isə insanın "mənəvi fitrətinə" sevinc gətirən şeydir: ürəyi işıqlandıran, onu sevgi və mehribanlıqla dolduran şey. Mənəvi məmnuniyyətə gedən yol həmişə qısa deyil; səy tələb edir və aldatma yolu ilə satın alına və ya əldə edilə bilməz...
Psixoloqlar deyirlər ki...
Sosial psixoloq Mixael Çiksenmixali hansı fəaliyyətlərin insanlara mənəvi məmnuniyyəti gətirdiyini müəyyən etmək üçün bir araşdırma aparıb. Məlum olub ki, insanları xoşbəxt edən fəaliyyətlərin çeşidi sadəcə çox böyükdür. Çiksenmixalinin respondentləri müxtəlif fəaliyyətlərin adlarını çəkiblər: meditasiyadan motosiklet yarışına, rəqsdən şahmata qədər. Bununla belə, tədqiqatçı bu fəaliyyətlərin hər birində bu və ya digər şəkildə mövcud olan ümumi xüsusiyyətləri müəyyən edə bilib:
• Situasiyanın çağırışı -çətinlik:
öz qarşına qoyulan tapşırıq kifayət qədər çətin olmalı və ustalıq tələb etməlidir.
• Diqqət.
• Məqsədin mükəmməl aydınlığı.
• Dərhal qarşılıqlı əlaqə, mükafat hissi.
• Xüsusi səy tələb etməyən işə tam yüklənmək.
• Vəziyyətə nəzarət hissi.
• Özünüdərk hissini itirilməsi.
• "Zamanın dayanması"...
Bu siyahıda insana fiziki həzz verəcək heç nə yoxdur, lakin bütövlükdə götürüldükdə, bu hisslər mənəvi məmnunluğu təmin edir və onu şəxsi və ya peşəkar inkişaf pillələrində qaldırır. Bu, hətta ağır fiziki iş də ola bilər, amma insan bunu şüurlu şəkildə, zövqlə edərsə, yorğunluq hiss etməyə də bilər.
Çiksentmixali yazır:
“Həzz - güclü bir motivasiya mənbəyidir, lakin bizdə daxili dəyişikliyə səbəb olmur. Bu, bizi təcili ehtiyacları ödəməyə, rahatlıq, komfort və istirahəti təmin etməyə sövq edən sırf mühafizəkar bir qüvvədir...
Məstlik (mənəvi məmnunluq), əksinə, həmişə xoş deyil; bəzən ağır stresslə əlaqələndirilir. Belə ki, alpinist yorğun, yarıdonmuş vəziyyətdə, dibsiz uçurumun kənarında ola bilər, lakin o, bu vəziyyəti başqa bir şeylə dəyişməzdi. Mavi okeanın sahilində xurma ağacının altında kokteyl içmək, şübhəsiz ki, daha xoş olardı, lakin bu zövq onun bu buzlu sıldırımın üzərində yaşadığı sevinclə müqayisə edilə bilməz.”
Nəcib məqsəd...
Mənəvi məmnunluq gətirən bir fəaliyyətin vacib elementlərindən biri də nəcib bir məqsəddir. Bir insanın işindən məmnunluq sevincini yaşaması üçün onun ali məqsədini və əhəmiyyətini başa düşməlidir. Möminin həyatı kontekstində Uca Tanrını razı salmaq və Onun adı ilə bir şey etmək istəyindən daha yüksək bir məqsəd ola bilməz. Hər hansı bir işin əvvəlində səmimi qəlbdən və Yaradan tərəfindən qəbul olunmaq ümidi ilə deyilən "Bismillah" sözü, bəlkə də, hər hansı bir yaxşı, xoşbəxtlik gətirən əməlin ən vacib hissəsidir...
Bizə mənəvi məmnuniyyəti nə gətirir?..
Mənəvi məmnuniyyət yalnız konkret hərəkətlərlə deyil, həm də daxili iş, nəfsin maneələrini dəf etmək və özünə qalib gəlməklə əldə edilir. İnsanın uzun müddətdir ki, içində saxladığı incikliyin bağışlanması məqamı gələndə yaşadığı xoşbəxtliyi xatırlayın. Yaxud həqiqəti kəşf etdikdə hiss etdiyi sevinci? Zahirən heç nə dəyişməmiş kimi görünür, amma qəlb işıqla nurlandırılır və insan daxildən çiçəklənir...
Eynilə, pis düşüncələr, pis niyyətlər, kin və nifrət insanı daxilən bədbəxt edir. O, zahiri işlərində uğurlu ola bilər, amma mənəvi vəziyyəti elədir ki, vəziyyətinin sevincini və lütfünü yaşamasına mane olur. Buna görə də, mənəvi məmnuniyyət yalnız əllərinin işi ilə deyil, həm də qəlbin işləri ilə bağlıdır.
Ruh üçün əsl həzz bağışlama, minnətdarlıq, sevgi, özünə və başqalarına qarşı şəfqət, Uca Tanrıya iman və ibadətdən (həm bədən, həm də ürəklə), Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) tərifindən, əzab çəkən qardaş və bacılara şəfqətdən, xoş düşüncələrdən və s. irəli gəlir. Davranışa gəldikdə isə, mənəvi məmnunluq yuxarıda göstərilənlərə əsaslanan və Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) sünnəsinə uyğun olan və Uca Tanrının razılığına yaxınlaşdıran hər şeydən irəli gəlir.

Çoxları deyir: "Biz yalnız bir dəfə yaşayırıq, ona görə də hər şeyi sınamalı, dadına baxmalıyıq". Amma mən deməyi xoşlayıram ki, insan yalnız bir dəfə yaşayır, ona görə də həyatda hər şeyi deyil, yalnız ən yaxşılarıını: imanı, xeyirxahlığı və sevgini sınamalıdır. Və qəribədir ki, bu şeylərin fiziki, hissi zövqlərlə az əlaqəsi var, lakin qəlbin həzzləri ilə, yəni daha uzun sürən və hər iki dünyada əks-səda verən mənəvi məmnuniyyətlə sıx bağlıdır. Bəs kim deyib ki, möminin həyatı darıxdırıcı və sevincsizdir?
Asya Qagieva”
Tərcümə və təqdim etdi:
Sultan Laçın